İmam Zaman (ə) Ərəfatda

Bismillahir rəhmanir rəhim

 

Seyyid Həsən Əbtəhi özünün “Kəmalatur-ruhiyyə” kitabında belə deyir: 1404-cü ilin Zül-Qədə ayında Şamda Xanım Zeynəb (s.ə)-nın hərəmində Höccətül-İslam Qazi Zahidi Qolpayqani ilə qarşılaşdım. O mənə aşağıdakı hadisəni nəql edərək dedi:

Tehranda olduğum zaman oranın saleh şəxslərindən olan Hacı Muhəmmədəli Fəşəndinin belə dediyini eşitdim: Cavanlığımdan bəri adətim bu idi ki, günahlardan çəkinəm və İmam Bəqiyyətullah (ə)-la görüşə bilmək üçün Həccə gedəm. Bu niyyətlə dəfələrlə Həccə getmişdim. Belə səfərlərin birində bir dəstə hacının işlərini öz üzərimə götürmüşdüm. Zil-Qədə ayının yeddinci günü (vaxtından tez) Ərəfat səhrasına yola düşdüm. Yanımda bizə lazım olan əşyalar var idi. Tez getməyimin səbəbi bu idi ki, yoldaşlarım üçün yaxşı bir yer seçəm. Yeddinci gün mən oraya çatanda təxminən əsr vaxtı idi. Orada daha öncədən hacılar üçün hazırlanan çadırların birində özümüz üçün bir yer götürdüm. (Sonradan mənə aydın oldu ki, mən orada olan zaman hələ heç kəs oraya çatmayıbmış). Bu zaman çadırlara gözətçilik edən polislərdən biri mənə yaxınlaşıb dedi: Bu qədər yüklə gecə vaxtı buraya niyə gəlmisən? Məgər bilmirsən ki, bu çöllükdə oğrular sənə hücum edib yüklərini qarət edə bilərlər? İndi ki, gəlmisən, onda gərək səhərədək oyaq qalıb özün öz yüklərinə gözətçilik edəsən. Dedim: Eybi yoxdur, oyaq qalıb özüm gözətçilik edərəm. O gecəni sübhə qədər ibadət və münacatla keçirdim. Lakin gecənin yarısı başında yaşıl şal olan əzəmətli bir seyyid gördüm. Bu şəxs məni adımla çağıraraq dedi: Hacı Muhəmmədəli, Səlamun əleykum!

Salamını qaytarıb yerimdən qalxdım. Bir neçə dəqiqə sonra sanki onun xidmətçiləri olan bığ-saqqalları təzəcə çıxmış bir neçə gənc də ona qoşuldu. İlk əvvəl qorxu hiss etdim. Lakin bir neçə kəlimə danışandan sonra həmin seyyidə qarşı qəlbimdə bir məhəbbət yarandı.. Cavanlar çadırın çölündə dayandılar, seyyid isə içəri daxil oldu. Seyyid mənə baxıb dedi: Hacı Muhəmmədəli, xoş olsun sənə, xoş olsun sənə. Dedim: Niyə? Dedi: Çünki babam Hüseyn (ə) kimi, sən də gecəni Ərəfə çölündə keçirirsən. Dedim: Bu gecə nə etməliyəm?

Dedi: İki rəkət namaz qılaq. Namazda “həmd”-dən sonra on bir dəfə “qul huvəllah” oxuyarsan. Qalxıb onunla birgə namaz qıldım. Namazdan sonra həmin seyyid bir dua oxudu ki, o zamanadək heç vaxt beləsini eşitməmişdim. Seyyid çox ali bir ruhiyyədə idi, gözlərindən yaş süzülürdü. Mən duanı əzbərləməyə çalışdım, lakin seyyid mənə dedi: Bu dua məsum imama məxsusdur, ona görə də unudacaqsan.

Sonra mən ona dedim: İstəyirəm tövhid barədə etiqadımı sizə ərz edəm, ki, baxasınız yaxşıdır, ya yox. Buyurdu ki, de! Mən “nəfsi” və “afaqi” ayətlərlə Allahın varlığına dəlillər sadalamağa başladım və dedim: Bu dəlillərlə Allahın varlığına iman edirəm. Dedi: Allah barədə bu qədər bilməyin kifayətdir. Sonra vilayət barədə əqidəmi ona ərz etdim, dedi: Yaxşı etiqaddır. Sonra ondan soruşdum: Sizcə, indi İmam Zaman (ə) haradadır?

Dedi: “İndi imam Zaman xeymədədir…” Ona dedim: Deyirlər İmam Zaman (ə) Ərəfatda olur, görəsən Ərəfatın hansı yerində olur? Dedi: Cəbəli-Rəhmət ətrafında. Dedim: Oraya gedənlər onu görürlərmi? Dedi: Bəli, görürlər, lakin tanımırlar. Dedim: Sabah Ərəfə gecəsində İmam Zaman (ə) hacıların xeyməsinə gəlib onlara öz lütfündən əta edə bilərmi? Dedi: Sabah sizin xeymənizə gələr. Çünki siz sabah gecə əmim Əbəl-Fəzlə təvəssül edəcəksiniz.. Söhbətin bu yerində mənə dedi: Hacı Muhəmmədəli, çayın var? (Bu zaman yadıma düşdü ki, çayı götürməyi unutmuşam) Dedim: Xeyir, çayım yoxdur. Nə yaxşı oldu yadıma saldınız. Sabah gedib hacılar üçün çay gətirərəm. Dedi: İndi mənim yanımda çay var. Bunu deyib xeymədən çıxdı və qayıdıb zahirdə çay olan bir şey mənə verdi. Çayı hazırlayıb ondan içəndə, elə bir dad hiss etdim ki, bir anda mənə elə gəldi ki, o bu dünyanın çayından deyil. Bundan sonra o məndən soruşdu: Yeməyin var, yeyək? Dedim: Bəli  var, çörək və pendir var. Dedi: Mən pendir yemirəm. Dedim: Süd də var. Dedi: Elə isə gətir. Mən bir qədər çörək və süd gətirdim, yedi. Sonra mənə dedi: Hacı Muhəmmədəli, sənə yüz riyal verirəm, atamın adından ümrə ziyarəti yerinə yetirərsən. Dedim: Gözüm üstə. Atanızın adı nədir? Dedi: Atamın adı Seyyid Həsəndir. Dedim: Bəs sizin adınız nədir? Dedi: Seyyid Məhdi.. (Pulları ondan aldım) Bu zaman seyyid getmək üçün qalxdı. Mən boynuna sarılıb onu qucaqladım. Üzünü öpmək istədikdə sağ yanağında gözəl bir qara xal gördüm… Dodağımı o xalın üzərinə qoyub üzündən öpdüm. Getdikdən bir neçə an sonra Ərəfat səhrasında o tərəf, bu tərəfə baxmağa başladım, lakin heç kəsi görmədim. Bu zaman başa düşdüm ki, o şəxs İmam Bəqiyyətullah (ə) imiş. Xüsusən də adımı bilimişdi, farsca danışırdı, adı da Məhdi idi! İmam Əsgərinin oğlu…

Bu zaman ah-nalə edib ağlamağa başladım. Hətta polislər oğrular tərəfindən soyulduğumu zənn edib yanıma gəldilər. Onlara dedim: Mən münacat edirəm.. Səhəri gün hacılar ərəfata gəldilər. Mən baş verənləri dəstədəki alimə danışdım. O da hacılara xəbər verdi.. Hamı uca səslə ağlaşmağa başladı. Gecə olub namazlarımızı qıldıqdan sonra həmin alim gözlənilmədən həzrəti Əbəl-Fəzl (ə) rövzəsi deməyə başladı, halbuki, mən imamın bu barədə dediyi sözü ona deməmişdim. Məclis çox gözəl keçirdi, hamının halı yaxşı idi. Lakin mən tez-tez diqqət edib həzrəti İmamın (ə) məclisə təşrif etməsini gözləyirdim.. Az qalırdı ki, məclis sona çata, lakin bir xəbər yox idi. Qəlbim sıxıldı, qalxıb xeymədən çölə çıxdım. Bu zaman qəflətən İmamın (ə) çöldə dayandığını gördüm. Gördüm ki, Həzrət (ə) əza məclisinə qulaq asıb ağlayır.. İstədim ki, qışqırıb yoldaşlarıma İmamın (ə) burada olduğunu xəbər verim, lakin  həzrət (ə) əli ilə işarə etdi ki, bir şey demə. Həzrət dilimə təsərrüf etdi, danışa bilmədim. Həzrəti İmam (ə) xeymənin çölündə bir tərəfdə dayanmış, mən də o biri tərəfdə dayanmışdım. Hər ikimiz Əbul-Fəzlil-Abbas (ə)-a ağlayırdıq. Mənim İmam (ə)-a tərəf bir addım belə atmağa gücüm çatmırdı. Elə ki, əza məclisi bitdi, İmam da çıxıb getdi.. .

 

Seyyid Həsən Əbtəhi, “Kəmalatur-Ruhiyyə”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment