Bismillahir rəhmanir rəhim
İmam Zaman (ə)-ın insanlar arasında edəcəyi qəzavət, həzrətin pak əcdadlarının (ə) qəzavətlərindən bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu xüsusiyyətlər ondan ibarətdir ki, həzrət (ə) hadisələrə olan elmi və məlumatı əsasında hökm verəcək, şahidlərin şəhadət verməsini və iddianı sübut edən dəlillərin gətirilməsini gözləməyəcək.
Bu məqamda iki nöqtə ətrafında bəhs ediləcək:
Birinci nöqtə: Daha öncə də qeyd etdiyimiz kimi, Allah Rəsulundan (s) və Əhli-Beyt İmamlarından (ə) nəql edilən məşhur, səhih və mütəvatir bir hədisdə deyilir ki, İmam Məhdi (ə) yer üzünü zülm və haqsızlıqla dolduğu kimi düzlük və ədalətlə dolduracaq.
Qeyd etmək lazımdır ki, bu rəvayət hədis kitablarında yüz dəfələrlə və çoxlu təriqlərlə nəql edilmişdir və bu onun sihhətində heç bir şübhə olmaması qənaəti verir.
Məlum məsələdir ki, bütün zülmü aradan aparıb bütün məkanlarda (və bütün şəxslərdən) haqsızlığı dəf etmək istəyən bir İmamdan gözlənilməz ki, oturub məzlumun ona şikayət təqdim etməsini gözləsin və bundan sonra iddianın isbatı üçün iddiaçıdan dəlil gətirməsini tələb etsin və ya kağız-sənəd göstərilməsi və s. kimi şeylər istəsin.
Xeyr.. Belə ki, mümkündür ki, iddiaçı öz iddiasını isbat edə bilmək üçün dəlil və sübutlar tapa bilməsin və ya haqqını isbat etməkdən aciz olsun.
Mümkündür ki, dünyanın bir çox yerində zülm baş versin və məzlum öz halını İmama (ə) ərz edə bilməsin. Həmçinin, mümkündür ki, bir nəfər zülm edilərək gizli şəkildə qətlə yetirilsin və heç kəsin onun ölümündən xəbəri olmasın. Heç kəs onu öldürəni tanımasın və beləcə qanı hədər olub batsın.
Elə isə yer üzü necə düzlük və ədalətlə dolmuş oldu?!
İkinci nöqtə: Peyğəmbərdən (s) belə bir hədis nəql olunmuşdur: “Mən sizin aranızda yalnız andlar və dəlillərlə qəzavət edirəm”. Bəlkədə bu hədisin zahiri mənası budur ki, Peyğəmbər (s) insanlar arasında öz şəxsi elmi və xüsusi məlumatı əsasında hökm vermir. Məsələn:
Əgər Peyğəmbər (s) – nübuvvət elmi ilə – bilsə ki, filankəs oğurluq edib, bu zaman ona hədd təyin etməz. Əksinə şahidlərin şəhadət verməsini gözləyər. Əgər dəlil oğrunun əleyhinə tamamlanmış olsa, o zaman Peyğəmbər ona hədd təyin edər.
Əgər Allah Rəsulu (s) insanlar arasında öz şəxsi məlumatı (elmi, agahlığı) əsasında hökm versəydi, o zaman həzrətin bu işi ümmət arasında sünnə və höccətə çevrilərdi.
Belə olduğu zaman hər bir qazi və hakimə dəlil və şahidlər tələb etmədən istədiyi şəxsə hədd təyin etməsi və istədiyi şəxsin əleyhinə istədiyi cür hökm verməsi mümkün olardı. Və iddia edərdi ki, öz şəxsi elmi əsasında hökm verir!
Bununla nizam pozular, hökm və qəzavət sahəsində anarxiya yaranar, fiqhi və ürfi meyarlar aradan gedərdi.
Lakin Peyğəmbər (s), öz həva-həvəs və meyilləri əsasında hökm verib sonra da şəxsi məlumatları əsasında hökm verdiklərini iddia etməsinlər deyə, bu qapını zalım qazi və hakimlərin üzünə bağladı.
Məsum adil imama gəlincə isə (hansı ki, hökm və qəzavətində həva-həvəsə və batilə meyl etməsindən qorxulmaz və barəsində hər hansısa bir yanlışlığa yol verməsi düşünülə bilməz), onun məsələlərə olan şəxsi elmi əsasında hökm verməsi, şahidlərin şəhadətini gözləməməsi, müddəidən dəlil gətirməsini tələb etməməsi və iddiaçının və ya barəsində iddia edilənin andına əsasən qərar verməməsi mümkündür.
Bu iki nöqtədən çıxış edərək belə nəticə əldə edilir ki:
1-İmam Məhdi (ə) yer üzünü düzlük və ədalətlə dolduracaq.
2-Öz şəxsi elmi əsasında hökm verəcək.
İmam Məhdi (ə) şahidlər şəhadət verməsələr və dəlil hazır edilməsə belə, hədd icra edəcək, qisas və ya təzirlik iş görənlərə qisas və təzir tətbiq edəcək.
Bu mənanın izahı üçün iki misal qeyd edirik:
1-Əgər bir insan evində şərab içsə və heç kəs onu görməsə, İmam Məhdi (ə) – imaməti elmi ilə – bunu biləcək və ona şərab içən şəxsə vurulan həddi tətbiq etmək səlahiyyəti olacaq.
2-Əgər bir insan cəzaya layiq olan pis bir iş törətsə, İmam Məhdi (ə)-ın onu bu işinə görə cəzalandırmaq səlahiyyəti olacaq. Bu zaman hər hansısa bir çirkin işə və günaha bulaşmaq istəyən kəslər başa düşəcəklər ki, İmam (ə) öz imamət elmi ilə onun işindən xəbərdar olacaq və ona cəza qanunları tətbiq edəcək.
Nəticədə bu, pis iş törətmək istəyən bütün şəxslər üçün güclü maneə olacaq və bununla insanlar bütün sahələrdə yanlış iş görməkdən çəkinəcəklər.
Bu mənanı təsdiq edən dəlillərdən biri də İmam Sadiq (ə)-dan nəql edilən bu hədisdir ki, buyurur:
“Elə olacaq ki, (Qaim (ə)-ın əshabından olan böyük bir şəxs) onun baş tərəfində durub əmr etdiyi və çəkindirdiyi bir halda, Qaim onun boynunun vurulmasını əmr edəcək. Şərqlə qərb arasında elə bir şey (məxluq) qalmayacaq ki, ondan qorxmamış olsun”(Qeybəti-Numani: bab 13, hədis 33).
Bu hədis açıqca bəyan edir ki, İmam Məhdi (ə) imamət elmi əsasında cəzaya layiq olan şəxsi cəzalandıracaq və məsələnin ona təqdim edilməsini gözləməyəcək.
Bu şəkildə yer düzlük və ədalətlə dolacaq və heç kəs İslam qanunu ilə müxalifət etməyə cürət etməyəcək.
Bu mənaya işarə edən hədislər çoxdurlar. Onlardan bəzilərini qeyd edirik:
1-İmam Baqir (ə) buyurur: “Ali-Muhəmmədin (s) Qaimi qiyam etdiyi zaman Davudun hökmü ilə hökm verəcək və dəlil istəməyəcək”.
2-İmam Sadiq (ə) buyurur: “Dünya aradan getməmiş mənim nəslimdən olan bir şəxs xüruc edəcək. O Davudun hökmü ilə hökm verəcək və dəlil tələb etməyəcək. Hər kəsə öz haqqını verəcək”. Başqa bir rəvayətdə: “..Hər kəsə öz (layiq olduğu) hökmünü verəcək”.
3-Həmçinin, buyurur: “Sonra (Allah) bir nidaçıya belə nida etməsini əmr edər: Bu Məhdidir ki, Davud və Süleymanın qəzavəti ilə qəzavət edəcək. Bunun üçün dəlil istəməyəcək”.
4-Həmçinin, Həzrət (ə) buyurur: “Ali-Muhəmmədin (s) Qaimi qiyam etdiyi zaman camaat arasında Davudun hökmü ilə hökm verəcək və dəlilə ehtiyac duymayacaq. Allahu-təala ona ilham edəcək, o da öz elmi ilə hökm edəcək. Hər bir qövmə (daxillərində) gizlədikləri şeyi xəbər verəcək”.
Elə isə bir sual çıxır: “Davudun hökmü” deyərkən nə nəzərdə tutulur?
Cavab: Davudun hökmündən məqsəd o Həzrətin (ə) şəriəti deyil. Çünki İslamdan qabaq mövcud olan bütün şəriətlər nəsx edilmişdir. Burada məqsəd İmam Məhdi (ə)-ın qəzavətlər zamanı həqiqətə olan agahlığı və haqqa olan elmi əsasında hökm etməsi və zahirə əsaslanmamasıdır.
Davud peyğəmbər (ə) də belə olmuşdur. Davud (ə) bir müddət işin həqiqətinə olan elmi ilə hökm vermişdir. O zaman həqiqətlər Allahu-təalanın izni ilə onun üçün aşkar olurdu və o həzrət iddiaçının və ya barəsində iddia edilənin sözünə əsaslanmırdı.
Burada başqa bir sual da meydana çıxır: Görəsən İmam Məhdi (ə) bu ədaləti hər bir yerdə və bütün ölkələrdə necə tətbiq edəcək? Xüsusən də nəzərə alsaq ki, o Həzrət (ə) öz olduğu ölkədə baş verən qəzavətlərdə və müraciətlərdə öz elminə əsasən hökm verəcək.
Bu suala İmam Sadiq (ə)-ın kəlamı ilə cavab vermək olar.
İmam (ə) buyurur: “Bizim Qaimimiz qiyam etdiyi zaman dünyanın hər yerinə bir adam göndərəcək və ona deyəcək: Sənin əhdin ovcunun içindədir. Əgər başa düşmədiyin və necə hökm etməli olduğunu bilmədiyin bir məsələ qarşına çıxarsa, əlinin içinə bax və orada olana əməl et”.
Deməli, aydın olur ki, İmam (ə) yer üzünün hər bir yerinə öz səhabələrini göndərəcək və daimi şəkildə onlarla əlaqədə olacaq.
Seyyid Muhəmmədkazım əl-Qəzvini, “Əl-İmamul-Məhdi, minəl-məhdi iləl-ləhd”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.