İmamla (ə) görüş istəyən nəfsindən keçməlidir

Bismillahir rəhmanir rəhim

 

Seyyid Həsən Əbtəhi “Kəmalate-Ruhi” kitabında deyir:

Bu hadisəni böyük mərceyi-təqlidlərdən biri nəql edib. Ondan da bu hadisəni güvənilən bir adam nəql edir. Deyir:

Tehran alimlərindən biri öz başına gələn bir hadisəni mənə nəql etdi ki, hadisə belədir:

Bir gün yaşlı bir kişi – Adı Şeyx Həsən idi – qapımızı döyüb dedi: Elmi hövzədə keçilən dərsləri oxumaq istəyirəm.. Gərək “Camiul-müqəddimat” [1]kitabından mənə dərs deyəsiniz.

Mənim isə çoxlu işlərim olduğundan o şəxsə dərs deyə bilməzdim. Bundan başqa yeni başlayanlar üçün olan bu kitabdan dərs demək mənə görə deyildi. Lakin bununla belə onun istəyinə cavab verdim və dərsə başladıq.

Günlər keçdikcə bu Şeyx Həsənə öyrəşdim və onu sevməyə başladım. Hətta ən yaxın adamlarımdan birinə çevrildi. Vaxtının əksər hissəsini evdə mənimlə birgə keçirirdi.

Günlərin bir günü ona dərs deyirdim. Tədrsidən öncə dərs hazırlamamışdım. Mənə dedi: Dünən dərs oxumamısan.. Sən yeni ailə qurduğundan yeni xanımın az mütaliə edəsən və ona daha artıq vaxt ayırasan deyə kitabını filan yerdə gizlədib. Ona görə də dünən dərs oxumaq istədikdə kitabı axtarmısan, amma, tapmamısan!

Bu Tehranlı alim deyir: Şeyx Həsənin dediyi yerə baxdıqda kitabı orada tapdım. Sonra bu məsələni yeni xanımımdan soruşdum və o da etiraf etdi ki, kitabı dostum Şeyxin göstərdiyi yerə qoyubmuş. 

Şeyxdən bunu necə bildiyini soruşdum. Dedi:

Mənim başıma bir hadisə gəlib ki, heç kəsə danışmaram. Amma sənə danışacağam, çünki sən mənim ustadımsan:

Mən Məşhəd şəhəri tabeliyində olan bir kənddə yaşayırdım. Atam kəndin alimi idi. İyirmi il bundan öncə atam vəfat etdi.. Kənd camaatı yığışıb belə qərara gəldilər ki, atamın yolunu davam etdirmək üçün onun əmmaməsini mənim başıma qoysunlar. O qədər israr etdilər ki, nəhayət məni özlərinə alim etdilər. O günlərdə mən gənc idim və nəfsim məni özünə əsir etmişdi. Buna görə də bilmədiyim bir şey barədə sual olunanda “bilmirəm” deyə bilmirdim. Beləcə düz iyirmi il bu insanlar içərisində elmsiz və mərifətsiz olaraq “alimlik” etdim. Özümdən onlar üçün əqidə məsələləri qondarır, haram-halal məsələlərində ürəyim istəyən və könlümə yatan fətvalar verirdim. Bəlkə on dəfələrlə onlar üçün qeyri-səhih və həqiqət olmayan hadisələr danışmışdım. Bundan əlavə.. İmam (ə)-ın xüms payına əl qoymuş, ondan şəri izn olmadan istifadə edirdim.

Elə bu minvalla da davam edirdim, ta ki, bir gün güzgüdə üzümə baxana qədər. Bu zaman gözümə üzümdə olan bir şey sataşdı və gördüyüm məni daxildən sarsıtdı. Artıq qocalıq saqqalıma düşmüş, saqqalımın bir hissəsi ağartmışdı.. Bu zaman başa düşdüm ki, üzümdə yaşlılıq nişanəsi zahir olub. Məni danlayan “nəfsi-ləvvaməni” və hesab soruşan “qəlb”i hiss etdim, deyirdilər: “Görəsən elmin olmadığı bir halda nə vaxtadək bu camaata hiylə-kələklə başçılıq edəcəksən..?”

O andaca özümdən asılı olmayaraq yerə qapandım. Acı-acı ağlayır, göz yaşı tökürdüm. Nəhayət axşam olunca məsçidə gedərək minbərə çıxdım. Həqiqət nədirsə camaata danışıb etiraf etdim. Dedim: Mən elmim olmadığı bir halda bir çox məsələrdə sizin üçün fətva vermişəm. Və sizin etdiyiniz dini əməllərin böyük bir hissəsi batil əməllərdir. Buna görə də sizlərdən üzr istəyirəm və məni bağışlamağınızı xahiş edirəm.

Kəndin camaatı elə bildi ki, mən bunu deməklə təkəbbürümü sındırmaq istəyirəm. Lakin görəndə ki, ciddiyəm, sözlərim də ciddidir və sözlərim təvazökarlıqdan deyilən sözlər deyil, tez məni minbərdən salıb üzərimə sillə-yumruqla vurmağa başladılar və məni kənddən çıxartdılar.

Xanımım və övladlarım məni tərk etdilər; çünki mən onlar üçün rüsvayçılıq səbəbi olmuşdum..  və mənimlə olan əlaqələrini kəsdilər. Belə olunca təkbaşıma və ayaqla Tehrana tərəf üz tutdum.

İnsan olmayan boş çöllərdə sərgərdan vəziyyətdə dolaşırdım. Bir ya iki gün idi ki, dilimə su və yemək dəymirdi. Üstümdə pul da yox idi. Nəhayət Tehran yaxınlığına gəlib çatdım. Çəkdiyim qəm, düşdüyüm sıxıntı və bəxtsizlik səbəbindən tamamilə gücdən düşmüşdüm. Allahu-təalaya yalvarıb yardım diləməyə başladım.

Dedim: Ya Rəbb, ya məni bu dünyadan apar, ya da mənə nicat ver. Mən bunu Sənin üçün etdim. Əlimdən tut.. məni öz yaxınlarından et.. , günah və təqsirimdən keç!

Bu vəziyyətdə dua edirdim ki, çöllükdə mənə tərəf gələn heybətli bir seyyid gördüm. İlk əvvəl onu görüncə narahat oldum: Görəsən, bir andaca mənim yanımda necə peyda olmuşdu?  Nə gizlədim, o zaman ondan bir qədər qorxdum. Lakin son dərəcə mehribanlıqla adımı çəkdikdə aram oldum. Dedi: Qəm yemə. Allah səni bağışlayar. Sonra bu mənada olan başqa sözlər də dedi ki, eşidincə sanki bir andaca əl-qolundakı zəncirlərdən azad olan bir şəxs kimi olmuşdum. Əmin oldum ki, bu adam mənə kömək etmək üçün gəlib.

Daha sonra bu seyyid mənə dedi: Sabah səhər “Mirzə Mahmud Vəzir” mədrəsəsinə gedərsən. Mədrəsənin işlərinə rəhbərlik edən şəxsə deyərsən: Bu gün boşalan filan otağı qalmaq üçün mənə verin. O da qalmaq üçün həmin otağı sənə verəcək. Sonra da filan alimin (-o şəxs sənsən, ey ustad) yanına gedərsən və ondan sənə dərs deməsini istəyərsən. O da edəcək. Bu pulları da götür.. sən oxumalısan. Nə vaxt darıxsan, məni yad et və mən də gəlib səninlə danışım.

Nə demişdisə hamısını etdim. Sənin yanına gəldim və sən də dərsindən yararlanmağıma icazə verdin. Mənim üçün xüsusi dərs təyin etdin. Bu müddət ərzində sənə dediyim gizli işlərin hamısını o mənə öyrədib ki, sənə deyəm.

Tehranlı alim deyir: Şeyx Həsənə dedim: Onunla görüşməyim üçün izin ala bilərsiniz?

Sanki adi bir şeymiş kimi dedi: Bəli, mən çox vaxt onu görürəm. Mütləq sənə icazə verər!

Həmin gün Şeyx Həsən getdi, lakin qayıtmadı.. Bir neçə gün keçdi, amma dərslərə gəlmədi. Bir neçə gündən sonra gəlib dedi: Görüş barədə Ağamla danışdım.. Lakin sənə bunu deməyimi tapşırdı: «Nə vaxt Şeyx Həsən kimi özünü sındırarsan və din yolunda addımlayıb onun kimi nəfsindən keçərsən.. biz özümüz səni görməyə gələrik..» Səndən üzr istəyərək deməliyəm ki, Ağam Vəliyyi-əsr (əleyhis-səlam) mənə bir daha buraya gəlməməyi tapşırdı.

Tehranlı alim deyir: Bundan sonra Şeyx mənimlə vidalaşıb getdi və bu mənim onunla olan son görüşüm oldu.

 

“Kəmalate-Ruhi”, Seyyid Həsən Əbtəhi

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

 


[1] – «Camiul-müqəddimat» ərəb dilini yeni öyrənənlər üçün nəzərdə tutulmuş kitabın adıdır.

Leave a Comment