İmamın (ə.f) Şeyx Mufidə (r.ə) ikinci məktubu

Bismillahir Rəhmanir Rəhim

İkinci məktub

412-ci hicri ilinin zul-hiccə ayının 23-ü tarixində cümə axşamı günündə İmam (ə.f) tərəfindən Şeyx Müfidə (r.ə) digər bir məktub göndərilmişdir.

Allahın yolunda hüdudlarını qoruyan bəndəsindən haqq və dəlili ilham olunmuş şəxsə!

 

 Rəhman və Rəhim Allahın adı ilə

 Allahın salamı olsun sənə ey haqqa yardımçı, doğru sözlə Ona tərəf çağıran! Həqiqətən də səninlə birgə Özündən başqa ilah olmayan Allaha, bizim və atalarımızın ilahına həmd edirik və Ondan ağamız, mövlamız və peyğəmbərlərin sonuncusu Muhəmmədə və pak ailəsinə salavat göndərməsini diləyirik.

Sonra; Sənin münacatına nəzər yetirdik. Allah səni öpvliyalardan qərar verdiyinə görə qorusun və düşmənlərinin hiyləsindən saxlasın! Bizi də həmçinin! İndi yolu bilinməyən bir dağ başındayıq. Bura Ğəmalidən (çoxlu ağaclarla əhatə olunmuş vadidən) gəldik.Ora yaşayış (və ya iman) baxımından kasıb idi. Tezliklə buradan enəcəyik. Yeni yerimiz barədə sənə xəbər çatacaq. Bu bizim yanımızda sənin gözəl əməllərindən doğan yaxınlığına görədir. Allah öz rəhmətilə sənə uğur bəxş etsin!

Allah səni yatmayan gözü ilə qorusun! Olsun ki, bununla batil şəxslərin əkdikləri batillərin  camaatın nəfslərində çıxaracağı fitnələrin müqabilində qorunasan. Möminlər onların məhv olmaları ilə sevinəcək, günahkarlar isə üzüləcək. Olduğumuz yerə hərəkət etməyimizin səbəbi münafiqlərin, məzəmmət olunan insanların, nahaq qan axıdanların, iman əhlinə hiylə quranların pisliklərinin yeri olan Məkkədir. Ancaq zülm və ədavətlə istəklərinə nail olmazlar. Çünki biz bunun ardından yerin və göyün Sahibinə (möminləri) onlardan qoruması üçün dua edirik. Bundan dostlarımızın qəlbi arxayın olsun və Allahın onlara kifayət edəcəyinə inansınlar. Aqibətləri – Allahın gözəl tədbirlərilə – qadağan olunmuş günahlardan çəkindikləri müddətdə tərifə layiqdir.

Ey müxlis yardımçımız, bizə görə zalımlarla cihad edən dostumuz _ Allah əvvəlki saleh övliyalarına verdiyi dəstəkdən sənə də versin  – sənə söz veririk ki, din qardaşlarımdan kim Rəbbinə təqvalı olsa və üzərində olanı ödəsə batil fitnələrdən və azdırıcı möhnətlərdən amanda qalacaq. Ancaq kim Allahın çatdırılmasını əmr etdiyi neməti verməyə xəsislik etsə dünyası da, axirəti də zay olacaq.

Əgər şiələrimiz – Allah onları itaətinə müvəffəq etsin – verdikləri əhdə vəfa etməyə qəlbləri cəm olsa bizimlə görüşləri gecikməz, bizi həqiqi mərifətlə müşahidə etmək səadəti tezləşər. Bizi onlardan gizlədən onların bəyənmədiyimiz işlərinin xəbərlərinin bizə çatmasıdır. Allah yardım edəndir. O bizə kifayət edər. Nə gözəl vəkildir O! Onun salavat və salamı müjdələyən və qorxudan ağamız Muhəmmədə və pak ailəsinə olsun! 412-ci ilin şəvval ayının ortasında yazıldı.

Məktubun sonunda İmamın (ə.f) öz xətti ilə yazdığı sətirlər:

“Ey uca haqq ilham olunan dostumuz! Bu bizim imlamız və inandığımız (siqə) şəxsin xətti ilə sənə yazılmış məktubumuzdur. Onu hər kəsdən gizlət. Onun surətini oxumaları üçün dostlarımızdan imanına arxayın olduğun şəxslərə ver. İnşallah Allah bərəkətimizi onlara şamil edər. Həmd olsun Allaha! Onun salavatı ağamız peyğəmbər Muhəmmədə və pak ailəsinə olsun!”

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment