Bismillahir Rəhmanir Rəhim
Ədalət məsələsi
Cəbr-ixtiyar məsələsinin araşdırılması «ədalət» məsələsinin də qarşıya çıxmasına səbəb oldu.
Çünki, bir tərəfdən ixtiyar və ədalət, digər tərəfdən isə cəbr və ədalətsizlik arasında birbaşa əlaqə vardır, yəni dini vəzifə, cəza və mükafat yalnız ixtiyar olan yerdə məna kəsb edir. İnsan iradə azadlığı və ixtiyara malik olmayıb, ilahi iradə və ya təbii amillərin təsiri altında məcburiyyətdə olsa artıq, şəri vəzifə, mükafat və cəza heç bir məna daşımayacaq.
İslam kəlam alimləri iki dəstəyə bölünüblər. Elə ilk əvvəllərdən Mötəzilə adlandırılan qrup ədalət və ixtiyar tərəfdarı, sonralar Əşərilər adlandırılan «hədis əhli» isə cəbr və icbar tərəfdarı olublar. Əlbəttə müxalif qruplar ilahi ədaləti açıq-aşkar inkar etməyiblər, çünki hər iki dəstənin etiqad bəslədiyi Qurani-kərim, zülmü Allahdan qətiyyətlə rədd edərək Onun ədalətli olmasını sübuta yetirib. Onlar ilahi ədalət məsələsini xüsusi tərzdə təfsir edərək deyirlər ki, ədalət əvvəlcədən vəsf edilərək Allahın işləri üçün meyar kimi müəyyənləşdirilməsi mümkün olan bir həqiqət deyil; ümumiyyətlə Allahın işləri üçün meyar təyin etmək Onun üçün vəzifə müəyyənləşdirmək və Haqqın iradəsini məhdudlaşdırmaq deməkdir; məgər Haqqın işləri üçün qanun fərz edərək həmin qanunu Ona və Onun işlərinə hakim etmək olarmı? Bütün qanunlar onun məxluqudur və O, mütləq hakimdir, hər bir tabeçilik və hakimlik müqəddəs zatın mütləqliyinə ziddir. İlahi zatın ədalətli olmasının mənası, Onun əvvəlcədən müəyyənləşdirilmiş «ədalət qanunlarına» tabe olması demək deyil; əksinə Onun ədalətli olması Onun ədalət mənbəyi olması deməkdir; «O, ədalətli iş görər» deyil, «ədalət Onun etdikləridir» demək lazımdır. Ədalət və zülm onun işlərindən sonrakı və onların əsasında müəyyənləşdirilən bir şeydir. Ədalət, Allahın işlərinin meyarı deyil, Allahın işləri ədalətin meyarıdır. Necə deyərlər: «Xosrov nə etsə şirindir.»
Ədalət tərəfdarı olan Mötəzilə isə belə deyir: «Ədalət, özü bir həqiqətdir və Allah həkim və adil olduğu üçün Öz işlərini ədalət meyarları əsasında həyata keçirir. Biz işlərin zatına nəzər saldıqda, həmin işin ilahi zatın təkvini və təşrii iradəsinə bağlılığı nəzərə alınmadan görürük ki, onların bəziləri zati baxımdan digərlərindən fərqlənir. Məsələn, bəzi işlər, o cümlədən xeyirxah adamın mükafatlandırılması öz-özlüyündə ədalətli, cəzalandırılması isə zülmdür. Deməli, işlər öz zatlarında bir-birlərindən fərqli olduqları və Allah-taalanın müqəddəs zatı mütləq xeyir, kamal, hikmət və ədalət olduğu üçün O, öz işlərini ədalət meyarları ilə müəyyənləşdirir.
Işlərin yaxşi və pisliyinin zati olmasi
Burda təbii olaraq, qarşıya digər bir məsələ çıxır. Daha doğrusu ədalət məsələsini bir qədər də genişləndirərək «gözəllik və qəbahət»in zati olub-olmamasını aydınlaşdırmaq lazım gəlir. Görəsən işlər zati gözəllik və ya zati qəbahətliyə malikdirlərmi? Məsələn düzlük, əmanətdarlıq, yaxşılıq və bu kimi işlər öz zatlarında gözəl və zəruri olan işlər sayılırlarmı? Yaxud yalan, xəyanət, xəsislik və buna bənzər sifətlər çirkin və qəbahətdirmi? Görəsən yaxşılıq və bu kimi bəyənilən sifətlər gerçək və zati sifətlərdir və ümumiyyətlə hər bir iş onu görənin kimliyindən və xarici şəraitindən asılı olmayaraq, bu sifətlərdən hansı birinəsə mənsub olaraq onun ziddindən uzaqdır, yoxsa bunların hamısı şərtidir.
Ustad Mürtəza Mütəhhəri, İlahi Ədalət
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.