Kiçik qeyb dövrünün baş vermə səbəbi

Bismillahir rəhmanir rəhim

 

Məsum imamlar (ə) ümmətin zehnini İmam Məhdi (ə)-ın qeybə çəkilməsi üçün hazırlamışlar və buyurmuşlar ki, ey insanlar, sizin elə bir imamınız olacaq ki, gözlərinizdən gizli qalacaq. Yəni, Əmirəl-möminin (ə)-dan tutmuş İmam Əsgəri (ə)-a qədər olan bütün imamlar sizin aranızda idilər, siz onları görürdünüz, eşidirdiniz, lakin elə bir zaman olacaq ki, imamınız sizlərdən gizli qalacaq. Bilin, o on ikinci imamdır.

Nəzərə aldıqda ki, bu iş ümmət üçün yeni bir iş idi, o zaman ümməti buna hazırlamaq gərək idi. Qeybə çəkilmə ümmət üçün yeni bir təcrübə idi. Bəlkə də ümmət daha öncə məsumlardan bəzilərinin (ə) bir neçə gün və ya bir neçə ay qeybə çəkilməsi ilə qarşılaşmışdı, lakin onlar imamət dövründən ta Allahın izin verməsinədək olan bu qədər uzun bir müddət ərzində baş verəcək qeybə çəkilmə ilə qarşılaşmamışdılar. Buna görə də ümmətin bu təcrübəni həzm etməsi, onu qəbul etməsi, onun barəsində eşidib ona öyrəşməsi gərək idi. Buna görə də məsum İmamlar (ə) və hətta Allah Rəsulu (s) öz hədislərində tez-tez o həzrətin (ə) qeybə çəkilməsinə işarə etmişlər. Əgər qeybə çəkilmə barədə xəbər verən bu hədislər olmasaydı insanlar çaşqınlığa düşər, qeybətin qəfil baş verməsi səbəbindən inhirafa düçar olardılar.

İmamın (ə) qeybə çəkilməsi ilə bağlı buyurulan bütün bu qədər hədislər insanların qəlblərinin qeybdə olan imam düşüncəsini qəbul etməyə yönlədirməklə bağlı idi.

Bununla yanaşı İmamlar (ə) bu qeybə çəkilmənin bir sıra xüsusiyyətlərinə də işarə etmişlər. Məsələn, İmam Həsən Əsgəri (ə) hədislərinin birində bir nəfərə xitab edərək demişdir: “Osman ibn Səid əl-Əmri mənim vəkilimdir, onun oğlu da mənim oğlumun – sizin Məhdinizin vəkilidir” (Qeybəti-Tusi: 356, hədis 317). Hətta İmam Əsgəri (ə) İmamın (ə) ikinci naibi ilə bağlı da məlumat vermişdi. Bununla onlar camaatın zehinlərini kiçik qeyb dövrünə, naiblik sisteminə hazırlayırdılar.

Habelə, kiçik qeyb dövrünün özü də öz növbəsində İslam ümmətini daha böyük qeyb dövrü olan “qeybəti-kubra”ya hazırlamaq məqsədi daşıyırdı. Başqa sözlə, proses tədrici şəkildə irəliləyirdi.

Diqqət edin, ümmət ilk öncə böyük qeyb dövrü ilə qarşılaşmadı. Əksinə, kiçik qeyb dövrü ilə qarşılaşdı. Yəni, İmam (ə) öz qeybə çəkilməsinə səfirlər (naiblər) olmadan deyil, səfirlərlə başladı. Bu isə, şübhəsiz ki, insanların qeybəti qəbul etmələri və ona öyrəşmələri baxımından çox mühüm və gərəkli idi.

 

 

“əl-Qeybətus-Suğra”, “əl-Qaim” tədqiqat qrupu

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir

Leave a Comment