Bismillahir rəhmanir rəhim
Çox vaxt məndən soruşurlar: İmam Zaman (ə)-ı görənlərdən olmaq üçün nə edək?
Mən də adətən bu suala belə cavab verirəm ki, İmam Zaman (ə)-la görüşmək özümüzlə onun arasında ruhi uyğunluq və tənasüb yaratmaqla müəssər olar. Əgər bu ruhi uyğunluq və batini eynilik olmazsa, görüşə nail olmaq çox nadir və az hallarda baş verər.
Ola bilər ki, bəzən insanın çox ağır bir bəlaya düçar olması nəticəsində onun üçün tam “qırılma” halı baş versin və o bununla – müvəqqəti də olsa – həmin uyğunluğu ələ gətirə bilsin.. və İmam (ə)-la görüşə bilsin.
Çox vaxt sıxıntı anlarında baş verən görüşlər də elə məhz bu növdən olur. Allahu-təala Qurani-Kərimdə buyurur: “Gəmiyə minən (və qərq olmaq təhlükəsi ilə üzləşən) zaman dini yalnız Allaha məxsus edib Ona dua edərlər. (Lakin, Allah) onları quruya çıxarıb, xilas edən kimi dərhal ona şərik qoşarlar”. (Ənkəbut surəsi, 65)
Düşünən və ağıl sahibi olan insan o kəsdir ki, Allahu-təalaya hər bir halında diqqət yetirir, Ona tam bir ixlasla ibadət edir. Onun məsəli suda batan bir insanın məsəli kimidir; bütün maddi səbəblər ondan üz döndərmiş və yalnız Allah onu qərq olmaqdan xilas edə bilər. Duaların birində gəlmişdir ki, “İlahi, məni Özündən qeyri hər bir şeydən ayır.. ta ki, yalnız Sənə ümid edim və yalnız səndən qorxum”. [1]
Burada bununla bağlı bir hadisəni qeyd edirəm ki, o zaman iki valideyn üçün müvəqqəti qırılma halı baş verir. Habelə bu hadisədə başqa bir şəxs də vardır ki, onda da bu hal daimi mövcud olubmuş. Hadisə belədir:
Bu hadisəni mərhum Ayətullah Seyyid Əbdül-Hüseyn Dəstğeyb “Qəribə hekayələr” adlı kitabında nəql edir. Həmçinin mən özüm də onu Şirazın bəzi saleh şəxslərindən eşitmişəm. Kitabın müəllifi yazır:
Şirazda hər kəsin təqvasına, ixlasına və yəqininə şahidlik etdiyi bir şəxs var idi. Adı Kərbəlayi Abbas Əli idi. “Hacı mömin” kimi: kəramət və mükaşifə sahibi olan birisi kimi tanınırdı. Onun bu kitabın müəllifi ilə otuz ildən bəridir davam edən möhkəm bir əlaqəsi var idi. Buna görə də o (“o” deyərkən mərhum şəhid Dəstğeyb özünü nəzərdə tutur – müt.) bu şəxsin ixlasından, səfa və sərirətindən tam şəkildə xatircəmdir.
İranda şah hökuməti zamanında gizli polis dəstəsinin üzvləri Hacı Möminin dayısı oğlunun evindən bir neçə ədəd silah aşkar edirlər. Məlum olur ki, bu oğlan inqilabçı gənclərdən imiş. Buna görə də onun barəsində edam hökmü çıxarılır. Valideynləri bu edam hökmünü eşidincə son dərəcə təşviş və narahatlıq içində mərhum Hacı Möminə üz tutur və ondan övladlarının xilas olması üçün dua etməsini xahiş edirlər.
Mərhum Hacı Mömin onlara deyir: Allahın rəhmətindən naümid olmayın, aləmin bütün işləri həzrəti Bəqiyyətullahın (ə) əlindədir. Bu gecə cümə gecəsidir.. Gəlin – mən və siz – bir yerdə İmam Vəliyyi-əsr (ə)-a təvəssül edək. Şübhəsiz ki, Allahu-təala İmam Zaman (ə)-ın müqəddəs vücudu vasitəsilə sizin övladınızı bu bəladan xilas etməyə qadirdir.
Həmin gecə Hacı Mömin və gəncin valideynləri əhya saxlayırlar. Əvvəlcə ruhlarını təmizləmək üçün bir neçə rəkət namaz qılır, daha sonra isə birlikdə dua və ziyarətlərlə İmam Zaman (ə)-a təvəssül edirlər. Bu ayeyi-şərifi oxumağa başlayırlar: “Əmmən yucibul-muztərrə iza dəahu və yəkşifus-su”(Nəml surəsi, 62). Bundan sonra isə İmam (ə)-a belə təvəssül edərək deyirlər: Ağacan, bu cavan o silahları zülm sənin şiələrinin üzərindən yox olsun deyə hazırlamışdı. O yalnız məzlumları müdafiə etmək istəyirdi.. İslama yardım etmək üçün öz canını təhlükəyə atıb.. Buna görə də səndən istəyirik ki, ona nicat verəsən.
Bu yalvarış və göz yaşlarıyla olan münacatlar gecənin sonlarına qədər davam edir. Birdən bu zaman hər üçü otağı qəribə bir müşk ətri bürüdüyünü hiss edir. Otaq İmam Bəqiyyətullahın (ə) lütfündən bir təcəlli olaraq nura qərq olur.
Onların hər üçü oyaq halda İmam (ə)-la görüşə nail olurlar. Həzrət son dərəcə məhəbbət göstərərək onların qəlblərini aram edir və edama məruz qalan gəncin valideynlərinə deyir:
“Dualarınız qəbul oldu. Allah sizin övladınıza nicat verdi.. və o sabah evə qayıdacaq”.
Hacı Mömin deyir gəncin atası və anası o müqəddəs camalı müşahidə edib cəzbedici və məlahətli kəlamlarını eşidincə özlərinə hakim ola bilmədilər, qüvvələri tükəndi və bihuş olub səhərədək o halda qaldılar.
Səhər ayılıb edam hökmünün icra olunacağı yerə getdilər. Orada həbsxana işçisilərindən nə xəbər var deyə öyrənməyə başladılar. Həbsxana işçisi dedi: Dünən qəfildən edam qərarı dəyişdirilib, onun haqqında sadir olan hökmə yenidən baxılması üçün iş təxirə salınıb.
At və ana olduqca şad və sevincli bir halda evə qayıtdılar. Sonradan heç günorta olmamışdı ki, həbs edilmiş övladları evə qayıtdı.
Mərhum Seyyid Dəstğeyb bu hadisənin sonunda deyir:
Hacı Mömin barədə dualarının qəbul olması ilə bağlı, insanlara ağır xəstəliklərdən şəfa verməsi və bəlalardan qurtarması ilə bağlı bir sıra hadisələr mövcuddur. Allah onu tükənməz rəhmətinə qərq etsin!
Seyyid Həsən Əbtəhi, “əl-Kəmalatur-Ruhiyyə”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.
halal edin