Bismillahir rəhmanir rəhim
Şeyx Səduq (r.ə) “Kəmalud-din” kitabında Sinan Mosulidən belə nəql edir (c.2, səh.476):
Ağamız Əba Muhəmməd Həsən ibn Əli Əsgəri (ə) şəhid olan il adəti üzrə yenə də Qumdan və dağlıq ərazilərdən nümayəndə heyətləri mallarla birgə göndərilmişdilər. Lakin gəldikləri zaman onların Həsən (ə)-ın vəfatından xəbərləri yox idi. Samirra şəhərinə çatıb Həsən ibn Əli (ə)-ı soruşduqlarında onlara dedilər ki, “həzrəti itirmişik”. Onlar soruşdular: Bəs varisi kimdir? Dedilər: Qardaşı Cəfər ibn Əli. Onlar Cəfərin harada olduğunu soruşduqda onlara dedilər ki, “qayığına minib Dəclə çayına seyrə çıxıb. Orada şərab içir və yanında da müğənnilər vardır”.
Ravi deyir: Bunu eşidincə camaat bir-birinə dəydi və dedilər: Bu işlər imamın xüsusiyyətləri deyil. Orada olanlardan bəziləri dedilər: Gəlin qayıdaq və bu malları öz sahiblərinə qaytaraq.
Əbul-Abbas Muhəmməd ibn Cəfər əl-Himyəri əl-Qummi isə dedi: Gəlin bu şəxs qayıdanadək gözləyək. Gələr və məsələnin nə olduğunu daha dəqiq öyrənərik.
Ravi deyir: Cəfər qayıtdıqdan sonra nümayəndə heyəti onun yanına gedib dedilər: Ey ağa, biz Qum əhlindənik. Bizimlə birgə bir dəstə şiə və başqa şəxlər vardır. Biz Ağamız Əbu Muhəmməd Həsən ibn Əli (ə)-a (şəri) mallar gətirərdik. Cəfər dedi: Mallar haradadır? Dedilər: Bizim yanımızdadır. Dedi: Onları yanıma gətirin. Dedilər: Xeyr, olmaz. Bu malların verilməsinin xüsusi bir üsulu var. Cəfər dedi: Nədir o? Dedilər: Bu pullar və dinarlar bütün şiələrdən toplanır. Sonra onlar bu pulların hamısını bir kisəyə qoyub ağzını möhürləyirlər. Biz hər dəfə ağamız Əbu Muhəmməd (ə)-ın yanına gəldikdə o deyirdi: “Pulun hamısı ümumilikdə filan qədər dinardır. Onun filan qədəri filankəsin, filan qədəri də filankəsindir”. Beləcə bir-bir bütün pul (mal) sahiblərinin adlarını çəkirdi və möhürlərin üzərində hansı naxışın olduğunu deyirdi. Cəfər dedi: Yalan deyirsiniz, qardaşıma etmədiyi bir şeyi nisbət verirsiniz. Bu dediyiniz qeyb elmidir, halbuki, qeyb elmini Allahdan başqa kimsə bilə bilməz!
Camaat Cəfərin bu sözünü eşidincə bir-birlərinə baxdılar. Cəfər onlara dedi: Bu pulları mənə verin. Dedilər: Biz bu pulların sahibləri tərəfindən vəkil tutulmuşuq və bu pullara zaminik. Ona görə də onu ağamız Həsən ibn Əli (ə)-da gördüyümüz əlamətlərə sahib olmayan şəxsə verə bilmərik. Əgər sən imamsansa, onda bunu bizə isbat et. Əks halda biz pulları sahiblərinə qaytaracağıq və onlar da necə istəyərlər elə edərlər.
Ravi deyir: Cəfər xəlifənin yanına gedib – o zaman xəlifə Samirrada idi – onu onların əleyhinə qaldırdı. Elə ki, xəlifə onları yanlarına çağırtdı, onlara dedi: Pulları Cəfərə verin. Dedilər: Allah əmirəl-mömininə kömək olsun, biz bu pulların sahibləri tərəfindən vəkil və zamin tutulmuş şəxslərik və pullar bir dəstə insanın əmanətidir. Onlar bizə tapşırıblar ki, yalnızca əlamət və nişan gördükdən sonra onları təhvil verək. Bundan əvvəl Əba Muhəmməd Həsən ibn Əli (ə) ilə də belə edərdik.
Xəlifə dedi: Əbu Muhəmməddə olan əlamət nə idi? Dedilər: O dinarları və onların sahiblərini bizə deyir, göndərilən malların nə qədər olduğunu bizə bildirirdi. O belə edərdi, biz də pulları ona təhvil verərdik. Biz dəfələrlə ona nümayəndə heyəti göndərmişdik və hər dəfə də əlamət və nişanə bu olurdu. Əgər bu şəxs bu işin sahibidirsə, onda qardaşının etdiyini etsin. Əks halda biz pulları sahiblərinə qaytaracağıq. Cəfər dedi: Ya əmirəl-möminin, bunlar yalançıdırlar. Onlar qardaşımın adından yalan danışırlar, bu dedikləri ki, qeyb elmidir!
Xəlifə dedi: Bunlar elçidirlər. “Elçinin vəzifəsi isə yalnızca açıq-aşkar çatdırmaqdır”. Bunu eşidincə Cəfər tutulub qaldı və bir söz deyə bilmədi. Nümayəndələr dedilər: Yaxşı olardı ki, Əmirəl-möminin lütf edib şəhərdən çıxmağımız üçün bizə bir gözətçi təyin edəydi. Xəlifə bir nəfər yol göstərən təyin etdi və o şəxs onları şəhərdən çıxardı. Elə ki, şəhərdən çıxdılar, qarşılarına çox gözəl üzlü bir oğlan uşağı çıxdı. Zahirən elə görünürdü ki, xidmətçidir. O oğlan “ey filankəsin oğlu filankəs, ey filankəsin oğlu filankəs, mövlanızın dəvətinə cavab verin” deyə səslənməyə başladı. Dedilər: Sən bizim mövlamızsan? Dedi: Allaha pənah. Mən sizin mövlanızın nökəriyəm, gedin onun yanına. Ravi deyir: Onunla birgə həzrətin yanına getdik. Gəlib ağamız Həsən ibn Əli (ə)-ın evinə daxil olduq. Bu zaman onun oğlu Ağamız Qaim əleyhis-səlam-ın çarpayının üzərində əyləşdiyini gördük. Sanki əyninə yaşıl libas geyən ay parçası idi. Ona salam verdik, o da bizə cavabını qaytardı.
Sonra dedi: Pulun ümumi miqdarı, filan dinardır. Filankəs bu qədər göndərib, filankəs də filan qədər. Bu şəkildə bir-bir hamınının adını sadaladı. Sonra bizim geyimlərimizi, yüklərimizi və heyvanlarımızı bizə dedi. Biz bunları eşitdikdən sonra onu bizə tanıtdığına görə izzət və cəlal sahibi olan Allaha şükr səcdəsi etdik. Onun (imamın) qarşısında yeri öpdük. Sonra istədiyimiz sualları ondan soruşduq və o da cavab verdi. Beləcə pulları ona təhvil verdik. Qaim əleyhis-səlam bizə göstəriş verdi ki, daha pulları Samirraya gətirməyək. Həzrət bizim üçün Bağdadda bir nəfər şəxs təyin etdi ki bundan sonra pulları ona aparacaqdıq. Məktublar da onun əli ilə gələcəkdi (Osman ibn Səid əl-Əmriyə (r.ə) işarədir -müt).
Biz onun yanından ayrıldıq. O Əbul-Abbas Muhəmməd ibn Cəfər əl-Himyəri əl-Qummiyə hənut və kəfən verib dedi: Allah özün barədə sənə əcr versin. Ravi deyir: Əbul-Abbas rəhiməhullah Həmədana çatar-çatmaz vəfat etdi. Bundan sonra biz malları Bağdada aparıb təyin edilən naiblərə təhvil verirdik və məktublar da onların vasitəsilə gəlib çatırdı.
Şeyx Səduq, “Kəmalud-din və təmamun-nimə”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.