İntizarın dəyər və mükafatı

Bismilləhir Rahmənir Rahim

Yaxşılıqları təcəlli etdirəcək böyük qurtarıcının intizarında olanların və  yolunu gözləyənlərin nə xoş halına! Vəd edilən  xilaskarı gözləməklə günlərini keçirən kəslərin savabları nə qədər də böyükdür! Hz. Məhəmmədin (s.) soyundan gələcək olan Qaimi (ə.f)  gözləyənlərin nə qədər də uca və görkəmli məqamları vardır!

İntizar fəslinin sonunda gözləyiş içində olan kəslərin, fəzilət və məqamları haqqında, məsumların sözlərindən bir neçə hədis nəql etməyi uyğun gördük:

İmam Cəfər Sadiq (ə) belə buyurur:”…Xoş olsun bizdən olan Qaimi (ə.f) gözləyənlərin halına! Onlar, onun qeybəti dövründə, onun zühurunu gözləyərlər. Zühur etdiyində də ona itaət edərlər. Qorxmayacaq və üzülməyəcək olan “Allahın vəlisi” onlardır…”[1]

İmamın zühurunu gözləyən kimsənin, Allahın dostluq medalını sinəsinə taxmasından başqa sevinc verici bir şey ola bilərmi? Kədərlənməsinə və ümidsizliyə qapılmasına bir səbəb ola bilərmi? Çünki intizar inancı intizarda olanın həyatına və ölümünə dəyər qazandırar.

İmam Səccad  (ə) belə buyurur:”Qaimimizin (ə.f) qeybəti dövründə, bizim vilayətimizdə sabit qalanlara Allah, Bədr və Ühüddə şəhid olanların savabının min qat artığını verəcək.” [2]

Bəli, qeyb dövründə İmam Zamanın (ə.f) vilayətində sabit qalanlar və imam ilə etmiş olduqları əhdə vəfalı olanlar, Hz. Peyğəmbərin (s) ordusunda, Allah düşmənlərinə qarşı döyüşüb qana bulaşan əsgər kimidirlər!

Onlar, canlarını ölüm oxlarına sipər edərək Allah Rəsulunun (s.) həqiqi Xəlifəsinin (ə.f) zühurunu gözləyən kəslərdir. Məhz onlar, hər vaxt  döyüşdə haqq cəbhəsinin komandirinin yanındadırlar.

İmam Cəfər Sadiq (ə) belə buyurmuşdur:”Əgər sizdən biri İmam Məhdinin (ə.f) zühurunu gözlədiyi bir halda ölsə, Qaimin (ə.f) çadırında və onun yanında olan kəs kimidir! Bir az durduqdan  sonra İmam (ə) belə  davam etdi: Xeyr, Həzrətin (ə.f) yanında qılınc çəkib döyüşən şəxs kimidir.” Sonra belə buyurdu: “Allaha and olsun! Rəsulullahın (s.) yanında şəhidlik şərbəti içən kəs kimidir. “[3]

Bu dəstəni, əsrlər öncə böyük İslam Peyğəmbəri Hz. Məhəmməd (s.) öz qardaşları və yoldaşları olaraq tanıtmışdır. Onlara olan məhəbbət və əlaqəsini dilə gətirmişdir.

İmam Məhəmməd Baqir (ə) belə buyurur: “Bir gün Peyğəmbər (s.) səhabələri ilə birlikdə oturarkən belə buyurdu:” Allahım! Qardaşlarımı mənə göstər! Bu cümləni iki dəfə təkrar etdi. Səhabələr “Ey Allah Elçisi (s.)! Biz sənin qardaşların deyilikmi? “dedilər. Həzrət (s.) belə buyurdu: “Xeyr, sizlər mənim səhabəmsiniz. Qardaşlarım, axır zamanda gələcək olanlardır. Məni görmədikləri halda mənə iman gətirəcəklər. Allah onları mənə, özlərinin və atalarının adları ilə tanıtdı… Onların dinləri mövzusundakı dayanıqlılıqları; gecə qaranlığında  tikanları qoparmaqdan və yandırıcı atəşi ələ almaqdan daha çətindir. Onlar hidayət məşəlləridir. Allah onları fitnə oxlarından qurtarmışdır. “[4]

İslam Peyğəmbəri (s.) belə buyurmuşdur:”Əhli Beytimdən olan Qaim (ə.f) qiyam etmədən əvvəl, ona uyub, dostları ilə dost, düşmənləri ilə düşmən olub və ondan əvvəlki İmamları (ə) sevib onları dərk edən kəslər nə xoşbəxtdirlər. Onlar mənim qardaşlarımdır. Onlar, dostlarım və məhəbbət eşitdiyim kəslərdir. Onlar, ümmətimin ən qiymətli insanlarıdır. “[5]

Peyğəmbərin (s.) yanında belə bir mövqeyə çatan kəslər, Allah Rəsulunun (s.) “Qardaşlarım” deyə xitab etdiyi kəslərdən olma səadətinə çatmışlar. Bu, eşq və məhəbbət ilə dolu olan bir xitabdır. Bu da onların Allah (c.c) qatındakı məqamlarını və şərəflərini göstərir.

İmam Məhəmməd Baqir (ə) belə buyurmuşdur:”İnsanların imamının itkin olacağı bir zaman gələcəkdir. Bu dövr içində bizim vilayətimizdə sabit qalanlara xoş olsun! Onların ən az mükafatı bu olacaq; Allah Təala onlara nida edəcək: “Ey qullarım! Mənim sirrimə (Qaib İmama (ə.f)) iman gətirib dəstəklədiniz. Sizləri yaxşılıq mükafatım ilə müjdələyirəm. Həqiqətən sizlər, mənim qullarımsınız. Sizin əməllərinizi qəbul edirəm. Günahlarınızı da bağışlayıram. Sizin (bərəkətiniz) ilə bəndələrimin üzərinə yağış göndərirəm. Bəlaları onlardan uzaqlaşdırıram. Əgər sizlər (insanların içində) olmasaydınız, qəti olaraq əzabımı (günahkar insanların) üzərlərinə göndərərdim “. [6]

Heç düşündünüzmü? Zuhuru gözləyənlərin gözlərinin nuru nədir? Sakitləşməyən ürəklərini sakitləşdirən şey nədir? Vəd edilmiş xilaskara qovuşmaq üçün bir ömür gözləyiş içində gözlərini məhbublarının gəlməsi üçün yollara dikən və bu yolda bir çox çətinlikləri aşan kəslər; məşuqlarıyla birlikdə olmaqdan daha az bir mükafata razı olarlarmı? Bundan daha gözəl bir son və görkəmli bir aqibət ola bilərmi?

İmam Musa Kazım (ə) belə buyurur:”Qaimimizin (ə.f) qeybəti dövründə bizim dostluq ipimizə sarılan və düşmənlərimizdən uzaq qalan kəslər nə xoşbəxtdirlər. Onlar bizdəndir və biz də onlardan. Onlar bizim öndər və rəhbər olmağımıza razıdırlar (imamətimizi qəbul edərlər). Bizlər də onların dostumuz olmalarından razıyıq. Xoş hallarına! Allaha and olsun onlar qiyamət günündə bizimlə eyni dərəcədə və mövqedə olacaqlar. “[7]

“Məhdilik mövzusunu araşdırmağın önəmi”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

————————————————– —————-

[1] – Kəmaluddin, c.2, bab.33, h.54, s.39

[2] – Kəmaluddin, c.2, bab.31, h.6, s.592

[3] – Biharul-ənvar, c.52, s.126

[4] – Biharul-ənvar, c.52, s.123

[5] – Kəmaluddin, c.1, bab.25, h.2, s.535

[6] – Kəmaluddin, c.1, bab.32, h.15, s.602

[7] – Kəmaluddin, c.2, bab.34, h.5, s.43

Leave a Comment