Məhdəviyyəti inkar edənlərin inkarları nədən qaynaqlanır

Bismillahir rəhmanir rəhim

 

Biz soruşuruq: Əhli-Beyt (ə)-ın İmam Məhdi (ə) barədə buyurduqları hədislərin inkar edilməsinə olan maraq haradan qaynaqlanır?

Gərək bu sahəyə məlumatı olan hər bir kəs axtarıb araşdıra və bilə ki, məhdəviyyət hədislərinin inkarı və ya zəif hesab edilməsi üçün göstərilən bu qəribə təlaş nə üçündür.  Hiddət və son dərəcə qıcıqla müşayiət olunan bu həmlələrə səbəb nədir?

Səbəb budur ki, “Məhdi” məsələsi heç də asan həzm olunası bir məsələ deyildir. Belə ki, Allah Rəsulu (s) və Əmirəl-möminin (ə) buyurmuşlar ki, “Allah bizimlə başlayıb bizimlə də sona çatdıracaq” (Əmali: 65, hədis 96). Məlum olduğu kimi nübuvvətin bu ailədə olması elə bir məsələ idi ki, nə Əməvilər, nə də Abbasilər bunu qəbul edə bilmirdilər.Eləcə də Məhdi (ə)-ın məsələsi belədir. (Onlar “Allahın onlarla başlamasını” qəbul edə bilmədikləri kimi, “onlarla sona çatdırmasını” da qəbul edə bilmirlər. Bu səbəbdən də Peyğəmbər (s)-i qəbul etmək onlar üçün necə çətin idisə, eləcə də Məhdi (ə)-ı qəbul etmək bir o qədər çətindir).

Məsudi “Murucuz-Zəhəb”-də bir nəfərdən belə nəql edir: Müaviyənin yanına getdim və gördüm ki, çox kədərli və tutqundur. Dedim “nə üçün belə qəmginsən?”. Dedi: Teymin qardaşı hakimiyyət etdi, sonra da ölüb getdi. Ölər-ölməz adı da batdı. Sonra Udeyyin qardaşı hakim oldu və hökmranlıq etdi. Onun da ölməyi ilə adı yaddan çıxdı. Lakin bu Əbu Kəbəşənin oğlu (həzrəti Peyğəmbər (s)-i nəzərdə tutur) (ölməsinə baxmayaraq) hələ də adı gündə beş dəfə azanda səslənir: “Əşhədu ənnə Muhəmmədən rəsulullah!”. Bax bu elə bir şeydir ki, biz buna tab gətirə bilmirik!”(Murucuz-Zəhəb: c.2, səh.343)

Həmçinin, ikinci xəlifə, Abdullah ibn Abbasla etdiyi dialoqunda bu fikri səsləndirir və deyir: “Sizin qövmünüz nübuvvət və xilafətin sizdə cəm olmasını qəbul etmədi…” (Şərhu-Nəhcil-Bəlağə: c. 12, səh.51). Bəli, necə ki, nübuvvəti qəbul etmək bəziləri üçün çox ağır idi, eləcə də Allahu-təalanın onlarla “sona çatdırması”nı qəbul etmək də asan bir iş deyildi (və deyil).

İmamlar (ə) daim həzrəti Məhdi (ə)-la fəxr etmişlər. İmam Əli (ə) deyirdi: “Məhdi bizdəndir”. Həzrəti Peyğəmbər (s) deyirdi: “Məhdi mənim nəslimdəndir”. Həmçinin, İmam Zeynul-Abidin (ə) Yəzidin məclisində demişdi: “Məhdi bizdəndir”. Bu məsələ, Əhli-Beyt (ə)-ın daim fəxr edib öyündüyü bir məsələ olmuşdur. Bəs bunun müqabilində nə etmək lazım idi? Bunun müqabilində gərək idi ki, bu bu iftixar mənbəyi inkar edilə! Bunun müqabilində gərək idi ki, İbn Şihab əz-Zuhri kimiləri Xeybər vaqiəsinə çatdıqda deməyəydilər ki, “müsəlmanların bayrağını Əli ibn Əbu Talib daşıdı”, gərəkdi ki, deyələr “müsəlmanların bayrağını müsəlmanlardan biri daşıdı”! Nə üçün? Çünki Əli ibn Əbi Talibin bayrağı daşıması dözülməz bir iş idi.. . Əli ibn Əbu Talib ilk müsəlman olan şəxs idi, lakin onlar deyirlər: “o uşaqlar içərisində ilk müsəlman olan şəxs idi” (Minhacus-sünnə, İbn Teymiyyə: c.7, səh.286). Bir halda ki, məsələnin uşaq və ya böyük olmaqla bir əlaqəsi yoxdur.

Tarix şahidlik edir ki, Əli ibn Əbu Talib səhabənin ən şücaətlisi, ən igidi və ən qorxmazı idi, lakin bir nəfər çıxır və deyir ki: “Ondan daha şücaətlisi o şəxs idi ki, Peyğəmbər (s) vəfat edincə camaat bir-birinə dəydikdə və ”peyğəmbər ölməyib” dedikdə, o durub bu ayəni oxudu: “Sən də, onlar da öləcəksiniz” (Zumər surəsi, 30) və dedi ki, xeyr, o ölüb! Onun qəlbi güclü idi və buna görə də o Əli ibn Əbu Talibdən daha şücaətlidir!” (Minhacus-sünnə, İbn Teymiyyə: c.8, səh.82)

Bəli, biz əgər tarixə nəzər salsaq, bu cür faktlarla çox qarşılaşarıq. Bir çox hadisələrin inkar edilməsinə səbəb, yalnız və yalnız onların bəzi şəxslər üçün fəzilət təşkil etməsi olmuşdur. Məhdi (ə)-ın da Əhli-Beytdən (ə) olması onlar (ə) üçün bir fəzilətdir və bu səbəbdən də onun inkar edilməsi lazım gəlir… Buna görədir ki, tarix boyu bir çox şəxslər – xüsusən də bəzi tarixçilər – bu məsələni inkar etməyə çalışmışlar.

(Lakin kor olanın günəş nurunu inkar etməsi, nə günəşin fəzilətinin və nə də onun nurunun yoxluğuna dəlil olmaz! “Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər, halbuki, kafirlərin xoşuna gəlməsə də Allah Öz nurunu tamamlayacaqdır” (Səff surəsi, 8))

 

Şeyx Muhəmməd Sənəd, “Muhadarat havlə imamil-Məhdi”, c.5    

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment