Məhrəmlik yolları

Bismillahir Rəhmanir Rəhim

Qadınlar üç yolla kişilərə məhrəm olur: nəsil yolu, südvermə yolu, izdivac yolu.
Nəsil yolu ilə insana məhrəm olanlar: ata və ana, baba və nənə kimi onlardan yuxarı; övlad, nəvə və nəticə kimi onlardan aşağı; bacı və qardaş, bacının və qardaşın övladı kimi onlardan aşağı; əmi və bibi, ata-ananın əmisi və bibisi kimi onlardan yuxarı; dayı və xala, ata-ananın dayısı və xalası kimi onlardan yuxarı.
Nəsil yolu ilə məhrəm olmаyаnlar süd yolu ilə məhrəm ola bilər. Məsələn, süd yolu ilə ata, ana, övlad, bacı, qardaş, əmi, bibi, dayı, xala; yoldaşın süd anası, süd yolu ilə atanın arvadı, süd yolu ilə oğulun arvadı.
İzdivac yolu ilə insana məhrəm olanlar: zövcənin anası və yuxarı getdikcə analar (məsələn, qaynananın anası); zövcənin qızı və аşаğı getdikcə hər biri (məsələn, zövcənin qızının qızı); atanın zövcəsi, yə`ni analıq və yuxarı getdikcə hər biri (məsələn, babaların arvadları); oğulun zövcəsi, yə`ni gəlin və aşağı getdikcə hər biri (məsələn, nəvə və nəticənın zövcəsi).
Bə`ziləri isə insana məhrəm olsalar da, onlarla izdivac (evlənmək) haramdır. Məsələn, insanın (Allah eləməmiş) zina etdiyi qadının qızı; insanın (Allah eləməmiş) livat, həmcinsbazlıq etdiyi kişinin bacısı, anası və qızı. Bu mövzu 30-cu məsələdə ətraflı şəkildə açıqlanacaq. Əlbəttə ki, məhrəmlik və naməhrəmlik mövzusunda bə`zi nöqtələr nəzərdən qaçırıla bilər, bəzilərinin isə təkrarlanması mümkündür.
Məsələ 1: Ata və ana xətti nə qədər yuxarı qalxsa da, (məsələn, baba və nənə) insana məhrəmdir.
Məsələ 2: Övlad və bu xəttin aşağıya davamı (məsələn, nəvə və nəticə) insana məhrəmdir.
Məsələ 3: Bacı və qardaş bir-birinə məhrəmdir. Eləcə də qardaşın övladı bacıya, bacının övladı qardaşa məhrəmdir.
İzahat: Bir-birinə məhrəm olan bacı və qardaşlar üç qisimdir: Ata-anaları eyni olan ata-anadanbir bacı və qardaş birinci qismə aiddir. İkinci qismi ataları bir olan atadanbir bacı və qardaşlar təşkil edir. Yalnız anaları bir olan anadanbir bacı və qardaşlar üçüncü qismə aiddir.
Amma bir kişi ilə bir qadın evləndikdə kişinin əvvəlki arvadından olan oğul və qızları qadının əvvəlki ərindən olan oğul və qızlarına məhrəm olmur. Çünki onların nə ataları, nə də anaları eynidir. Amma qadının ərindən övladı olarsa, bu övlad kişinin əvvəlki zövcədən olan övladına məhrəmdir. Çünki onların ataları eynidir.
Məsələ 4: Bibi və əmi insana məhrəmdir. İnsanın ata və anasının bibi və əmisi də ona məhrəm sayılır.
İzahat: İnsana məhrəm olan bibi və əmi üç qisimdir: birinci qismi ata-anası insanın atasının ata-anası ilə eyni olan ata-anadanbir əmi və bibilər təşkil edir. Yalnız atası insanın atası ilə eyni olan atadanbir əmi və bibilər ikinci qismə aiddir. Yalnız anası insanın atasının anası ilə eyni olan anadanbir bibi və əmilər üçüncü qisimdən sayılır.
Amma anadanbir qardaş və bacının əmi və bibisi insana məhrəm deyil. Çünki onların əmi və bibisi insana əmi və bibi sayılmır.
İzahat: İki dəfə ərə getmiş və hər bir ərindən övladları olan qadının birinci ərindən olan övladının əmi və bibisi ikinci ərindən olan övladının əmi və bibisi ilə eyni deyil. Demək, birinci ərdən olan övladın əmi və bibisi ikinci ərdən olan övlada, ikinci ərdən olan övladın əmi və bibisi birinci ərdən olan övlada məhrəm deyil.
Məsələ 5: Dayı və xala insana məhrəmdir. İnsanın ata və anasının dayı və xalası da ona məhrəmdir.
İzahat: İnsana məhrəm olan dayı və xala üç qisimdir: ata-anası insanın anasının ata-anası ilə eyni olan ata-anadanbir dayı və xala; atası insanın anasının atası ilə eyni olan atadanbir dayı və xala; anası insanın anasının anası ilə eyni olan anadanbir dayı və xala.
Amma atadanbir qardaş və bacının dayı və xalası insana məhrəm deyil. Çünki onların dayı və xalası insana dayı və xala sayılmır.
İzahat: İki arvad almış və hər birindən övladı olan kişinin birinci arvaddan olan övladının dayı və xalası ikinci arvaddan olan övladının dayı və xalası ilə eyni sayılmır. Belə ki, birinci arvaddan olan övladın dayı və xalası ikinci arvaddan olana, ikinci arvaddan olan övladın dayı və xalası birinci arvaddan olan övlada məhrəm deyil.
Məsələ 6: Ata-ana, övlad, bacı-qardaş, əmi və bibi, dayı və xala haqqında deyilən məsələlər həm nəsil, həm də süd yolu ilə məhrəmliyə aiddir. Yə`ni ana, bacı, bibi və xala nəsil yolu ilə insana məhrəm olduğu kimi, süd yolu ilə də ana məhrəm ola bilər. Ata, oğul, qardaş, əmi və dayı nəsil yolu ilə insana məhrəm olduğu kimi, süd yolu ilə də məhrəm sayılır.
İzahat: Süd yolu ilə məhrəmliyin tə`mini üçün risalələrdə yazılmış şərtlər tə`min olunmalıdır.

Ayətullah Müctəhidi Tehrani, Dörd risalə

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment