Kiçik qeyb dövründən öncə İmam Məhdi (ə)-ı görənlər

Bismillahir rəhmanir rəhim

 

Şeyx Səduq (r.ə) “Kəmalud-din” kitabında İmam Məhdi (ə)-ı görənlər və onunla danışanlar babında bir neçə hədis qeyd etmişdir ki, onlardan bəziləri aşağıdakılardır:

1-Muhəmməd ibn Osman əl-Əmri (r.ə), Muaviyə ibn Həkim və Muhəmməd ibn Əyyub ibn Nuh deyirlər: “Biz qırx nəfər idik və Əbu Muhəmməd Həsən ibn Əlinin (ə) evində idik, həzrət (övladını) bizə göstərib dedi: Bu məndən sonrakı imamınız, mənim sizin üzərinizdə olan xəlifəmdir. Ona tabe olun və məndən sonra dininizdə (əqidənizdə) parçalanmayın, yoxsa həlak olarsınız. Bilin, siz bu gündən etibarən bir daha onu görməyəcəksiniz”. Dedilər: “Həzrətin yanından çıxdıq. Bir neçə gün keçdikdən sonra Əbu Muhəmməd  əleyhis-səlam vəfat etdi ”.

2-Abdullah ibn Cəfər əl-Himyəri deyir: “Muhəmməd ibn Osman əl-Əmriyə (r.ə) dedim: Mən sizdən elə bir sual soruşuram ki, həmin sualı İbrahim (ə) Rəbbindən soruşmuşdu: “Rəbbim, mənə ölüləri necə diriltdiyini göstər. (Rəbbi) dedi: Məgər inanmırsan? Dedi: Xeyr, inanıram. Lakin qəlbim aram olsun deyə (soruşuram)”. Mənə bu işin sahibi barədə xəbər verin. Onu görmüsünüzmü? Dedi: Bəli. Onun bu cür boynu vardır. Bunu deyib əli ilə boğazına işarə etdi”.

3-Zu` ibn Əli əl-İcli fars olan bir nəfərdən belə nəql edir: “Samirra şəhərinə getmişdim. Əbu Muhəmməd (ə)-ın qapısına yollandım. Mən icazə almamışdan öncə həzrət məni çağırdı. Evə daxil olduqda mənə dedi: Ey Əbu filan, necəsən? Sonra mənə dedi: Otur ey filankəs. Sonra məndən ailəmdəki kişi və qadınlar barədə soruşdu. Sonra mənə dedi: Səni mənim yanıma gətirən nədir? Dedim: Sizin xidmətinizdə olmaq istəyirəm. Mənə dedi: Evdə qal.

Həmin şəxs deyir: Mən xidmətçilərlə birgə evdə qalırdım. Sonra isə bazardan onlara lazım olan şeyləri almağa başladım. Mən o həzrət (ə) qonaq otağında (və ya kişilər oturan otaqda) olduğu zaman izin almadan onun yanına daxil olurdum. Bir gün o qonaq otağında olan zaman onun yanına daxil olmaq (istədim). Bu zaman otaqda bir hərəkətlilik olduğunu eşitdim. Həmin vaxt həzrət mənə səslənib dedi: Olduğun yerdə qal, hərəkət etmə. Mən nə çölə çıxa bildim, nə də içəri girə bildim. Bu zaman yanında üstü örtülmüş bir şey olan bir cariyə otaqdan çıxdı. Sonra həzrət məni çağırıb dedi: Daxil ol. Mən otağa daxil oldum. Həzrət (ə) cariyəni çağırdı və o qayıdıb gəldi. İmam (ə) ona dedi: Yanında olan şeyin üstünü aç. O həmin şeyin üstünü açanda onun ağbəniz və gözəl üzlü bir oğlan uşağı olduğunu gördüm… Həzrət (ə) dedi: Bu sizin sahibinizdir. Sonra cariyəyə göstəriş verdi ki, onu aparsın. Bundan sonra Əbu Muhəmməd (ə) vəfat edənədək bir daha o uşağı görmədim”.

4-Yaqub ibn Mənquş nəql edib deyir: “Əbu Muhəmməd Həsən ibn Əli (ə)-ın yanına getmişdim. Həzrət evinin otaqlarının birində əyləşmişdi. Sağında bir otaq var idi ki, qapısından pərdə asılmışdı. Ona dedim: Ey ağam, bu işin sahibi kimdir? Buyurdu: Örtüyü qaldır. Mən örtüyü qaldırdım. Bu zaman beş yaşlarında, (yaxud) on və ya (yaxud da)  səkkiz, təxminən bu yaşlarda olan bir uşaq bizə tərəf gəldi. Geniş alınlı, ağ  rəngli, gözlərinin ağı dümağ olan, çiyinləri çıxıntılı, sağ yanağında xal olan və saçında kəpək olan bir uşaq idi. Əbu Muhəmməd (ə)-ın ayağı üstündə əyləşdi. Sonra həzrət (ə) mənə dedi: Sizin sahibiniz budur. Sonra uşaq ayağa qalxdı. Həzrət ona dedi: Ey oğlum, müəyyən müddətliyinə (otağa) daxil ol. O, otağa daxil oldu və mən də ona baxırdım. Sonra həzrət (ə) mənə dedi: Ey Yaqub, bax gör otaqda kimsə var? Mən otağa daxil oldum, lakin heç kəsi görmədim”.

 

“Kəmalud-din və təmamun-ni`mə”, Şeyx Səduq, II cild

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.      

Leave a Comment