Bismillahir rəhmanir rəhim
Məlum olduğu kimi məhdəviyyat iddiaçıları insanları özlərinə cəlb etmək üçün bir sıra metodlardan istifadə edirlər və bunlardan biri də hədisi-şəriflərin mənasının dəyişdirilməsidir. Belə məna dəyişikliyinə məruz qalan hədislərdən biri də aşağıdakı hədisdir:
“İmam Sadiq (ə) buyurdu: Əgər bu işi (imaməti) onun sahibindən başqa birisi iddia edərsə, Allah onun ömrünü kəsər”. (Kafi: 1/372)
Hədisdən istifadə edən şəxslər belə iddia edirlər ki, heç kəs məhdəviyyat iddiası edə bilməz. Əgər edərsə, o zaman ölüb həlak olar. Onlar belə deməklə bunu çatdırmaq istəyirlər ki, “biz gözlənilən Məhdi olduğumuzu deyirik, lakin gördüyünüz kimi, ölməmişik. Deməli, biz bu işin həqiqi sahibiyik! Çünki hər kəs yalandan bu işi iddia edərsə, Allah onun ömrünü kəsər, amma gördüyünüz kimi bizim ömrümüz kəsilməyib! Deməli biz Məhdiyik”.
Buna iddiaya bir neçə yöndən cavab vermək mümkündür:
1-Şübhəsiz ki, hər kəs imam olmadığı halda imam olduğunu iddia edərsə, Allah onun ömrünü kəsər. Lakin ömrün kəsilməsi deyildikdə nəyin nəzərdə tutulduğunu bilmək lazımdır.
2-Yalançı və batilə uymuş kəsin imamət iddiası etməsi mümkündür və hətta bu günə qədər dəfələrlə baş tutmuşdur. Lakin Allah belə bir şəxs ilə onun batil iddiası arasına ayrılıq salmaz, onu bu yalançı iddiadan çəkindirməz. Əvəzində onun ömrünü kəsər. Bu isə o şəxsin ömrünün yarımçıq edilməsidir, nəinki imamət iddiası edən kimi birbaşa ömrünün bitməsi. Bu mənada ki, mümkündür ki, bir azğın şəxs imamət iddiası etdikdən sonra bir neçə il yaşasın. Lakin belə bir şəxs imamət iddiasından öncə Allahın onun üçün yazdığı və bu iddianı etməyəcəyi təqdirdə tam şəkildə yaşayacağı təbii əcəlini yaşamayacaq. Məsələn, əgər bu iddianı etməzdən öncə onun üçün 30 il yaşamaq müqəddər edilmişdisə, bu iddianı etdikdən sonra bu müddət kəsilib 7 və ya 10 ilə endirilə bilər. Hədisdə deyilən “kəsilmə”-nin mənası budur.
Bu dediyimizə Şeyx Səduqun (r.ə) öz sənədi ilə Əbu Xalid əl-Kabilidən, onun da İmam Zeynul-Abidin (ə)-dan nəql etdiyi bir hədis də şahidlik edir. Belə ki, hədisdə buyurulur: “Ölümü tezləşdirən günahlar bunlardır: Qohumluq əlaqələrini kəsmək, yalandan and içmək, yalan sözlər danışmaq, zina, müsəlmanların yolunu kəsmək və haqsız yerə imamət iddiası etmək”. (Məanil-Əxbar: 271, hədis 2)
Məlum məsələdir ki, Allah qohumluq əlaqələrini kəsən, yaxud yalan danışan, zina edən və ya yol kəsən şəxsin ömrünü bu günahları edən kimi kəsmir. Bu hədis ona dəlalət edir ki, bu qəbih əməllər və o cümlədən də onlarla birgə qeyd edilən haqsız yerə imamət iddiası etmək ömrün yarımçıq olmasına və ölümün tezləşməsinə səbəb olur. Nəinki həmin anda ölməyə səbəb ola.
3-Tarix boyu bir çox şəxslər məhdəviyyat iddiasında olmuşlar. Lakin biz heç də bu şəxslərin öz batil iddialarını etdikləri anda öldüklərini görməmişik. Əksinə, onların bir çoxu bir neçə il yaşamış, özünə müəyyən sayda tərəfdar da toplamışlar. Bu isə bir daha onu göstərir ki, hədisi-şərifdə “ömürün kəsilməsi” dedikdə ölümün və əcəlin yaxınlaşdırılması nəzərdə tutulub.
Buna əsasən də, batil şəxslərin hələ də yaşamalarını insanlara göstərib “deməli biz bu işin həqiqi sahibiyik” demələri, sadəcə olaraq bu şəxslərin özlərini və digərlərini aldatmalarıdır. Çünki əsl həqiqətdə Allah onların ömürlərini kəsmiş, onlar üçün daha öncədən yazdığı təbii əcəli yarımçıq etmiş və onlar üçün çox pis bir məkan hazırlamışdır. “Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”(Şüəra surəsi, 227)
Tədqiq: Zuhuradogru.org
Məlumatlardan istifadə etdikdə etiqad.cf istinad vacibdir.