Keçmiş ümmətlərdə rəcət

Bismillahir Rəhmanir Rəhim

   Müxaliflərin müqəddəs Əhli-Beyt-şiə məktəbinə tutduğu iradlardan biri də bu məktəbin etiqad etdiyi “rəcət” əqidəsi ilə bağlıdır. Belə ki, onların fikrincə ölmüş bir şəxsin müəyyən bir müddət sonra yenidən dünyaya qayıtması mümkün deyildir və yaxud mümkün olsa belə, baş verməsi real deyil. Belə ki, hər hansı bir işin mümkün olması başqa şeydir, onun həyata keçməsi isə başqa bir şey. Lakin Qurani-Kərim ayələri və hədisi-şəriflərdən əldə edilən nəticəyə əsasən bəlli olur ki, bu iş həm mümkün, həm də real bir məsələdir. Biz bu yazımızda keçmiş ümmətlər arasında baş verən “rəcət” – qayıdış nümunələrindən bir neçəsini göstərməyə çalışacağıq.

1-Musa (ə)-ın qövmündən olan yetmiş şəxsin dirilməsi.

Musa (ə) öz qövmündən olan yetmiş şəxsi seçib Tur dağına apardı. Bu zaman qövmü o həzrətə “Rəbbini görmədən ona (Tövrata) inanmayacağıq” dedi və Allah onların bu sözlərinə görə onları həlak etdi. Lakin Musa (ə)-ın duasından sonra Allahu-təala yenidən onları həyata qaytardı və onlar rəcət edib həyatlarını davam etdirdilər.

2-Üzeyir (ə)-ın rəcəti.

Allah Üzeyir (ə)-ı günəş çıxdıqdan azacıq sonra öldürdü, onu diriltmək istədikdə isə günəş qürub edən vaxt diriltdi. “Dedi: Nə qədər qaldın, dedi: bir gün və ya bir günün yarısı qədər. (Allah) dedi: Xeyir, yüz il (ölü) qaldın. Öz yeməyinə və suyuna bax, hələ də xarab olmayıb. (Amma indi də bir) öz uzunqulağına bax (sümükləri çürüyüb). Biz səni insanlar üçün bir nişanə qərar verdik”. (Bəqərə surəsi, 259) Hədisi-şəriflərə əsasən, o həzrətin yemək və içməyi vəhşi heyvan və quşlardan qorunmuşdu. Habelə bir rəvayətə əsasən, o həzrət (ə) öz övladlarının yanına qayıdarkən özü cavan, övladları isə qoca şeyx görkəmində olmuşlar. Başqa bir rəvayətə əsasən isə o həzrət (ə) evdən çıxarkən iyirmi yaşında olan kənizlərini, evə qayıtdığı zaman qoca və gözləri tutulmuş yüz iyirmi yaşlı qadın şəklində görür.

3-İsa (ə)-ın ölüləri diriltməsi.

Həzrəti İsa (ə)-ın diriltdiyi ölülərin hər biri öldükdən sonra yenidən bu dünyaya qayıdıb yaşayır və nəhayətdə öz təbii əcəlləri ilə dünyadan köçürdülər. (Bax: Kafi: 8/337)

4-Əshabi-Kəhfin qayıdışı.

Əshabi-Kəhf (mağara əhli) Allahu-təalaya iman gətirən bir neçə gəncdən ibarət idilər və öz dövrlərində hakim olan zalım bir bütpərəstdən qaçıb mağaraya sığınmışdılar. Allah iman və ixlasları səbəbindən onları həmin zalım hökmdardan qoruyub uzun müddət onları mağarada saxladı: “Onlar öz mağaralarında üç yüz il və doqquz il artıq qaldılar”. Daha sonra isə onları dirildib dünyaya qaytardı.

5-Bəni İsraildən olan yaşlı kişinin qayıdışı.

Müfəssirlər qeyd edirlər ki, Bəni-İsraildən olan bir şəxs sərvətinə sahib çıxmaqdan ötrü öz qohumunu öldürür. Bundan sonra camaat bu qatilin kim olmasını bilmək istəyir. Allahu-təala əmr edir ki, bir inək kəsib onun bir hissəsini ölən şəxsə vursunlar və beləcə o şəxs dirilib qatilinin kim olduğunu desin. Bəni-İsrail çoxlu mübahisə və çəkişmədən sonra bir inək kəsib bir hissəsini ölən şəxsə vururlar. Bundan sonra o şəxs boğazından qan axa-axa dirilib öz qatilini tanıdır. Allahu-təala buyurur: “Biz dedik: “(İnəyin) bir parçasını ona (ölüyə) vurun!” Allah ölüləri belə dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız”.(Bəqərə surəsi, 73)  

6-Zül-Qərneynin rəcəti.

Əmirəl-möminin (ə) buyurur: “Həqiqətən də Zül-Qərneyn saleh bir bəndə idi. Allahı sevir, Allah da onu sevirdi. Allaha qarşı sidqlə (bəndəlik) etmiş, Allah da ona əvəzini vermişdi. O öz qövmünü Allah qarşısında təqvalı olmağa dəvət etdi. Lakin onlar onun başının bir tərəfinə vurub onu öldürdülər. Amma Allah onu diriltdi və o (ə) yenidən öz qövmünü Allaha tərəf çağırdı. Lakin bu dəfə də başının o biri tərəfindən vurdular və öldü. Bundan sonra “iki tərəf sahibi” – Zül-Qərneyn adlandırıldı”. Sonra həzrət buyurdu: “Onun kimi bir başqası da sizin içərinizdədir” (həzrət özünü nəzərdə tuturdu). (Təfsiri-Təbəri: 16/8) Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: “Həqiqətən də Allah Zül-Qərneyni öz qövmünə göndərmişdi. Onlar onun başının sağ tərəfindən vurdular. Bundan sonra Allah onu beş yüz il ölü saxladı. Sonra isə onu dirildib yenidən öz qövmünə tərəf göndərdi. Lakin (bu dəfə də) başının sol tərəfindən vurdular. Allah onu beş yüz il də ölü saxladı və sonra dirildib yenidən öz qövmünə tərəf göndərdi. Onu yerin şərqinə və qərbinə; günəş çıxan yerdən günəş batan yerə qədər olan əraziyə hakim etdi”. (Təfsiri-Qummi: 2/40)  

7-Əyyub (ə)-ın övladlarının rəcəti.

Əyyub (ə)-ın övladları öldükdən sonra Allahu-təala lütf edərək onları həyata qaytarmış və möhkəm kitabında buna işarə edərək buyurmuşdur: “Biz (həlak olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik”. (Ənbiya surəsi, 84). Əba Əbdillah Sadiq (ə)-dan nəql edilən bir hədisdə deyilir: “Pak və münəzzəh olan Allah onun övladlarını və mal-qarasını özünə qaytardı və üstəlik (bu mal-qaraya) bir o qədərini də əlavə etdi”. (Təfsiri-Təbərsi: 7/94, Təfsiri-Təbəri: 17/58)

 

 

Tədqiqat: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment