Bismillahir Rəhmanir Rəhim
İmamın (ə.f) böyük və kiçik qeybət dövründə bir çox şiə şəxsiyyətlərinə, xüsusilə də özünün xas naiblərinə xitab etdiyi məktubları vardır. Bu məktublar bəzən verilən suallara cavab xarakteri daşımışdır. Təəssüf olsun ki, yalnız məhdud sayda məktub bu günümüzə çatmışdır.
Lakin İmamın (ə.f) Şeyx Müfidə (r.ə) yazdığı məktublar və onu digər şəxslərə yazılan məktublardan fərqləndirən ibarələr salamat qalmışdır. İmamın (ə.f) Şeyx Müfidə (r.ə) bu tərzdə etdiyi tərif və sənalar başqa bir şəxs barəsində gəlməmişdir. Əgər İmamın (ə.f) dörd xas səfirinə və vəkilinə ünvanladığı məktublara müraciət etsək, heç bir kəs barəsində Şeyx Müfidə (r.ə) ünvanlanmış və onun fəzilətini bəyan edən mədh və sənalarla rastlaşmırıq. Bu isə Şeyxin (r.ə) Əhli-beyt (ə.s) yanındakı yüksək məqamına dəlalət edir.
Birinci məktub
Əllamə Təbərsi deyir: Qeyd olunan məktub müqəddəs zat (ə.f) tərəfindən 410-cu ilin səfər ayının sonunda Şeyx Müfid Əbu-Əbdullah Muhəmməd ibn Muhəmməd ibn Numana yazılmış və Hicaz tərəfdən gələn şəxs tərəfindən ona çatdırılmışdır.
“Ləyaqətli qardaşım, düzgün yolda olan köməkçim Şeyx Müfid Əbu Əbdullah Muhəmməd ibn Muhəmməd ibn Numana bəndələrindən üzərinə əhd alınmış şəxsdən
Rəhman və Rəhim Allahın adı ilə
Ey dində ixlaslı olan dostum, yəqinlə bizə məxsus olan! Həqiqətən də səninlə birgə Özündən başqa ilah olmayan Allaha həmd edirik və Ondan ağamız, mövlamız və peyğəmbərimiz Muhəmmədə və pak ailəsinə salavat göndərməsini diləyirik. Səninlə (Allah haqqa yardım etmən üçün uğur bəxş etsin və bizim barəmizdə doğrunu danışdığına görə mükafatını artırsın) məktublaşmaq və bizi sevənlərə (şiələrimizlə) vasitəçiliyə mükəlləf edilmən üçün bizə izin verildiyini bildiririk. Allah onları (şiələrimizi) izzətləndirsin, mühüm işlərində yetərli olsun və onları qorusun!
Sənə söyləyəcəklərimdən xəbərdar ol (Allah dindən xaric olan düşmənlər qarşısında Öz yardımı ilə sənə dəstək olsun!) və qeyd edəcəklərimizi (imanlarından) arxayın olduğun şiələrə çatdır!
Biz, Allahın bizə və mömin şiələrimizə məsləhət bildiyinə əsasən dünya hakimiyyətinin fasiqlərə məxsus olduğu müddətdə zalımların məskənlərindən uzaqda olsaq da sizin barənizdə məlumata sahibik. Sizin barənizdə olan heç bir xəbər bizdən yan keçmir. Öncə saleh olan bir çox şəxslərin uzaqlaşmağa meyl etmə zillətinin sizə üz tutduğunu bilirik. Sanki bilmirlərmiş kimi onlardan alınmış əhdi də pozdular.
Biz sizə qarşı diqqətə səhlənkar deyilik və sizi yad etməyi unutmuruq. Əgər belə olmasaydı sizə möhnət və çətinliklər üz verərdi, düşmənlərimiz kökünüzü kəsərdi. Allahdan qorxun (təqvalı olun) və başınızın üstünü almış fitnələrdən xilas olmanız üçün bizə yardım edin. (Fitnələrdə) əcəli yetmiş şəxs həlak olacaq və gözləməsinə hökm verilmiş şəxs qorunacaq. (Fitnələr zühur etdiyi zaman) əmr və nəhylərimiz sizə aşkar olması üçün bu bizim hərəkətimizin (seyrimizin) yaxın olduğunun nişanəsidir. Müşriklər istəməsələr belə Allah Öz nurunu tamamlayacaq!
Əməvi quldurlar dəstələrinin qızışdırdığı cahiliyyət alovundan qorunmaq üçün təqiyyəyə sarılın! Onları Mehdiçilər qorxuya salar. Onlarla əlbir olmayan kəsin nicat tapmasına və orta yolu tutan şəxsin salamat qalmasına biz zaminik. Bu ilin cəmadiul-əvvəl ayı gəldikdə baş verəcək hadisədən ibrət alın və gələn hadisələrdən oyanın. Səmadan açıq-aydın bir əlamət zahir olacaq. Yerdə də onun kimi bir əlamət görünəcək. Şərq torpağında kədərə və narahatçılığa səbəb olacaq hadisə baş verəcək. Bundan sonra İraq üzərində İslamdan xaric olmuş dəstə qalib olacaq. Pis davranışları ilə əhaliyə ərzaq baxımdan darlıq gətirəcəklər. Sonra zalım tağutun ölməsilə nicat tapacaq və təqvalı, xeyirli insanlar onun həlakından sevinəcəklər.
Həccə toplaşmaq istəyən şəxslər əvvəlki asayişin qayıtmasına ümid edəcəklər. Onların həcc mərasimini asanlaşdırmaq və nizamlamaq işləri bizim üzərimizdədir.
Hər biriniz sizi bizim məhəbbətimizə yaxınlaşdıracaq işlər görsün, qəzəb və nifrətimizə səbəb olacaq işlərdən çəkinsin. Bizim işimiz (zühurumuz) gizli və gözlənilməzdir. O zaman tövbə fayda verməz və günahına görə peşmanlıq xilas etməz. Allah sizə doğru yolu ilham etsin və uğur qazanmaqda rəhməti ilə lütf göstərsin!”
Məktubun sonunda İmamın (ə.f) öz xətti ilə yazdığı sətirlər:
Ey köməkçi və sevgimizə müxlis qardaş, pak və bizə vəfalı yardımçı (Allah səni heç vaxt yatmayan gözü ilə qorusun), bu bizim sənə məktubumuzdur. Onu qoru və sənə yazdığımız sətirləri bir kəsə göstərmə. Orada yazılanları (imanlarından) arxayın olduğun şiələrə çatdır və inşallah ona əməl etmələrini tövsiyyə et. Allahın salavatı Muhəmməd və onun pak ailəsinin üzərinə olsun!
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.