İnsani dəyərlər

Bismillahir Rəhmanir Rəhim

İnsan da iki “öz” vardır: Heyvani və insani “öz”. İnsanın dəyəri heyvani “öz” ilə yox, onun insani “öz”ü ilə ölçülür. Heyvani “öz” həqiqətdə özününkü və müstəqil deyildir. İnsanın heyvan olmasına, özünün heyvani həyatının tələblərinə diqqət yetirməli olmasına baxmayaraq, bu dünyada heyvan kimi yaşamaq üçün gəlməmişdir. O, insani həyatının təkmilləşdirmək üçün öz heyvani həyatından istifadə etməlidir.

İnsanın hər iki – heyvani və insani həyatında müxtəlif ehtiyacları vardır və onların mənbəyi də vücudunda qoyulmuşdur. Heyvan olub inkişaf etməli olduğuna görə suya, qidaya, yaşayış məskəninə, paltara və s. ehtiyacı vardır. O, diri qalmaq üçün suya, qidaya ehtiyac duyur, həmin ehtiyacın təmin olunması üçün ciddi cəhdlə səy göstərir. Onun varlığında aclıq, susuzluq, yeməyə, suya olan meyl və ləzzət hissləri qoyulmuşdur. İnsan növünün qalıb davam etməsi üçün onun varlığında cinsi qərizə və həyat yoldaşına olan meyl hissi qoyulmuşdur.

İnsan öz nəslinin qalıb davam etməsini sevir. Öz həyatını davam etdirmək üçün heyvani həyatının tələblərini də ödəməlidir. Yeməyi gördükdə, aclıq hiss edib yemək istədikdə öz-özünə deyir: “Yemək hazırlayıb yeməliyəm. Əgər bu məqsədin həyata keçməsi yolunda müəyyən maneələr olsa onunla mübarizə aparmalıyam.” Bu hiss pis bir şey deyildir. Çünki insan öz həyatını davam etdirmək üçün işləməli, yeməli və içməlidir. İslamda nəinki onun qarşısı alınmamış, əksinə bu işə tövsiyə edilmişdir. Lakin bunu da bilmək lazımdır ki, heyvani həyat hədəf deyil, sadəcə bir müqəddimədir. Əsil deyil, ikinci dərəcəlidir. Deməli, əgər bir kəs heyvani həyata üstünlük versə və özünün heyvani meyl və istəklərini təmin etmək üçün gecə-gündüz ciddiyyətlə çalışsa, öz həyatının hədəfini yemək, içmək, istirahət etmək, geyinmək, şəhvətbazlıq etmək, heyvani qərizələri təmin etmək qərar versə, belə bir şəxs tam mənada azğınlığa düçar olmuşdur. Çünki özünün mələkuti ruhunu və insani əqlini kənara qoymuş və onu “unutqanlıq evində” həbs etmiş olur. Belə bir şəxsi insan hesab etmək olmaz. Belə bir insan, əslində, insan surətində olan bir heyvandır. Onun əqli vardır, lakin öz əqlinə o qədər əhəmiyyət vermir ki, insani səciyyələri, əxlaqi fəzilətləri tanıyıb onun ardınca gedə bilsin. Gözü və qulağı vardır, lakin həqiqətləri görüb eşitmir.

Qurani-Kərim belə şəxsləri heyvan, hətta ondan da azğın adlandırır. Çünki heyvanın ağlı yoxdur və dərk eləmir. Lakin belə insanın əql qüvvəsi ola-ola heç bir şeyi başa düşmür.

Quranda buyurulur:  “Əgər sənin dəvətini qəbul etməsələr bil ki, onlar öz həvayi-nəfslərinə tabe olurlar. Allahın hidayətini boşlayıb öz həvayi-nəfslərinə tabe olanlardan da azğın bir şəxs ola bilərmi?! Allah zalımları heç vaxt hidayət etməz.”

Başqa bir ayədə buyurulur:  “Həqiqətən cin və insanlardan çoxunu cəhənnəm üçün yaratmışıq (yəni onlar düzgün olmayan seçim əsasında cəhənnəmə gedərlər). Çünki onların qəlbi var, lakin onunla başa düşmürlər, gözləri vardır, lakin onunla görmürlər, qulaqları vardır, amma onunla eşitmirlər. Bunlar heyvanlar kimi, hətta onlardan da azğındılar. Onlar qafil olanlardır.”

Başqa bir yerdə buyurulur:  “O şəxsi gördünmü ki, elm üzündən (bilə-bilə) öz həvayi-nəfsini öz məbudu qərar verdi? Allah da onu zəlalətə saldı, qulaqlarına və qəlbinə möhür vurdu, gözlərinə pərdə saldı! Allahdan başqa kim onu hidayət edə bilər?! Nə üçün öyüd-nəsihət (ibrət) almırsınız?”

Mələkuti nəfsini, insani kamal və səadətini nəfsani istəklərə və heyvani həyata qurban verənlər nə qədər ziyankar və bədbəxtdirlər! Onlar öz insani nəfslərini heyvani ləzzətlərə dəyişmişlər.

Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur:  “(Əsl) xəsarət görən o kəsdir ki, dünyaya qarışmaqla axirət həyatında olan bəhrəsini əldən versin.”

Yenə buyurur:  “Öz nəfsini çirkin, yaramaz işlərdən saxla, baxmayaraq ki, o, səni rəğbətli olduğun işlərə çəkir. Çünki öz nəfsindən verdiyin şeylər müqabilində əvəz almırsan. Özünü başqasına qul etmə, halbuki Allah səni azad yaratmışdır. Bir xeyir ki, şərdən başqa bir şey ilə əldə olunmaz, xeyir deyildir. Çətinlikdən başqa şey ilə əldə olunmayan xeyir asan olmaz.”

Başqa bir yerdə buyurur: “Necə də pis ticarətdir dünyanı öz nəfsinin dəyəri kimi bilib və onu Allah yolunda olanların əvəzində satmaq.”

Amma insan “heyvani öz” də xülasələnmir. Onun insani bir “öz” ü də vardır və onun səbəbi ilə müqəddəs aləmdən gələn mücərrəd və mələkuti bir gövhər sayılır və heyvani istəklərdən tamamilə başqa olan dəyərləri tələb edir. Əgər insan öz zatına, mələkuti ruhuna baxsa, özünü yaxşı-yaxşı tanısa biləcəkdir ki, qüdrət, kəramət, elm, rəhmət, bəxşiş, nur, ehsan, xeyir və ədalət aləmindən, bir sözlə kamal aləmindən gəlmişdir və həmin aləmlə mütənasibdir.

Burada insanın başqa bir bəsirəti olmalı və digər bir aləmə baxmalıdır. O, Mütləq kamala baxaraq onun dəyərlərinə meyl edir, həmin dəyərlərdən istifadə edərək öz nəfsini heyvaniyyətin aşağı mərhələsindən hərəkət etdirərək kamalın yüksək mərhələlərinə çatdırır və ilahi dərgaha yaxınlaşır.

Məhz burada əxlaqi dəyərlərin yüksək məqamı aydın olur. İnsanın elm, ehsan, xeyirxahlıq, fədakarlıq, ədalət, bəxşiş, məhrumları, zəifləri müdafiə etmək, doğruçuluq, düzgünlük, əmanətdarlıq kimi dəyərləri istəməsinin səbəbi də məhz budur ki, özünün kamal aləmindən gəldiyini bilir. Belə dəyərlərin özünün yüksək insani məqamına mütənasib olduğunu görür. Məhz buna görə də bunları sevir, hətta öz heyvani “özünü” və onun istəklərini bu dəyərlərə çatmaq yolunda qurban verməyə razı olur.

Əxlaqi dəyərlər və insani keyfiyyətlər bir sıra ruhani-mənəvi kamallardan ibarətdir ki, insanın mələkuti ruhu onların özünün kamal istəyən ehtiyacları ilə tənasübünü dərk edir və bilir ki, bu işləri görmək lazımdır. Əxlaqi cəhətdən “yerinə yetirilməli”lərin mənşəyi nəfsin şərafət və kəramətindən qaynaqlanır və ruhani kamala, zatın yüksəkliyinə çatmaq üçün istifadə olunur. “Haqq yolunda fədakarlıq etməliyik” deməsinin mənası budur ki, fədakarlıq mənim zatımın təkamülə çatması, tərəqqi etməsi üçün faydalıdır və bu yüksəkliyə çatmalıyam. İnsanların mənəvi kamallara çatmasının yeganə bir vasitəsi vardır və bütün insanlar dəyərləri və dəyərlərə zidd olan şeyləri tanınmaqda bir-birinə oxşar yaradılmışdır.

İnsan özünün pak və kamal sevən fitrətinə müraciət etdikdə, həvayi-nəfsi kənara qoyub düşünsə həm əxlaqi fəzilətləri və dəyərləri, həm də əxlaqa zidd olan fəzilətləri anlaya bilər. Bu, bütün insanlarda və bütün dövrlərdə belə olmuşdur. Amma insanlardan bəzilərinin belə müqəddəs bir idrakdan məhrum olmalarının səbəbinə gəldikdə isə, demək lazımdır ki, onların güclü heyvani meylləri və şiddətli həva-həvəsləri ağıllarının nurunu söndürmüşdür və özləri də nəfsin təsiri altına düşmüşdür. Quran da fəzilətlərin və rəzilətlərin dərk olunmasını insanların fitri bir xüsusiyyəti hesab edərək buyurur:  “And olsun nəfsə və o kəsə ki, nəfsi gözəl yaratdı, azğınlıq və təqva yolunu ona öyrədib ilham etdi. Belə isə hər kəs öz nəfsini saflaşdırıb pərvəriş versə qurtuluşa nail olacaqdır, hər kəs onu günah və çirkin əxlaqla aludə etsə ziyan görəcəkdir.”

 

Ayətullah İbrahim Əmini, Nəfsin saflaşdırılması

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment