İradlar və cavablar

Bismillahir rəhmanir rəhim

 

Birinci sual: Məhdinin təxminən min yüz yetmiş il bundan öncə dünyaya gəldiyinə və bu günədək sağ olduğuna etiqad etmək Allaha, Onun peyğəmbərinə və kitablarına iman etmənin zəruri hissələrindən sayılırmı? Əgər elədirsə, bəs nə üçün Quran açıqca buna işarə etməmiş və insanları buna etiqad etməyə çağırmamışdır? Həmçinin, buna etiqad etməyən şiə firqələrinin, məsələn, zeydiyyənin və ismailiyyənin hökmü nədir? Onların kafir olduqlarına hökm verə bilərikmi?

Cavab: Vəd edilən Məhdinin Həsən Əsgəri (ə)-ın oğlu olduğuna və onun hicri 255-ci ilində dünyaya gəlməsinə iman etmək şiə isna-əşəri (on iki imamçı) məzhəbinin zəruri prinsiplərindəndir. Bu zərurəti Peyğəmbər (s)-dən çatan səhih hədislər və şiənin cümhurunun nəsilbənəsil (imamlardan (ə)) bu barədə hədislər nəql etməsi sabit etmişdir. İmam Əsgəri (ə)-ın əshabından olan böyük sayda şəxs Həzrəti Məhdi (ə)-ın dünyaya gəlməsini o həzrətdən nəql etmişlər, o həzrətin (ə) öz oğlunun (ə) imamətini elan etdiyini, onun vəd edilmiş Məhdi olduğunu bildirdiyini rəvayət etmişlər. (Hətta bir çox sünni alimləri belə bu məsələni təsdiqləmişlər). Onlardan bir çox onu görmüşlər də. Buna gəlincə ki, nə üçün Qurani-Kərim açıqca bu mövzuya işarə etməmişdir, deyirik ki, Quran bir çox başqa zəruri İslami prinsiplərə də işarə etməmişdir. Məsələn, namazların rəkətlərinin sayı, Həcc günlərində Minada yeddi daş atmaq və s. kimi. Quran namazın əslinə işarə etməklə kifayətlənmişdir, onun təfsilatını bəyan etməyi isə Peyğəmbərə (s) həvalə etmişdir. Bu hal Əhli-Beyt (ə)-ın imaməti məsələsində və ya İmam Məhdi (ə) məsələsində də belədir. Quran onlar barəsində xüsusi bir üslubla danışmış, müəyyən hikmətə əsasən adları çəkməmişdir. Bəli, Qurani-Kərim axirəz-zəmanda Məhdinin əli ilə həyata keçəcək bir vədə işarə etmişdir. Lakin məsələnin təfsilatını Peyğəmbərə (s) həvalə etmişdir. Həzrəti Peyğəmbər (s) də açıqca bəyan edərək vəd edilən Məhdinin (ə) öz zürriyəsindən olduğunu, həzrəti Fatimənin (s.ə) övladlarından və Hüseyn (ə)-ın nəslindən olduğunu bildirmişdir.

Bu sualın cavabına gəlincə ki, Məhdiyə iman etməyənin hökmü nədir, şiə alimləri arasında ixtilaf yoxdur ki, belə bir şəxs şiəlikdən çıxmışdır. Hərçənd ki, İslamda qalmaqda davam edir.

İkinci sual: Məhdiyə iman qeybə imanın bir hissəsi sayılırmı? Nəzərə alsaq ki, Qurani-Kərim mələklərdən, cinlərdən və qiyamət günündən söhbət açmışdır, lakin Məhdidən danışmamışdır, necə deyə bilərik ki, bu məsələ qeybə imanın bir hissəsi sayılır?

Cavab: Qurani-Kərim qeybdən və onun bəzi mənalarından danışmışdır. Lakin heç də bütün mənalarını və növlərini bəyan etməmişdir. Peyğəmbər (s) və imamlar (ə) bəyan etmişlər ki, Məhdəviyyat məsələsi qeybin bir növüdür. Quranın İslamın bir gün bütün aləmi əhatə etməsindən və saleh şəxslərin yer üzünə sahib olmalarından xəbər verməsi qeybi bir vəddir və qeybdir. Peyğəmbərin (s) isə bundan xəbər verməsi ki, həmin bu vədi həyata keçirəcək şəxs onun nəslindəndir, bax bu da qeybdir! Bundan başqa imamlar daha öncədən xəbər vermişlər ki, on ikinci imam iki dəfə qeybə çəkiləcək: biri uzun, digəri qısa. Bu da qeybdir və baş vermişdir. Deməli, İmam Məhdiyə (ə) iman qeybə imandır və həqiqətdə Qurani-Kərim bunu bəyan etmişdir. 

 

Seyyid Sami əl-Bədri, “Şubuhat və rudud”             

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment