Bismilləhir-rahmənir-rahim
İkinci dəlilin müzakirəsi:
Qeyd etdiyimiz kimi, batil məhdəviyyət iddiaçısının istixarə mövzusunda əsaslandığı ikinci dəlil Şeyx Numaninin (r) “əl-Ğeybə” kitabında İmam Əli (ə)-dan nəql etdiyi uzun bir hədisdə gələn aşağıdakı cümlədir:
“..İlahi, onun zühurunu qəmdən qurtulma vasitəsi et, onun əli ilə ümməti bir araya topla. (Ey Süleyman), əgər Allah sənin üçün xeyir olanı seçsə, əzmli ol. Əgər ona müvəffəq olsan (İmam Zaman (ə)-ı görməyə, onun zamanına yetişməyə müvəffəq olsan), ondan üz çevirmə. Ona tərəf hidayət olunsan, ondan başqasına üz tutma.” (Qeybəti-Numani: səh.222).
Əhməd İsmayıl və ardıcıllarına görə bu hədisdə İmam Əli (ə) istixarəni imamətin sübuta yetməsində höccət hesab etmişdir. O Həzrətin buyurduğu “əgər Allah sənin üçün xeyir olanı seçsə” sözü istixarəyə və istixarənin höccət olmasına dəlalət edir.
Buna cavabımız:
Birinci: Qeyd olunan rəvayət sənəd baxımından zəifdir. Belə ki, rəvayətin sənədində adı keçən Musa ibn Harun ibn İsa məchul şəxsdir. Onun barəsində tövsiq gəlməmişdir. Həmçinin, sənəddə “əl-Qə`nəbi” olaraq adı keçən şəxs Abdullah ibn Məsləmə ibn Qə`nəbdir. O, malikilərin imamı Malikin tələbələrindəndir. Hətta Malikin “əl-Muvatta” kitabını Malikdən nəql edən şəxs də odur. Əhli-sünnə alimləri onu siqə (güvənilir) bilmişlər. Bizim alimlərimizdən isə heç bir kəs onu siqə bilməmişdir. Süleyman ibn Bilala gəlincə isə, onu da keçmiş alimlər içərisində heç kəs siqə bilməmişdir. Təkcə nisbətən son dövr alimlərindən olan İbn Davud onu siqə bilmişdir. Buna əsasən, Süleyman ibn Bilalı saymasaq belə ən azı iki şəxsə görə sənəd zəif olmuş olur.
İkinci: Mətndə qeyd olunan sözün istixarə ilə heç bir əlaqəsi yoxdur. Belə ki, daha öncəki məqalələrimizdə də qeyd etdiyimiz kimi, batil məhdəviyyət iddiaçıları, hətta bütün batil əhli daim qəti və möhkəm dəlillərdən qaçır, hər fürsətdə yozumlar etməyə çalışaraq mətnləri onların dəlalət etdikləri mənalardan olduqca uzaq mənalara aid edirlər. Allah-taala Qurani-Kərimdə belə şəxsləri tanıdaraq buyurmuşdur: “Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar” (Ali-İmran surəsi, 7). Bəli, qəlblərində əyrilik olanlar və fitnə-fəsad salmaq istəyənlər cümlələrə istədikləri kimi məna verər, onları min yerə yozmaq istəyərlər. Onlar yuxarıdakı hədis barəsində də eyni şeyi etmişlər. Lakin onlar “yalanın ipi gödək olar” məsəlini yaddan çıxarmışlar. Çünki istənilən diqqətli şəxs yuxarıda qeyd olunan cümləyə diqqət yetirdiyi təqdirdə onun istixarə ilə heç bir əlaqəsi olmadığını görər. Buna əsasən ki:
1-Əgər İmamın (ə) məqsədi istixarə olsaydı, o zaman mütləq cümlədə buna dəlalət edən bir söz işlədərdi. (Məsələn: “əgər istixarə etsən” cümləsi kimi.) Çünki ərəb dilində “xarəllahu ləkə” cümləsi istixarə ilə bağlı işlədilə bilsə də ümumilikdə istixarədə daha geniş və daha işlək mənalarda işlədilir. Buna görə də fəsahət və bəlağətin ağası olan İmam Əli (ə) kimi bir şəxsin cümlənin əvvəlindən İmam Məhdi (ə)-ın vəsflərindən danışıb cümlənin sonunda “əgər Allah istixarənə cavab versə” məzmununda bir söz deməsi qeyri-mümkündür. Çünki nə sual verən istixarədən sual vermişdir, nə də cavab verən istixarənin fəzilətindən və ya hücciyyətindən danışmaq qəsdində olmuşdur. Elə isə hansı səbəbdən bir-birdən birə istixarədən söz açılır? Buna əsasən, daha geniş anlamda işlədilən “Allah sənin üçün xeyir olanı seçsə” cümləsini heç bir dəlil olmadan xüsusiləşdirib istixarəyə aid etmək batil işdir.
2-Ən məşhur dilçi alimlərin də bildirdiyi kimi, “xarəllahu ləkə” cümləsi “Allah sənə xeyir olanı əta etsə/etdi/etsin” mənasına gəlir. Ərəb dilinin ən məşhur izahlı lüğətlərindən olan “Lisanul-ərəb” kitabının müəllifi İbn Mənzur “xarəllahu ləkə” cümləsinin mənası barədə deyir: “Yəni, Allah sənin üçün xeyirli olanı sənə əta etsin”. (“Lisanul-arab”: 4/267). Deməli, “xarəllahu ləkə” cümləsinin yalnızca istixarəyə aid edilməsi ərəb dilinin qayda-qanunlarından xəbərsiz olmağa dəlalət edir. Çünki bu söz dua məzmunlu, ümumi anlamlı bir sözdür. Biz istənilən kəsə “Allah sənə xeyirli olanı əta etsin” deyə bilərik. Biz bu sözü işlətdiyimiz zaman “Allah istixarənə cavab versin” və ya “əgər istixarə etsən, Allah istixarəni xeyirli etsin” mənasını nəzərdə tutmuruq. Buna əsasən, İmam Əli (ə)-ın Süleymana dediyi cümlənin mənası “əgər Allah sənin üçün xeyir olanı sənə nəsib etsə, yəni: səni İmam Məhdinin (ə) zamanında yaşatsa və səni onu görməyə müşərrəf etsə, o zaman əzmli ol, ondan üz çevirmə!” – şəklində olur, nəinki “əgər Allaha istixarə etsən, Allah da sənin istixarənə cavab versə…” – şəklində!
3-Eyni ifadə, yəni “xarəllahu ləkə” ifadəsi başqa hədis və rəvayətlərdə də gəlmişdir. Bu rəvayətlər Əhməd İsmayıl adlı dəccalın və ona aldananların iddialarını büsbütün batil edir. Belə rəvayətlərdən biri Şeyx Müfidin “əl-İrşad” kitabında nəql etdiyi rəvayətdir. Rəvayətdə İmam Hüseyn (ə) ilə Bəni-Əsədlilər arasında keçən dialoqdan danışılır. Rəvayətdə qarşı tərəfin dilindən belə nəql olunur:
“…Bu zaman biz bildik ki, artıq o qəti şəkildə getmək qərarına gəlib. Buna görə də biz ona dedik: “Xarəllahu ləkə!” (Allah sənin üçün xeyirli olanı sənə nəsib etsin!). O da dedi: “Allah sizə rəhmət etsin”…” (“əl-İrşad”: 2/75).
Görəsən, Əhməd İsmayılın və ardıcıllarının fikrincə, həmin şəxslər İmam Hüseyn (ə)-a “xarəllahu ləkə” dedikləri zaman “Allah istixarənə cavab versin!” mənasını nəzərdə tuturdular, yoxsa, ümumi mənada dua edirdilər?
Həmçinin, başqa bir rəvayətdə Züheyr ibn Qeynlə (r) onun xanımı (r) arasında baş tutan dialoq qeyd olunmuşdur. Züheyr xanımına deyir: “Sənin talağını verdim. Mənə görə sənə bir pislik toxunmasını istəmirəm. Mən Hüseynə (ə) qoşulmağı qərara almışam. Canımı ona fəda etmək, canımla onu qorumaq istəyirəm”. Bunu dedikdən sonra mehriyyəsini ona qaytardı. Sonra onu öz əmisi oğlanlarından birinə tapşırdı ki, əmisi oğlu onu öz ailəsinin yanına aparsın. Bu zaman xanımı ağlayaraq onun arxasınca gəldi və onu çağıraraq dedi: “Xarəllahu ləkə! (Allah sənin üçün xeyirli olanı sənə nəsib etsin!) Səndən qiyamət günü Hüseynin (ə) babasının yanında məni yada salmanı istəyirəm…” (“Biharul-ənvar”: 44/372).
Görəsən, həzrət Züheyrin xanımının (r) ağlayaraq “xarəllahu ləkə” deməsi “Allah istixarənə cavab versin” mənasına gəlir? Görəsən həzrət Züheyr (r) şəhadət meydanına gedərkən istixarə edib gedirdi?! “Nə olub sizə, necə mühakimə yürüdürsünüz?”.
Başqa bir rəvayətdə gələn cümlə isə Əhməd İsmayıl və ardıcıllarının nəzəriyyələrini tamamilə alt-üst edir. Belə ki, Əllamə Məclisi (r) “Biharul-ənvar” kitabında Əbu Süfyan ilə Abbas arasında keçən dialoqu nəql etmişdir. Həmin söhbət zamanı Abbas ibn Əbdül-Müttəlib Əbu-Süfyana deyir: “Ləqad xarəllahu ləkə fi ğəzvəti-Muhəmmədin iyyakum! Dəxəltum fil-islami kaffətən”. Tərcümə: “Allah Muhəmmədin sizin üzərinizə yürüş etməsində sənin üçün xeyirli olanı sənin üçün seçdi. Beləcə hamılıqla İslama daxil oldunuz” (“Biharul-ənvar”: 21/108, “Şərhi-nəhcil-bəlağə” kitabından nəqlən: 17/271). Yəni, həzrət Peyğəmbərin (s) Məkkəyə yürüş etməsində sənin və sənin kimilər üçün bir xeyir var idi. Çünki o yürüş nəticəsində Allah sən və sənin kimi müşrikləri İslama daxil etdi. Allah o yürüşdə sənin üçün xeyirli olanı sənə əta etdi. Buna əsasən, görəsən Əhməd İsmayıl və ardıcıllarının nəzərincə, Abbas Əbu Süfyana “laqad xarəllahu ləkə” dediyi zaman, “Allah sənin istixarənə cavab verdi” mənasını nəzərdə tuturdu?! Elədirsə, maraqlıdır, müşrik olan Əbu Süfyan hansı Allaha istixarə edirdi? Yaxud nə üçün istixarə edirdi?
Bütün bu deyilənlərdən sonra aydın olur ki, “xarəllahu ləkə” cümləsi ümumi mənada olub “Allah sənin üçün xeyirli olanı sənə nəsib etsə/etdi/etsin” mənasına gəlir. Bu cümləni yalnızca istixarəyə aid etmək, əvvəla ərəb dilindən xəbərsiz olmanın, ikincisi isə insanları aldatmanın göstəricisidir. Deməli, İmam Əli (ə)-ın hədisdə nəzərdə tutulan məna belədir: “…(Ey Süleyman), əgər Allah sən üçün xeyir olanı seçsə – Məhdinin zamanını görsən və onu görməyə müşərrəf olsan, o zaman əzmli ol, ondan üz çevirmə”. Buna hədisin sonrakı cümlələri də dəlalət edir: “Əgər ona müvəffəq olsan (İmam Zaman (ə)-ın zamanına və ya hüzuruna yetişməyə müvəffəq olsan), ondan üz çevirmə. Ona tərəf hidayət olunsan, ondan başqasına üz tutma.”
Bununla Əhməd İsmayıl və ardıcıllarının ikinci şübhəsi də batil olur. Növbəti yazımızda üçüncü və sonuncu dəlili müxtəsər şəkildə müzakirə edəcəyik, inşəallah.
Tədqiq: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.
İstifadə edilmiş ədəbiyyat:
1-Seyyid Ziya əl-Xəbbaz. “Hucciyyətul-istixarə fil-əqaid”.
2-Şeyx Əhməd Salman. “əş-Şuhubul-əhmədiyyə alə muddəil-məhdəviyyə”.
3-Seyyid ibn Tavus. “əl-Luhuf”.