Kiçik qeyb dövrünün ümumi xüsusiyyətləri

Bismillahir rəhmanir rəhim

   Kiçik qeyb dövrü 260-cı hicri ilindən 329-cu hicri ilinədək davam etmişdir. Bu dövrün özünəməxsus bəzi xüsusiyyətləri vardır ki, onları ümumi olaraq aşağıdakı kimi quruplaşdırmaq olar:

1-Kiçik qeyb dövrünün müddəti böyük qeyb dövrünə nisbətdə çox məhdud olmuşdu. Kiçik qeyb dövrü 69 il davam etsə də böyük qeyb dövrü bu günədək davam etməkdədir.

2-Kiçik qeyb dövründə yaşayan şəxslərin böyük bir qismi İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Əsgəri (ə)-ın əshabı olmuş şəxslər idilər. Bunlara misal olaraq göstərmək olar: Əli ibn Cəfər Əbu Haşim, Davud ibn Qasim Cəfəri (hansı ki, beş imamı (ə) görmüşdü), Davud ibn Əbu Yəzid Nişapuri, Muhəmməd ibn Əli ibn Bilal, Abdullah ibn Cəfər əl-Həmiri, İshaq ibn Rəbi` Kufi, Əbul-Qasim Cabir ibn Yəzid Farisi, İbrahim ibn Abdullah ibn İbrahim Nişapuri və s.

3-Kiçik qeyb dövründə yaşayan şəxslərdən bəziləri İmam Məhdinin (ə.f) vəkilləri olmuşlar. Misal olaraq göstərə bilərik: Muhəmməd ibn Əhməd ibn Cəfər, Cəfər ibn Suheyl, Muhəmməd ibn Həsən Səffar, Əbdus Əttar, Sindi ibn Nişapuri, Əbu Talib Həsən ibn Cəfər əl-Fafa, Əbul-Buxtəri, Qasim ibn Əla Azərbaycani və s.

4-Kiçik qeyb dövründə İmam Məhdinin (ə.f) naibləri dörd şəxsdir. Bunlar: Osman ibn Səid Əmri, Muhəmməd ibn Osman, Hüseyn ibn Ruh Novbəxti və Əli ibn Muhəmməd Səməridir.

5-Kiçik qeyb dövründə yaşayan şəxslərin bəzisi alim və fəqihlərdir. Məslən, Şeyx Kuleyni, Şeyx Səduq, Şeyx Səduqun atası və s.

6-Bu dövrün üstün və fərqli cəhətlərindən biri də budur ki, həmin dövrdə (suallara) cavablar məktub şəklində şəxsən İmam Məhdi (ə.f) tərəfdən gəlirdi.

7-Bu dövrün digər bir fərqli cəhəti də həmin zamanda İmam Məhdinin (ə.f) əsl adının çəkilməsinin qadağan olunmasıdır. Belə ki, alimlərin nəzərinə əsasən həzrəti Məhdinin (ə) əsl adının çəkilməsini qadağan hədislər başqa dövrlər üçün deyil, məhz bu dövr üçün keçərlidir. Bu səbəbdən də kiçik qeyb dövründə həzrəti Məhdinin (ə) əsl adının çəkilməsi şiələrə haram edilmişdi.  

 

Tədqiq: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment