Bismillahir rəhmanir rəhim
İmam Məhdi (ə.f) üçün nəfsi hazırlıq və nəfsi islah:
O həzrət (ə.f) üçün nəfsi hazırlıq dedikdə günah əməlləri tərk etmək, vacib və müstəhəb əməllər yerinə yetirmək və müsbət əxlaqi keyfiyyətlərə yiyələnməklə nəfsin saflaşdırılması və kamilləşdirilməsi nəzərdə tutulur. Habelə bu hazırlıq o həzrətə (ə.f) yardım etmək üçün cismi cəhətdən hazır olmağı da özündə ehtiva edir. Nəql olunmuşdur ki, həzrəti İmam (ə.f) hər həftənin ikinci və dördüncü günləri şiələrinin əməlləri ilə tanış olur.. Görəsən əməllərimiz içərisində o həzrəti incidən və qəmləndirən əməllər olduğu zaman vəziyyətimiz necə olar? Görəsən bizim pis əməllərimiz səbəbindən o həzrətin (ə.f) biz barədə olan ümidləri boşa çıxdığı zaman mübarək qəlbi necə qəmlənər? Məgər qərib olması qəm olaraq onun üçün kifayət deyilmi ki, biz də qəminə qəm qatırıq?..
Həzrətin (ə.f) Şeyx Müfidə (r.ə) ünvanladığı mübarək məktubunda belə deyilir:
“Bizi onlardan ayrı salan şey onlardan bizə gəlib çatan xoşlamadığımız və bəyənmədiyimiz işlərdir (əməllərdir). Allah yardım edəndir. O bizə kifayətdir və çox gözəl vəkildir!”
Ya Allah… İmam (ə) şiələrinin yanlış işlərə və günahlara mürtəkib olmalarına görə çəkdiyi sıxıntıya görə Allahdan yardım istəyir! Ey əziz dost, sən seçim qarşısındasan. Ya Allahın höccətinin (ə.f) qəlbinə – Allaha pənah – ox atarsan, ya da o həzrətin mübarək qəlbinə sevinc daxil edərsən..
İmam Sadiq (ə)-dan belə buyurduğu nəql olunub: “Kim istəsə ki, Qaimin əshabından olsun, intizar çəksin və intizarda olan halda vərəyə riayət edib əxlaqi gözəlliklərə yiyələnsin.” (Ğeybəti-Numani: səh.207)
İkinci növ hazırlığa gəlincə isə bu növ hazırlıq cism, bədən, sürsat və mütəşəkkillik baxımından hazırlıqdır. Tarixdə nəql edilmişdir ki, bəzi şiələrin yəqinləri və o həzrəti (ə.f) görməyə olan şövqləri səbəbindən qılıncları yataqlarının altında olan bir halda yatarmışlar. Həmçinin, nəfsi hazırlıq barədə İmam Sadiq (ə)-dan belə nəql olunmuşdur:
“Sizdən hər kəs desə ki, “əgər Muhəmməd Ailəsinin (ə) Qaiminin zamanında yaşasaydım, mütləq ona yardım edərdim” onunla birgə qılınc vuran kəs kimidir. Onun yanında şəhid olmaq iki şəhadət sayılır”.
O həzrətə (ə.f) yardım etməyə olan şövqün daha da uca bir mərhələsi vardır ki, hətta ölümdən sonraya da aid olur:
“Məni kəfənimə bürünmüş, qılıncımı siyirmiş, nizəmi qaldırmış və dəvət edənin dəvətini qəbul edən bir halda.. qəbrimdən çıxar!”
“Bəynə yədəyil-Qaim (ə)”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.
halal edin qardaş