Bismilləhir-rahmənir-rahim
Əhməd İsmayıl və ardıcıllarının istixarə ilə bağlı üçüncü dəlilləri istixarə barədə gəlib çatan ümumi məzmunlu hədislərdir. Bu hədislər ümumi məzmundadırlar və istixarənin mötəbərliyini, ona əməl etməyin üstünlüyünü və fəzilətini çatdırırlar. Belə hədislərdən biri İmam Sadiq (ə)-dan nəql edilən bu hədisdir: “Allaha and olsun ki, hansı müsəlman Allaha istixarə edərsə, şübhəsiz ki, Allah ona xeyir nəsib edər” (Kafi: 3/470).
Həmçinin buyurmuşdur: “Allaha istixarə etdikdən sonra hansı yola düşməyim mənim üçün önəmli deyil” (Vəsailuş-şiə: 8/81).
Əhməd İsmayıl və ardıcıllarının sözünə əsasən, bu cür hədislər istixarənin mötəbərliyini, ona əməl etməyin bəyənilən iş olduğunu, bəndənin Allahdan xeyir istədiyi zaman Allahın ona xeyiri göstərəcəyini çatdırır. Məlumdur ki, bu hədislər ümumi məzmundadır. Yəni, onların məzmunundan istixarənin hər hansısa bir mövzu ilə məhdudlaşdığı anlaşılmır. Buna görə də Əhməd İsmayılın imaməti də bu hədislərin hökmünə daxil olur; Əhməd İsmayılın imaməti barədə də istixarə edilə bilər.
Cavab:
İstixarə barədə gələn hədislərin ümumi məzmuna əsaslanıb istixarənin üsuliddin və füruiddin məsələlərinin isbatında keçərli olduğunu demək, gülünc iddiadır. Çünki əgər belə bir şeyi qəbul etsək, o zaman şəriət hökmləri sıradan çıxacaq, Allah-taalanın qoyduğu qayda-qanunlar qüvvədən düşəcək. Belə bir şeyi qəbul etsək, bir çox fiqhi qayda-qanunlar, hətta fiqhin kamil bölmələri saqit olacaq! Məsələn:
1-Qəzavət bölməsi kimi: madam ki, istixarə barədə olan hədislər ümumi məzmundadır, o zaman qazının münaqişə tərəflərindən dəlil və and tələb etməsinə, bütün dəlilləri ortalığa töküb uzun-uzadı özünü əziyyətə salmasına ehtiyac yoxdur. Qazı elə əlinə təsbeh alıb istixarə etsə və aldığı nəticəyə uyğun hökm versə, kifayətdir.
2-Təqlid bölməsi: madam ki, istixarə barədə olan hədislər ümumi məzmundadır, o zaman ə`ləm müctəhidi axtarmağa ehtiyac yoxdur. Hətta, ümumiyyətlə müctəhidi axtarmağa belə ehtiyac yoxdur. İnsan istixarə edərək ə`ləm müctəhidi və ya müctəhidi, hətta şəri vəzifəsini belə təyin edə bilər!
3-Təharət bölməsi: təharət bölməsinin bir çox hökmləri müəyyən qaydalara əsaslanır. Məsələn, istihazənin hökmləri kimi. Burada axtarış etmək, qanın növünü və s. təyin etmək lazım gəlir. İndi ki, istixarə barədə olan hədislər ümumi məzmundadır, o zaman bu axtarışlara da ehtiyac qalmır. Mükəlləf şəxs öz vəzifəsini istixarə ilə təyin edə bilər.
Bunun kimi çoxlu misallar göstərə bilərik. Ayın təyini məsələsi, yemək-içmək məsələləri, namaz, oruc, həcc və s. kimi məsələlər bu qəbildəndir. Məlum məsələdir ki, istixarə barədə olan hədislərin ümumi məzmununa əsaslanıb istixarəni bu məsələlərdə höccət bilmək, həzəyandan başqa bir şey deyil.
Eyni şey digər üsuliddin məsələləri üçün də keçərlidir. Görəsən, kimsə: “Müsəlmanlar arasında, hətta eyni məzhəbin mənsubları arasında ixtilaf mövzusu olan etiqadi məsələlər barədə yekun hökmü istixarə ilə təyin edə bilərik”, – deyə bilərmi? Aydındır ki, sağlam düşüncəyə malik bir şəxs belə bir söz deməz.
Buna əsasən, deyirik ki, istixarə mübah məsələlər üçün, şəriətin konkret vəzifə və yol təyin etmədiyi məqamlar üçün keçərlidir. Şəriətin vəzifə və yol təyin etdiyi məqamlara gəlincə isə belə məqamlarda istixarə edilməz. Şəriətin vəzifə təyin etdiyi belə məqamların ən barizlərindən biri imamət mövzusudur. Şəriət imamların (ə) imaməti məsələsi, onların sonuncularının Məhdi (ə) olması, həzrət Məhdinin (ə) iki dəfə qeybə çəkilməsi, ikinci qeybi zamanı xüsusi səfirlərinin olmayacağı və s. bu kimi məsələlərin isbatı üçün müəyyən bir yol təyin etmişdir. Biz bu məsələləri isbat edərkən həmin yola əsaslanmalıyıq. Əgər istixarənin bu məsələlərdə keçərli olduğunu desək, o zaman şəriətin təyin etdiyi bu vəzifə və göstərişlər batil olacaq. Buna görə də biz əsla İmamlarımızın (ə) və ya alimlərimizin (r) imaməti isbat edərkən istixarəyə əsaslandıqlarını görmürük. Onlar elmi yollarla bu məsələni isbat etməyə çalışmış, bu məsələnin isbatında yalnız Allahın bildiyi çətinliklərə və məşəqqətlərə qatlanmışlar. Əgər imamın təyini istixarə ilə mümkün olsaydı, o zaman imamlar (ə) öz səhabələrinə imaməti isbat edəcək dəlillər öyrətməz, bu qədər hədislər söyləməzdilər. Onlar səhabələrinə: “İstixarə etsəniz kifayətdir!”, – deyərdilər. Lakin biz onların (ə) əsla belə etmədiklərini, əksinə bu məsələləri Quranla, sünnə ilə və səhih tarixi faktlarla isbat etdiyini görürük. Bəli, bu cür mövzularda şəriətin təyin etdiyi yol Quran, sünnə və səhih faktlara əsaslanan elmi dəlillər və sübutlardır. Bu məsələlər yalnız bu yolla sübuta yetirilə bilər. Bununla Əhməd İsmayıl və ardıcıllarının necə cılız bir dəlilə əsaslandıqları aydın olur. Onların digər 2 dəlilləri kimi bu “dəlil”ləri də heç bir elmi meyarlara sığmır, məsumların (ə) təyin etdikləri xəttdən tamamilə uzaqdır.
Tədqiq: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.