Mərəşi Nəcəfi (r.ə)-nin İmam Zamanla (ə.f) görüşü

Bismillahir Rəhmanir Rəhim

(Mərəşi Nəcəfinin özünün dediyinə əsasən)

Nəcəfi-əşrəfdə dini elmlərin təhsili zamanında mövlamız İmam Zaman (ə.f) ağanı görmək arzusunda idim. Əhd etdim ki, qırx gecə üçüncü günləri “Səhlə” məscidinə piyada gedim. Niyyətim bu idi ki, İmam Zaman (ə.f) ağanın camalını ziyarət etməyə nail olam. 35 ya 36-cı dəfə getdiyim gecə hava buludlu və yağışlı oldu. Nəcəfdən hərəkətim gecikdi. Səhlə məscidinin yaxınlığında quyu var idi. Ora çatan zaman gecənin qaranlığından mənim vücudumu qorxu və vəhşət bürüdü. Xüsusilə də quldur və oğruların çoxluğundan qorxurdum. Birdən arxamdan ayaq səsləri eşitdim. Bu da mənim qorxu və vəhşətimin çoxalmasına səbəb oldu. Arxaya çevrildim və gördüm ki, bir şəxs mənə tərəf gəlir. Həmin adam fəsahətli bir dillə dedi: “Ey Seyyid! Səlamun əleykum.” Qorxum tamamilə aradan getdi. Özüm də rahat nəfəs aldım. Təəccüb doğuran o idi ki, necə oldu ki, bu şəxs gecənin qaranlığında həmən vəziyyətdə mənim seyyid olduğumu başa düşdü. Və mən bu mövzunu başa düşmədim. O şəxs məndən soruşdu: “Hara getmək fikrindəsən?” Dedim: “Fikrim Vəliyyi-Əsrin (ə.f) ziyarətinə getməkdir.”

Bir az getdikdən sonra Zeyd ibn Suhan məscidinə çatdıq. Məscidə daxil olub namaz qıldıq. Seyyidin oxuduğu duadan sonra özümdə qəribə bir dəyişiklik hiss etdim ki, təsvir etməkdə acizəm. Duadan sonra buyurdu: “Seyyid! Sən acsan. Yaxşı olar ki, şam edəsən.” Sonra əbasının altından süfrəni çəxardı. Onda üç dənə çörək, iki ya üç təzə xiyar var idi. O zaman qışın çiləsi idi və mən heç fikir vermədim ki, ağa bu təzə xiyarları haradan gətirib. Ağanın buyruğuna əsasən şam etdim. Sonra buyurdu: “Qalx! Səhlə məscidinə gedək.”

Məscidə daxil olduğumuz zaman ağa müstəhəbb əməlləri yerinə yetirməyə məşğul oldu. Mən onun tabeçiliyi ilə o əməlləri edirdim və ixtiyarsız məğrib və işa namazlarını o ağaya iqtida etdim. Əməllər tamam olduqdan sonra o əxs buyurdu: “Ey Seyyid! Digərləri kimi “Səhlə” məscidinin əməllərini etdikdən sonra Kufə məscidinə gedirsən, yoxsa həmən yerdə qalırsan?” Dedim: “Qalıram.” Elə ki, məscidin ortasında İmam Sadiqin (ə) yerində oturdum, o ağaya dedim: “Çaya, qəhvəyə, ya qəlyana meyliniz varsa, hazırlayım.” Cavabında ümumi bir söz buyurdu: “Bu işlər həyatın boş işlərindəndir. Biz bunlardan uzağıq.” Bu söz vücudumun dərinliyinə təsir göstərdi. Hər vaxt yadıma düşsə, bədənimin sümükləri titrəyir. Hər halda, oturmağımız iki saata qədər uzandı. Bu müddətdə bəzi mövzular müzakirə olundu, onlardan bəzilərinə işarə edirəm.

  1. İstixarə ilə əlaqədar söz soruşdum. Ağa buyurdu: “Ey Seyyid! Təsbehlə necə istixarə edirsən?” Dedim:  Üç dəfə salavat zikr edirəm və üç dəfə deyirəm “Əstəxirullahə birəhmətihi xirətən fi afiyətin”  Buyurdu: “Bu istixarənin davamı vardır, sizə gəlib çatmayıb. O budur: Hər vaxt bir dənə qalsa, tez onun yaxşı olmağına hökm verməyin, əksinə, dayanıb ikinci dəfə istixarə edin. Əgər iki dənə qalsa, aydın olur ki, əvvəlinci istixarə yaxşıdır. Amma bir dənə qalsa, deməli, əvvəlinci istixarə ortadır. ”

Elmi qaydalara əsasən, gərək dəlil istəyəydim. Amma təkcə bu sözə təslim oldum. Halbuki, hələ də başa düşməmişdim ki, bu ağa kimdir?

  1. O məclisdə olan mövzulardan biri də ərəb seyyidin vacib namazlardan sonra bu surələri oxumağını təkid etməsidir:  Sübh namazından sonra “Yasin” surəsini, zöhr namazından sonra “Nəbə” surəsini, əsr namazından sonra “Əsr” surəsini, məğrib namazından sonra “Vaqiə”  və işa namazından sonra “Mülk” surəsi.
  2.     Sonra isə bunların icrasında israrla buyurdu: “Məğrib və işa namazlarının arasında iki rəkət namaz, birinci rəkətdə Həmddən sonra hansı surəni istəyirsən oxu. İkinci rəkətdə “Həmd”dən sonra “Vaqiə” surəsini oxuyarsan.”
  3. Təkidlə buyurdu ki, beş vaxt namazdan sonra bu duanı oxu: “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Allahummə şərrihi ənil humumi vəl ğumumi və vəhşətisədri və vəsvəsətiş şeytani. Birəhmətikə ya ərhəmərrahimin.
  4. Gündəlik beş namazda rükunun zikrindən sonra bu duanı oxumağı israrla məsləhət gördü. Axırıncı rəkətdə: “Alahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və tərəhhəm əla əczina və əğisna bihəqqihim.”
  5. Mərhum təhqiqatçı Hillinin “Şərayiul-islam” kitabının tərifində buyurdu: “Azacıq məsələlərdən başqa hamısı həqiqətlə uyğundur.”
  6. Təkidlə buyurdu: “Quran oxuyub onun savabını varisi olmayan şiələrə, yaxud varisi olub yada salınmayan şiələrə hədiyyə et.”
  7. Təhtul-hənəki (əmmamənin çiyinə düşən uclarını hənəkin altından dolayıb ucunu əmmaməyə keçirməyi) məsləhət gördü.
  8. İşarə etdi ki, İmam Hüseyn (ə) çox ziyarət olunsun.
  9. Mənim barəmdə dua etdi və buyurdu: “Allah-Təala səni şəriətdə xidmət göstərənlərdən qərar versin.”
  10. Soruşdum: “Bilmirəm, mənim işlərimin aqibəti xeyirdirmi və mən müqəddəs şəriətin sahibinin yanında üzüağammı?” Buyurdu: “Sənin aqibətin xeyir, səylərin şükürlü və üzüağsan.” Və; – “Bilmirəm atam, anam, ustadlarım, hüquq sahiblərim məndən razıdırlar ya yox?” – deyə soruşduğumda o cənab buyurdu: “Onların hamısı səndən razıdırlar və sənə duaçıdırlar.”

Kitab yazmaq və onu toplamağa nail olmaq üçün dua etməsini istədim. Ağa dua etdi. Bu yerdə digər mətləblər vardır ki, onları bəyan etməyə imkan yoxdur.

Sonra istədim ki, bir ehtiyacım üçün məsciddən bayıra çıxım. Hovuzun yanına gəlmişdim ki, birdən ağlıma gəldi ki, bu gecə nə gecədir və o ərəb seyyid kimdir ki, bu qədər fəzilətlidir?! Bəlkə də mənim məqsədim və aşıq olduğum şəxs idi?! Bu fikir mənim zehnimdən keçdi və həyəcanla geri qayıtdım. Amma o ağanı görmədim və məsciddə də bir kimsə yox idi. Yəqin etdim ki, İmam Zaman (ə.f) ağanı ziyarət etmişəm və bundan xəbərim olmayıb. Ağlamağa başladım və sübhə qədər vüsaldan sonra hicrana mübtəla olmuş aşıq kimi, divanə kimi məscidin ətrafına fırlandım.

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

1 thought on “Mərəşi Nəcəfi (r.ə)-nin İmam Zamanla (ə.f) görüşü”

Leave a Comment