Bismilləhir Rahmənir Rahim
Yalançı məhdəviyyət iddiaçısı Əhməd İsmayılı ifşa edən faktlardan biri də onun Quran, təfsir, qiraət, qrammatika, fiqh, əqidə və s. bu kimi mövzularda etdiyi kobud səhvlərdir. Məlumdur ki, Əhməd İsmayıl özünü məsum adlandırır. Həmçinin, o da məlumdur ki, məsum İmam hər bir sahədə məsum olmalıdır – istər fiqh hökmlərində, istər Qurani-Kərim təfsirində, istər əqidəvi məsələlərdə, istərsə də qiraət və qrammatika elmlərində. Əhməd İsmayılın sadalanan mövzularda etdiyi kobud səhvlər onun həqiqi kimliyini ortaya qoyur, onun imamət iddiası edən yalançıdan başqa birisi olmadığını gözlər önünə sərir. Onun yuxarıda adı çəkilən mövzularda etdiyi səhvlər barədə müstəqil bəhslər aparılmış, etdiyi səhvlər tək-tək üzə çıxarılmışdır. Biz onun Quran qiraəti və dilçilik elmində etdiyi xətalara bir neçə misal göstərəcəyik. Məhz bu iki mövzunu seçməyimizin səbəbi, bu iki mövzunun digər mövzulara nisbətən daha sadə olmasıdır. Bir şəxs Quran tilavətində və dilçiliyin ən bəsit qaydalarında səhvlər edirsə, fiqh, əqidə, təfsir və s. sahələri özünüz düşünün.
Şeyx Kuleyninin (r) nəql etdiyi səhih bir hədisdə İmam Sadiq (ə) belə buyurur:
“Bizim hədislərimizi erab edin (düzgün hərəkələyin). Həqiqətən də biz, fəsahət sahibləriyik” (“əl-Kafi”: c.1, səh.52).
Əllamə Məclisi (r) bu hədisin izahında yazır:
“Yəni, hərfləri dəqiq şəkildə qeyd edin ki, oxşar hərflər bir-birləri ilə səhv salınmasın (“tə” “sə” ilə, “cim”, “ha” ilə və s. səhv salınmasın). Həmçinin, hərəkələri və sükun olan yerləri dəqiq şəkildə qeyd edin ki, (cümlələrin mənasında) yanlış anlaşılma baş verməsin” (“Miratul-uqul”: c.1, səh.182).
Elə isə gəlin, özünü “13 imam” və “Məhdi” adlandıran Əhməd İsmayılın Quran tilvət etməyi və sözləri hərəkələməyi nə dərəcədə bacardığına nəzər salaq. Bu məqamda Şeyx Əli Ali-Muhsinin (h) “ər-Rəddul-qasim” kitabında qeyd etdiyi faktlardan bir neçə nümunə göstərəcəyik:
1-Əhməd İsmayıl səs yazılarının birində Ənkəbut surəsinin 69-cu ayəsini belə oxumuşdur: “Vəlləzinə cəhədu finə lə-nəhdiyyənnəhum subulunə…”. Halbuki, doğru oxunuş “subulənə” şəklində olmalıydı. Bu, ərəb dilini ibtidai səviyyədə bilən şəxslərin belə etməyəcəyi bir səhvdir.
2-Nəcm surəsinin 22-ci ayəsini belə oxumuşdur: “Tilkə izən qismətun dayzə…”. Halbuki, doğru oxunuş “dizə” şəklində olmalıdır.
3-Ali-İmran surəsinin 26-cı ayəsindəki “Qulillahummə malikəl-mulki…” sözünü “Qulullahummə malikil-mulk” şəklində oxumuş, həmçinin, eyni ayənin “tənziul-mulkə…” cümləsini “tənzəul-mulkə” şəklində oxumuşdur.
4-Əraf surəsinin 16-cı ayəsindəki “…lə-əq`udənnə” cümləsini əvvəlcə “lə-əq`idənnə” şəklində oxumuş, daha sonra səhvini düzəltmək istəsə də savadsızlığı səbəbindən növbəti səhvə düçar olaraq eyni sözü “lə-əq`adənnə” şəklində oxumuşdur.
5-Əraf surəsinin 14-cü ayəsindəki “Qalə ənzirni ilə yəvmi yubəsun” ayəsini “Qalən-zirni…” şəklində oxumuş, “ənzirni” sözünün əvvəlindəki “qət” həmzəsini “vəsl” həmzəsinə çevirmişdir.
6-Əraf surəsinin 9-cu ayəsindəki “yazlimun” sözünü “yazləmun” şəklində oxumuşdur.
7-Əraf surəsinin 18-ci ayəsindəki “məz`umən” sözünü “məzmumən” şəklində, “təbiəkə” sözünü də “təbəəkə” şəklində oxumuşdur.
Bütün bu deyilən kobud səhvlər onun cəmi bir səs yazısında mövcuddur, elə isə onun digər səs yazılarını siz düşünün.
Bununla yanaşı, o öz kitablarının birində özünü insanlar içində imamlardan sonra Qurana, Tövrata və İncilə ən agah şəxs hesab edir! Maraqlıdır, görəsən Əhməd İsmayıl Quranı üzündən düzgün şəkildə oxumağı bacarmadığı halda, necə Qurana hamıdan agah olur?!
Onun qrammatika elmində etdiyi səhvlərə gəlincə isə, onların sayı-hesabı yoxdur. Biz yenə bir neçə misal göstərməklə kifayətlənirik.
1-Səs yazılarının birində deyir: “Təqulunə innə rivayatəhumul-ləti vasafuni biha leysət hiccə”. Halbuki, altından xətt çəkilən sözlər “rivayatihim” və “huccə” şəklində olmalıydı.
2-Həmçinin, deyir: “Təvəkkəl aləyyə bi kulli qalbək”, halbuki, “qalbik” olmalıydı. Həmçinin, deyir: “Və la tə`təmid alə fəhmək”, halbuki, “fəhmik” olmalıydı.
3-Deyir: “Mən biyəhidi-mələkutis-səmavatu vəl-ard”, halbuki, “səmavati” olmalıydı.
4-Deyir: “Həl kənə əhədun fi zəmənil-İmamis-Sadiq raa Rasulullah… Mən əradə yəra Rəsulillah”. Halbuki, altından xətt çəkilmiş sözlər “Rəsulallah” olmalıydı. Dəhşətlisi odur ki, hər iki halda “Rəsulullah” sözünün öndündə “raa” felini işlətməsinə rəğmən (birincidə keçmiş zamanda, ikincidə isə indiki zamanda) Əhməd İsmayıl “Rəsulullah” sözünü bir dəfə “Rəsulullah” şəklində, digər dəfə də “Rəsulillah” şəklində oxumuşdur!
5-Deyir: “Ə ləm yəqbəl Rəsulillah iman…”, halbuki, “Rəsulullah” olmalıydı.
6-Deyir: “Ma əsqələd-dunya fi kəffətə mizanikum”, halbuki, “kəffəti” olmalıydı.
7-Deyir: “Əl-Huseyni fidaə ərşillah”, halbuki, “fidau” olmalıydı.
8-Deyir: “Və əyyu xasasatin kənət xasasatil-Abbas, və əyyu isarin kanə isarəh”, halbuki, altından xətt çəkilmiş sözlər belə olmalıydı: “Xasasatul-Abbas”, “isaruh”.
9-Deyir: “Və əmmad-dunya və zuxrufiha, fəqad tallaqahəl-Huseyn və əshabəh”, halbuki, altından xətt çəkilmiş sözlər belə olmalıydı: “Zuxrufuha”, “əshabuh”.
Maraqlıdır ki, onun ardıcıllarından biri öz kitabında Əhməd İsmayılın səhvlərinə haqq qazandırmağa çalışmışdır. Belə ki, müəllif bildirmişdir ki, əslində Əhməd İsmayılın qrammatik səhvlərinin bir eybi yoxdur, çünki bu səhvlər cümlələrin mənasını dəyişmir. (“ər-Rəddul-əhsən”: səh.9). Halbuki, bu söz batildir. Belə ki, sonuncu qeyd etdiyimiz misal bu fikrin batilliyini göstərir. Sonuncu misalda qeyd olunan cümlədə altından xətt çəkilmiş sözləri doğru şəkildə oxusaq, cümlənin mənası belə olur:
“Hüseyn və onun əshabı dünyaya və onun bər-bəzəyinə talaq verdilər”.
Lakin, əgər cümlənin Əhməd İsmayılın oxuduğu şəkildə oxusaq, onda məna belə olur:
“Hüseyn dünyaya, onun bərbəzəyinə və öz əshabına talaq verdi”!
Bütün bu qeyd etdiyimiz misallar Əhməd İsmayılın elmi səviyyəsinin hansı həddə olduğunu göstərir. O, Qurani-Kərimi üzündən belə tilavət etməyi bacarmayan, ərəb dilinin ən sadə qaydalarını belə bilməyən bir şəxsdir. Sözlərin hərəkəsini düzgün qoymaqdan aciz olan Əhməd İsmayıl “Bizim hədislərimizi erab edin (düzgün hərəkələyin). Həqiqətən də biz, fəsahət sahibləriyik” – hədisini buyuran məsum imamla necə eyni cərgədə ola bilər?! Bir ayənin bir sözünü iki dəfə yanlış oxuyan, kiçik uşaqların belə etməyəcəyi xətalar edən bir şəxs, necə “Qurana ən agah şəxs” ola bilər? Şübhəsiz ki, bütün bunlarda ağıl sahibləri üçün kifayətedici dəlil vardır. Bununla Əhməd İsmayılın məsum imam, 13-cü imam, Məhdi və s. kimi iddialarının puçluğu aydın olur. Əhməd İsmayılın etdiyi bu səhvlərə baxıb onun təfsir, fiqh, əqidə və s. sahələrdə etdiyi səhvlərin hansı həddə olduğunu təsəvvür etmək olar.
Tədqiq: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.