Bismillahir rəhmanir rəhim
Mirzə Muhəmmədtəqi İsfahani (r.ə) İmam Zaman Məhdi (ə)-ın fərəcinin və zühurunun təcili üçün necə dua etmək lazım olduğu barədə yazır:
Bil ki, dua etmək istəyən şəxs bu iş bir neçə şəkildə görülə bilər:
Birinci: Fars, ərəb və s. dillərdə dua edərək Allahdan bu diləyi istəyə bilər. Məsələn, deyə bilər ki: “İlahi, mövlamız Sahibəz-zəman (ə)-ın fərəcini tez et” (Allahummə accil fərəcə məvlana Sahibiz-zəman) və ya “Allahu-təala onun fərəcini və zühurunu tezləşdirsin” (Accələllahu təala fərəcəhu və zuhurəh).
İkinci: Allahdan Ali-Muhəmmədin (ə) fərəcini istəyə. Çünki onların fərəci elə Həzrətin fərəcidir. Necə ki, dualarda və rəvayətlərdə gəlmişdir.
Üçüncü: Bütün mömin və möminələr üçün və ya Allah dostları üçün fərəcin tezləşməsini istəyə. Çünki rəvayətdə də gəldiyi kimi o Həzrətin fərəci ilə Allah dostlarının fərəci baş verəcək. (Başqa sözlə, möminlərin fərəci üçün dua etmək elə o Həzrət (ə) üçün dua etmək sayılır. Çünki onların fərəci elə Həzrətin əli ilədir-müt).
Dördüncü: Bu iş üçün dua edən şəxsin duasına “amin” deyə. Çünki “amin” sözünün mənası “İlahi, qəbul et”-dir və bu özü də bir duadır. Həmçinin də rəvayətdə gəlmişdir ki, dua edən və amin deyən duada şərikdirlər (buna görə də o Həzrət (ə) üçün dua edən şəxsin duasına amin demək, elə o Həzrət (ə) üçün dua etmək sayılır-müt).
Beşinci: Allahdan Mövlamızın (ə) fərəcinin təcili üçün dua edən şəxsin duasını qəbul etməsini istəyə. Bununla bundan əvvəl qeyd olunanın fərqi budur ki, “amin” demək üçün gərək dua edənin yanında olasan, burada isə belə bir şərt yoxdur.
Altıncı: O Həzrətin fərəcini təcil edən səbəblərin hazır olmasını istəyə.
Yeddinci: O Həzrətin zühuruna mane olan şeylərin aradan qalxmasını istəyə.
Səkkizinci: O Həzrətin fərəcinin təxirə düşməsinə səbəb olan günahların (istər dua edənin özündən sadir olmuş olsun, istərsə də digər möminlərdən) bağışlanmasını istəyə.
Doqquzuncu: Allahdan istəyə ki, gələcəkdə onu bu cür günahlardan qoruya.
Onuncu: O Həzrətin düşmənlərinin həlak olmasını istəyə. Hansılar ki, onların varlıqları fərəcin təcil olmasına mane olur.
On birinci: Allahdan ədalətin yer üzünün şərqinə və qərbinə yayılmasını istəyə. Çünki bu yalnız o Həzrətin (ə) zühuru ilə baş verə bilər.
On ikinci: Allahdan istəyə ki, Allah onun ibadətlərinin və əməllərinin əcrini (əvəzini) Mövlasının fərəcinin və zühurunu təcili qərar versin.
On üç: Allahdan Mövlamız şəhid məzlum Əba Əbdillah Hüseyn (ə)-ın intiqamının tez alınmasını istəyə. Bu, həqiqətdə o həzrətin övladı olan İmam Höccət (ə)-ın zühurunun tezliyi üçün bir duadır. Çünki o Həzrətin qanını tələb edən və onun intiqamını alan şəxs məhz həzrət Məhdi (ə)-dır.
(İxtisarla)
“Mikyalul-Məkarim”, Mirzə Muhəmmədtəqi İsfahani
Tərcümə: Zuhuradogru.org