Məhdəviyyət hədisləri ilə bağlı şübhə və cavabı

Bismillahir rəhmanir rəhim

 

Məhdəviyyət məsələsi ilə bağlı müxaliflər tərəfindən tutulan iradlardan biri də İmam Məhdi (ə)-la bağlı əlimizə çatan hədislərin qondarma və ya zəif sənədli olması iradıdır. Bu iradlara qısa şəkildə cavab vermək istəsək belə deyə bilərik:

Hədislərin qondarma və ya uydurma olması fikrini səsləndirənlərin sözlərinə misal olaraq Muhəmməd Muhyiddin Əbdül-Həmidinin “əl-Urful-virdi fi əxbaril-Məhdi” kitabının son cildində etdiyi şərhdə dediyi bu sözü göstərə bilərik:

Bəzi tədqiqatçılar belə hesab etmişlər ki, Məhdi və Dəccal barədə gəlib çatan rəvayətlər “israiliyyat”dandır”(bax: əl-Məhdiyyul-Muntəzər (əl-Bustani): 46).

Buna cavab olaraq deyirik: Görəsən onlar bu iddianı necə edə bilərlər? Axı Məhdi və Dəccalla bağlı olan hədislər onların səhih kitablarında gəlmişdir. O kitablarda ki, içindəki bütün hədisləri səhih hesab etmişlər! Bundan başqa Tirmizi, Zəhəbi, İbni Kəsir, Hakim Nişapuri, Təftazani, Suyuti, Heysəmi və başqaları Məhdidən bəhs edən rəvayətləri səhih hesab etmişlər və hətta Şəvkani kimi bəzi alimləri təvatürə hökm vermişlər.

İkinci iddia isə bu hədislərin zəif olması ilə bağlıdır. Bu iddianı edənlərə misal olaraq İbn Xəldunu, onun fikirlərini izləyən Əhməd Əmini, Əbu Zəhrəni və Muhəmməd Fərid Vəcdini göstərə bilərik.

Bu irada iki yöndən cavab vermək olar:

1-İcmali (“mənəvi”) olsa belə təvatürün mövcud olması ilə birlikdə zəif hədislər heç bir problem yaratmır. Belə ki, əl-Qənvəci “əl-İzaə” kitabında deyir: “Məhdinin axirəz-zəmanda ay və ili təyin edilmədən çıxması məsələsində heç bir şübhə ola bilməz. Bu, bu babda gəlib çatan təvatür həddə rəvayətlərə görədir. Bunda sələfbəxələf ümmət ittifaq etmişdir. Yalnız fikirlərinə etina edilməyən bəzi şəxslərdən başqa”, həmçinin, deyir: “Bu məsələni inkar etmək müstəfiz, məşhur və təvatür həddinə çatan hədislər qarşısında cürət etmək deməkdir”(öncəki mənbə: 45, İzaədən nəqlən: səh.145, 146).

2-Bu şübhənin sahibinin özü – İbn Xəldun – etiraf edib demişdir: “Bu hədislər – özünüz də gördüyünüz kimi – az bir hissəsi istisna olmaqla tənqiddən xali deyillər” (Tarix, İbn Xəldun: 1/322). Bu sözün özü bir etirafdır ki, bu hədislərin bəzisi tənqid oluna bilməz (yəni sənəd baxımından səhihdirlər). Elə isə, onda tənqid olunmaqdan uzaq olan hədisləri qəbul etməməyə onlara nə mane olur?

 

Seyyid Əhməd əl-İşkuri, “əl-Əqidə əl-Məhdəviyyə: işkaliyyat və mualacat”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment