Məsumların İslamı

Bismillahir Rəhmanir Rəhim

Allah-Taala Öz peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in dininin kamil və tamam olmasını xəbər verdiyi, imamət və rəhbərlik məsələsinin o Həzrətin vasitəsi ilə Qədir Xumda elan olunduğu zaman Həzrət Əliyyibni Əbitalib (əleyhis-salam) möminlərin əmiri və o həzrətin canişini kimi təqdim edildi. Yəni Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in 23 ildə çəkdiyi bütün zəhmətlər, habelə bu müddətdə Quranın bütünlüklə nazil olması Əliyyibni Əbitalib (əleyhis-salam)-ın imamətinin elan olunması ilə öz məxsus mənasını tapdı. Əgər bir şəxs kamil İslam dininin arxasınca getmək istəsə, onda gərək Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in risaləti müddətində gətirdiyi Quran və başqa risalət məsələlərini qəbul etməklə yanaşı, Həzrət Əliyyibni Əbitalib (əleyhis-salam)-ın müqəddəs vücudunu Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in vəsi və canişini kimi tanısın; bilsin ki, Həzrətin vilayəti İslam dininin ayrılmaz bir hissəsidir. Yəni Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in peyğəmbərliyini qəbul etdiyi kimi, şəksiz Əliyyibni Əbitalib (əleyhis-salam)-ın vilayətini də qəbul etsin. Əgər bir şəxs onun vilayət və rəhbərliyini qəbul etməsə, İslamı və Peyğəmbəri qəbul etdiyini necə iddia edə bilər? Hansı ki, bu din Əmirəl-mömininin vilayəti ilə kamil olmuşdur. Onda gərək deyək ki, bu şəxs həqiqi İslamının yalnız bir qismini qəbul etmişdir.

Qeyd edək ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) özünün son vəsiyyətində buyurmuşdur:

 Mən iki ağır şeyi sizin içinizdə əmanət qoyuram: 1-Allahın Kitabını (Quran); 2-Əhli beytimi (Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) və onun övladları.)

Həzrətin məqsədi budur ki, bu iki əmanət heç vaxt bir-birindən ayrılmazlar; hərgah Quranı bəhanə edib sinələrinə vuranları görsəniz, (Səhabələrdən biri demişdir: həsbuna kitabullah–Allahın kitabı bizə bəsdir və Əhli-beytə ehtiyacımız yoxdur), bilin ki, yalançıdırlar və xalqı aldatmaq üçün Quranı bəhanə ediblər.

Beləliklə onlar Əhli-beyti işlərdən kənar edib, haqlarını tapdaladılar və onları ev dustağı etdilər. Onlar yalan deyirlər. Məsələn, Siffeyn döyüşündə Müaviyə Quran tərəfdarı olduğunu iddia edir, amma onu nizələrin başına taxır. Məhz bu yerdə Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam) buyurur: Bu Quranları oxlayın, Quranın natiqi (həqiqətlərini bəyan edən) mənəm, mən Quranın təcəssümüyəm.

 

Seyyid Məhəmmədhəsən Musəvi Kaşani, İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment