İradlar və cavablar

Bismillahir rəhmanir rəhim

 

Müxaliflərin “məhdəviyyət” əqidəsi ilə bağlı şiə məktəbinə tutduğu iradlardan bəziləri də aşağıdakılardır:

1-Həzrətin doğumunun ümumi kütlədən gizli baş verməsi. Belə ki, bu, imamiyyə məzhəbinin məhdəviyyət məsələsi ilə bağlı düşüncəsini şübhə altına alır.

Cavab: Bu irada iki yöndən cavab vermək olar:

a-Doğumun gizli olması hətta Peyğəmbərlərdə (ə) də baş verib. Həzrəti Musa ibn İmran (ə) və həzrəti İbrahimin (ə) dünyaya gəlməsi kimi.

b-Bir kimsənin dünyaya gəlməsinin yaxın və uzaq şəxslərdən gizlədilməsi, –ümumi adətdən kənar olsa belə– tarixdə çox baş verib və tarix bu cür hadisələrlə doludur.

2-İmam Həsən Əsgəri (ə)-ın qardaşı Cəfərin varislik iddiası etməsi, İmam Həsən Əsgəri (ə)-ın birinci təbəqədən varisinin olmamasına dəlalət edir.

Cavab: Qeyri-məsum olan Cəfərin gördüyü bir işə əsaslanıb ondan dəlil olaraq istifadə etmək məqbul iş deyil. Belə ki, məsum olmadığına görə, o xəta, hətta günah da edə bilər.  Cəfərin imam oğlu olması onun məsum və ya doğru bir şəxs olmasını gərəkli etmir. Həzrəti Yusifin (ə) qardaşları buna ən yaxşı şahiddir.

Əgər bu məsələdən dəlil olaraq istifadə etmək düzgün işdirsə, onda gərək Peyğəmbərimizin (s) əmisi olan Əbu Ləhəbin də risaləti inkar etməsi düzgün iş ola! Hərçənd viladətlə risalət arasında fərq olduğunu qəbul etsək belə.

3-İmam Həsən Əsgəri (ə)-ın vəsiyyəti. Belə ki, o bu vəsiyyəti anasına edib və onu mal və mülkünə vəsi təyin edib. Bu vəsiyyətdə Məhdinin adının qeyd edilməməsi onun var olmadığına dəlildir. Çünki əgər mövcud olsaydı, adını vəsiyyətində qeyd edərdi.

Cavab: İmam Həsən Əsgəri (ə) öz vəsiyyətinə qanuni qiymət vermək istədikdə ona Vasiq, Muhəmməd ibn Məmun və Fəth ibn Əbdi-Rəbbih kimi bəzi hökumət tərəfdarlarını şahid tutdu. Bu isə, canını qorumaqdan ötrü övladının adının vəsiyyətə daxil edilməməsini gərəkli etdi.

4-Nə üçün digər imamlar gizlilik məsələsində İmam Əsgəri (ə) kimi davranmamışlar? Əgər məsələ övladının həyatı barədə narahatlıq idisə, onda bu məsələdə onunla digər imamlar arasında fərq yox idi. Elə isə (onun öz övladını gizlətməsinə) səbəb nədir?

Cavab: Həzrəti Məhdi (ə)-la bağlı olan rəvayətlərə əsasən, on ikinci imam olduqca mühüm bir siyasi rol ifa edəcək. Eləcə də o həzrətin mübarək inqilabının zamanı təyin edilməmişdir. Bu səbəbdən də hər bir hakim (bu məqamları nəzərə alaraq) İmam Məhdi (ə)-ı özünün ən əsas müxalifi ola biləcəyini ehtimal edir. Çünki o həzrətin (ə) əsas işi zalım hakimlərə qarşı çıxmaq və müqavimət göstərməkdir. Halbuki digər imamlarda (ə) bu şəkildə olmamışdır. Belə ki, onların davranışlarında əsas üslub təqiyyəyə riayət etmək olmuşdur və hətta bir sıra hallarda başqalarını da siyasi mübarizələrə qoşulmaqdan çəkindirmişlər. Bundan başqa, gizliliyi gərəkli edən səbəblər sair imamlar (ə) üçün zəruri olmamışdır. Bu mənada ki, onların zamanında imamət silsiləsinin davam etməsi və kəsilməməsi mümkün idi (əgər bir imam şəhid olardısa, özündən sonra gələn imam onun yerinə keçə bilərdi). Lakin İmam Məhdi (ə)-a gəlincə, vəziyyət bu şəkildə deyildi. Əgər həzrət gizlədilməsəydi və qətlə yetirilsəydi, o zaman imamət silsiləsi kəsilmiş olacaq və ilahi plan pozulacaqdı. Bu səbəbdən də İmam Həsən Əsgəri (ə) öz övladının doğumunu ümumi kütlədən gizləmiş və bununla ilahi proqramın və bəşəri xilaskarın qorunmasına vəsilə olmuşdur.

 

 

Seyyid Əhməd əl-İşkuri, “Əl-əqidətul-Məhdəviyyə”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment