İmam Sahibəzzəman (ə) cənazənin başı üstə

Bismillahir rəhmanir rəhim

 

Seyyid Həsən Əbtəhi yazır:

Şiənin böyük alimlərindən və mərceyi-təqlidlərindən olan mərhum Ayətullahul-uzma Seyyid Hadi Milani (r.ə) Məşhəd şəhərində iqamət edirdi. O bir neçə dəfə mənə demişdi ki, Məşhəd şəhərində sakin olmağı seçməsinin səbəbi buradakı elmi hövzədə gördüyü zəiflik və hövzənin dirçəldilib inkişaf etdirilməsinə olan ehtiyacıdır. Habelə, İmami-samin Əli ibni Musar-Rza (ə)-a olan məhəbbətinə görə burada iqamət etmək istəyib.

Mən icmali şəkildə bilirdim ki, bu böyük alimin İmam Bəqiyyətullah (ə)-la əlaqələri vardır. Allah övliyalarından birində eşitmişdim ki, o dəfələrlə İmam Vəliyyi-əsr (ə)-la görüşə nail olubmuş.

Bu böyük ustad və əzəmətli mərcə Məşhəd şəhərində vəfat etdi. Onun vəfat xəbərini eşidər-eşitməz evinə yollandım. Onun övladları öz əzəmətli atalarına iqtidaən mənə xüsusi bir məhəbbət bəsləyirdilər. Buna görə də məni cənazə qoyulan otağa daxil etdilər və o otağa yalnız yaxın adamlarını daxil edirdilər. Mən bir neçə dəqiqə onun pak cisminin yanında əyləşdim və “Fatihə” oxudum.

Bu əsnada bir nəfər otağa daxil olub dedi: Məşhədin böyük alimləri toplanıblar və deyirlər ki, cənazəni çıxarın.

Lakin mərhum Ayətullah Milaninin böyük oğlu yüksək səslə qışqırıb dedi: Nə qədər ki, İmam Sahibəz-zəman (ə) gəlməyib, atamın cənazəsini çıxarmağa icazə vermərəm!

O bu sözlərini elə bir hərarət və həyəcanla dedi ki, qəlbimə böyük bir ümid daxil oldu və hətta bəlkə qəti şəkildə əmin oldum ki, bu gün İmam Vəliyyi-əsr (ə)-ın cəmalını görməyə müşərrəf olacağam.

Bundan sonra otağa bir dəstə adam daxil oldu. Mən arxayın idim ki, onlar mərhum Ayətullah Milaninin övladları və nəvələridirlər. Lakin onlar otağa daxil olan anda otağı qəribə bir ətir iyi bürüdü. Elə zənn etdim ki, ola bilsin onlardan hansısa biri paltarını ətirli bir şeylə təmizləyib.

Bundan sonra daha əvvəl gəlib cənazənin çıxarılmasını deyən şəxs yenidən qayıdıb dedi: Nə üçün cənazəni çıxarmırsınız?! Lakin bu dəfə Mərhum Ayətullah Milaninin böyük oğlu bir şey demədi və cənazəni qaldırdılar..

Elə ki, mən bu hadisəni təşyii-cənazədə hazır olan bəsirət sahibi və qəlbi açıq olan böyük bir alim üçün danışdım, dedi – necə ki, eyniylə mərhumun böyük oğlu da belə dedi- : “Nə bilirsən ki, İmam (ə) gəlməyib?!” Bundan sonra bəzi başqa şeylər də dedilər ki, nəql ediləsi deyil. Lakin mən onların sözlərindən belə başa düşdüm ki, İmam Sahibəz-zəman (ə) gəlibmiş.. lakin məndə o həzrəti görməyə ləyaqət olmayıb. 

 

Seyyid Həsən Əbtəhi, “Kəmalate ruhi”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment