Bismillahir rəhmanir rəhim
İmam Məhdi (ə)-la bağlı məlumatların qeydə alındığı mənbə kitablarını iki qismə bölə bilərik. Birinci qisimə sırf bu mövzu ilə bağlı qələmə alınmış kitablar, ikinci qisimə isə özündə bu mövzu ilə bağlı hədisləri əhatə edən, lakin xüsusi olaraq bu məsələ ilə bağlı qələmə alınmayan kitablar daxildir. Bu kitabların xüsusiliyi, onlarda mövcud olan hədislərin birbaşa olaraq İmamların (ə) səhabələrindən nəql edilməsidir. Bu səbəbdən də bu kitablar mənbə rolu oynayırlar.
Birinci növ mənbə kitablardan əlimizə gəlib çatanı üçdür:
1-“Kitabul-Ğeybə”: Müəllifi İbn Əbu Zeynəb ən-Numani kimi tanınan Şeyx Əbu Əbdillah Muhəmməd ibn İbrahim ibn Cəfər əl-Katibdir (r). Şeyx Numani təxminən 360-cı hicri ilində vəfat etmişdir. Onun kitabı adətən özünü adı ilə – “Ğeybəti-Numani” kimi tanınır. Bu kitab İmam Məhdi (ə)-la bağlı qələmə alınan ən mühüm hədis kitablarından sayılır. Kitab bir cilddən ibarətdir.
2-“Kəmalud-din və təmamun-ni`mə”: Müəllifi Şeyx Səduq Əli ibn Hüseyn ibn Babuveyh əl-Qummidir (r). Şeyx Səduq 381-ci hicri ilində vəfat etmişdir. Şeyxin bu kitabı qeybətin isbatına dair hədisləri və mövzuları əhatə edir. Həmçinin, kitabda zühur əlamətlərinə və s.-ə dair bir çox hədislər mövcuddur. Kitab iki cilddən ibarətdir.
3-“Kitabul-Ğeybə”: Müəllifi Şeyxut-taifə Muhəmməd ibn Həsən ət-Tusidir (r). Şeyx Tusi 460-cı hicri ilində vəfat etmişdir. Burada imamətə və İmam Məhdi (ə)-a dair hədislər qeyd edilmiş, bir sıra batil məzhəblərin fikirlərinə rəddiyyələr verilmiş, zühur əlamətləri və s. barədə hədislər təqdim edilmişdir. Kitab bir cilddən ibarətdir.
İkinci qism kitablara isə aşağıdakıları misal göstərə bilərik:
1-“Təfsiri-Qummi”: Müəllifi Əli ibn İbrahim ibn Haşim əl-Qummidir (r). İmam Həsən Əsgəri (ə)-la bir zamanda yaşamışdır. Böyük və güvənilir şəxslərdən və ravilərdən sayılır.
2-“Muxtəsəru-bəsairid-dərəcat”: Müəllifi Səd ibn Abdullah əl-Əşəridir (r). O, hicri 301-ci ildə vəfat etmişdir. Cənab Səd ibn Abdullah əl-Əşəri İmam Məhdi (ə)-ı görən şəxslərdən biridir.
3-“Təfsiru-Əyyaşi”: Müəllifi Şeyx Muhəmməd ibn Məsud əl-Əyyaşidir (r). 320-ci hicri ilində vəfat etmişdir.
4-“əl-Kafi”: Müəllifi Siqətul-İslam Şeyx Muhəmməd ibn Yaqub əl-Kuleynidir (r). Şeyx Kuleyni 326-cı hicri ilində vəfat etmişdir. “Usuli-Kafi” kitabının birinci cildində, həmçinin “Rövzətul-Kafi”-də qeyd etdiyimiz mövzu ilə bağlı hədislər mövcuddur.
5-“Dəlailul-İmamə”: Müəllifi Şeyx Əbu Cəfər Muhəmməd ibn Cərir ibn Rüstəm ət-Təbəri əl-İmamidir (r). Dördüncü hicri əsrinin böyük şəxsiyyətlərindən biridir. Kitabın son bablarında qeyd edilən mövzuda bir çox hədis mövcuddur.
6-“əl-İrşad”: Müəllifi Şeyx Müfid Muhəmməd ibn Muhəmməd ibn Numan əl-Əkbəri əl-Bağdadidir (r). Şeyx Müfid 413-cü hicri ilində vəfat etmişdir. Kitabın son bablarında qeyd edilən mövzu ilə bağlı çoxlu sayda hədis mövcuddur.
Bu kitablardan başqa bir sıra digər kitablar da mövcuddur ki, həmin kitablarda az da olsa İmam Məhdi (ə) və qeybətlə bağlı hədislər mövcuddur. Belə mənbə kitablara aşağıdakıları da misal göstərə bilərik: “Süleym ibn Qeys əl-Hilalinin (r) kitabı”, “On altı əsl” (imamların (ə) səhabələrinin nəql etdikləri on altı “əsl” kitab), “Qurbul-İsnad” (Əbul-Abbas Abdullah ibn Cəfər əl-Himyəri (r)), “əl-Əmali” (Şeyx Səduq (r)), “əl-Əmali” (Şeyx Müfid (r)), “əl-Əmali” (Şeyx Tusi (r)).
Şeyx Cəlaləddin Əli-s-Səğir,“Əlamatuz-zuhur”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.