İsa (ə)-ın nüzul səbəbi

Bismillahir rəhmanir rəhim

   Bəziləri bir iddia irəli sürmüşlər ki, “həzrəti İsanın (ə) axirəz-zəmanda yerə enməsi fikri əslində, şəri hökümlərin aradan qalxması deməkdir. Çünki belə olduğu zaman həzrəti İsanın (ə) gəlişi ilə yer üzünə yeni bir peyğəmbər gəlmiş olur və bu da sonuncu Peyğəmbərin (s) peyğəmbərliyinin və şəriətinin ləğvi sayılır. Halbuki bu, Quranın açıq aşkar hökmünün: “(O) peyğəmbərlərin sonuncusudur..”- ziddinədir”.

Qeyd edək ki, Qurani-Kərimin açıq-aşkar bəyanları, həmçinin Allah Rəsulunun (s) “məndən sonra peyğəmbər yoxdur” və “mən sonuncuyam” kimi kəlamları axirəz-zamanda həzrəti İsanın (ə) gəlişini inkar etmir. Əksinə, bilmək lazımdır ki, həzrəti İsa (ə) gələrkən yeni bir dinlə, həzrəti Muhəmməd səllallahu əleyhi və alih-in şəriətindən ayrı bir şəriətlə gəlməyəcək. O həzrət (ə) nüzul etdiyi zaman bir peyğəmbər kimi deyil, həzrəti Muhəmmədin dininə tabe olan bir müsəlman kimi aşkara çıxacaq. Bu mənaya Allah Rəsulu (s) də işarə etmişdir: “Əgər Musa sağ olsaydı, (heç şübhəsiz) yalnızca mənə tabe olardı”.

Deyilə bilər ki: Nə üçün o zamanda digər peyğəmbərlər deyil, məhz İsa (ə) nüzul edəcək? Buna üç cəhətdən cavab verə bilərik:

-Belə olmasının səbəblərindən biri bu ola bilər ki, yəhudilər o həzrəti (ə) çarmıxa çəkib qətlə yetirdiklərini zənn edirlər. Bu məsələ Qurani-Kərimdə açıqca bildirilmişdir. Yəhudilər daim o həzrəti (ə) öldürdüklərini iddia etmiş, o həzrətə töhmətlər vuraraq sehr, cadu və s. kimi nalayiq işləri ona (ə) nisbət vermişlər. Lakin bunun əvəzində Allahu-təala onları zillət və xarlıqa düçar etmişdir. Allah İslamı əziz edib bayrağını ucaldan gündən bəri yəhudilər doğru-düzgün gücə, hakimiyyətə və qüdrətə sahib olmamışlar. Bu səbəbdən də axirəz-zəmanda sehirbazların ən fitnəkarı olan Dəccal ortaya çıxdığı zaman yəhudilər ona qoşulacaqlar və bununla onun ordusunda iştirak edib müsəlmanlardan intiqam almaq istəyəcəklər. Lakin onlar bu vəziyyətdə olduqları halda Allahu-təala onların öldürüb çarmıxa çəkdiklərini zənn etdikləri həzrəti İsanı (ə) yer üzünə göndərəcək. Allah həzrəti İsaya (ə) onların allahlıq iddia edən başçılarına (Dəccala) qarşı vuruşmaqda yardım edəcək və o (ə) da ətrafında olan möminlərlə birgə yəhudilərdən ibarət olan Dəccal qoşununu məğlubiyyətə uğradacaq. Yəhudilər o zaman qaçmağa bir yer tapmayacaqlar, hətta əgər onlardan birisi bir ağacın,daşın və ya divarın arxasında gizlənmək istəsə, həmin əşyalar səslənib deyəcəklər: “Ey Ruhullah (İsa) (ə), burada bir yəhudi var”. Bundan sonra həzrət də (ə) onu ələ keçirəcək. Sonra ya onu azad edəcək, ya da öldürəcək.

-Digər bir ehitmal isə bu ola bilər ki, o həzrətin (ə) nüzul etməsi Dəccalla döyüşməyə görə deyil, öz təbii əcəli ilə ölməsinə görə olsun. Çünki torpaqdan olan bir məxluq səmada ölməməlidir. Belə ki, Allahu-təala buyurur: “Sizi ondan (torpaqdan) yaratdıq, oraya da qaytaracağıq, (sonra isə) növbəti dəfə sizi oradan (haqq-hesab üçün) çıxaracağıq”. Bu səbəbdən də Allahu-təala onu yer üzünə göndərəcək ki, kimin ona tabe olub sözünü dinlədiyini görsün. Daha sonra onun ruhunu burada-yer üzündə alsın, möminlər ona namaz qılsın, o, peyğəmbərlərin (ə) dəfn edildiyi məkanda – Beytül-müqəddəsdə dəfn edilsin və qiyamət günü həşr olunduğu zaman peyğəmbərlərlə birgə həşr olunsun. Beləcə, ikinci ehtimala əsasən, o həzrətin (ə) nüzul etmə səbəbi qeyd etdiyimiz “yer üzərində ölmə” olur. Lakin bununla yanaşı həzrət gəldiyi zaman Dəccal da ortaya çıxmış olacaq və artıq öz zülmündə son həddə çatacaq. Bu zaman möminlərdən kimsə onunla döyüşə cürət etməyəcək. Belədə həzrəti İsa (ə) onunla vuruşacaq və onu və ordusunu qətlə yetirib məğlub edəcək. Deməli, bu fikirə əsasən, həzrəti İsanın (ə) nüzul səbəbi bir (başa olaraq) Dəccalla döyüşmək deyil, lakin prosesin gedişində o həzrət (ə) Dəccalla vuruşacaq.

-Üçüncü ehtimal isə budur ki, məlum olduğu kimi İncildə həzrəti Muhəmmədin (s) ümmətinin vəsfi vardır. Belə ki, Allahu-təala buyurur: “Bu, onların Tövratdakı və İncildəki məsəlidir…” Buna görə də həzrəti İsa (ə) dua edərək Allahdan onu sonuncu peyğəmbərin (s) ümmətindən etməsini istəmiş, Allah da onun duasını qəbul edərək onu (ə) səmaya aparmış və enəcəyi günədək onu insanlardan qorumuşdur. Buna əsasən, Allahu-təala axirəz-zamanda onu (ə) yer üzünə endirəcək və onu İslam dini üçün bir mücəddid qərar verəcək. Bu isə Dəccalın ortaya çıxdığı vaxtda baş verdiyindən o həzrət Dəccalla vuruşacaq və onu məğlub edəcək.

Demək lazımdır ki, həzrəti İsanın (ə) gəlişinin səbəbi bu sayılanlardan başqa bir səbəb də ola bilər. Allah ən doğrusunu biləndir.

 

Şeyx Muhəmməd Mutəvəlli əş-Şe`ravi “Əl-hikmətu min nuzuli-İsa (ə)” (əlavələrlə)

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment