Bismillahir rəhmanir rəhim
İmam Zaman (ə)-ı sevmək onun görüşünə çatmanın səbəblərindən biridir. Əgər ona olan məhəbbətini həzrətin (ə) məqam və şəninə layiqolacaq bir səviyyəyə çatdıra bilsən, o zaman həzrəti ziyarət edərsən. Ola bilər kimsə desin ki, hər nə qədər çox olsa belə, bizim İmama olan sevgimiz heç vaxt həzrətin uca və ali məqamına layiq ola bilməz.
Bu öz-özlüyündə düzgün bir sözdür. Lakin əgər biz öz məhəbbətimizi ixlaslı etsək və yalnızca Allahu-təalanı və İmam Zamanı sevsək, habelə başqalarına olan sevgimizi bir yerə cəm edib onunla yalnız Allahu-təala və Onun məzhəri olan İmam Zaman (ə)-a yönəlsək, o zaman bu sevgi məqbul olar. Necə ki, demişlər:
Fəin turid suhbətəhu vəhdəhu
Fənfuz yədən ən kulli şey sivahu
(Əgər sən yalnız Onu istəyirsənsə
O zaman Ondan qeyri nə varsa hamısından əl götür)
Kim bu məhəbbətə çatıbsa, ondan İslam şəriətinə zidd olan ən kiçik bir əməl belə sadir olmamalıdır. Yox əgər şəritə zidd bir iş görə-görə İmam Vəliyyi-əsr (ə)-la görüşə bilibsə, o zaman bu görüş həmin şəxsin getdiyi yolu dəyişdirmək, onu pisliklərdən çəkindirmək üçün olubdur.
“Qəribə hekayələr” kitabının müəllifi imanı və təqvasıyla məşhur olan Hacı Mömin barədə nəql edir ki, deyirmiş:
Gənclik illərimdə İmam Vəliyyi-əsrlə (ə) görüşməyi çox istəyirdim. Məni yalnız onunla görüşmək rahatlada bilərdi. Bu görüşə nail olmaq üçün hər bir yola əl atmışdım.
Günlərin birində ağlıma belə bir şey gəldi ki, yemək və içməkdən imtina edim.. və ta ki, İmam Zaman (ə)-ı görənə qədər bu işimdən əl çəkməyim. (Sözsüz ki, bu qərar bir tərəfdən mərifətin azlığından, digər bir tərəfdən də istəyin şiddətindən qaynaqlanırdı.)
Yemədən-içmədən iki gün, iki gecə keçdi. Üçüncü gecə (Sərdzək məscidində) bir qurtum su içmək məcburiyyətində qaldım. Bundan sonra taqətdən düşdüm və huşumu itirdim. Bu an bir də gördüm ki, İmam Bəqiyyətullah (ə) gəldi. Həzrət özümə etdiyim bu işə görə məni danlamağa başlayıb dedi: Nə üçün belə edirsən, niyə özünü təhlükəyə atırsan? Sənin üçün yemək göndərəcəyəm.. yeyəsən.
Qəlbi məftun edən sözlər eşitdiyim bu əziz görüşdən sonra özümə gəldim. Gördüm ki, məsciddə təkcə mən varam və gecənin də üçdə biri keçib. Bu vaxt məscidin qapı döyülməsi səsi diqqətimi cəlb etdi. Qapını açdıqda əbasına bürünmüş və tanınmasın deyə başını örtən bir şəxs gördüm. Əlində yeməklə dolu bir qab vardı. Qabı mənə verib dedi: “Ye, amma, heç kəsə vermə. Yedikdən sonra isə qabı minbərin altına qoyarsan”. Bunu deyib məscidin içinə keçdi. Yemək qabını alıb üzərindəki örtüyü qaldırdım. Gördüm ki, qabda aş və bişmiş toyuq var. Yeməkdən vəsfolunmaz bir ləzzət aldım.
Növbəti gün qürub vaxtına az qalmış saleh şəxslərdən biri olan Mirzə Muhəmməd Baqir yanıma gələrək məndən qabaq dedi: Yemək qabını mənə ver. Sonra içərisində bir miqdar pul olan bir kisəni mənə verib dedi:
Səfərə getməyə əmr olunmusan. Bu pulları götür, get Məşhədə İmam Əliyibni Musər-Riza (ə)-ın ziyarətinə.
Seyyid Həsən Əbtəhi, “Kamalate ruhi”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.