Bismillahir rəhmanir rəhim
İmam Rza (ə)-ın zamanında baş verən məhdəviyyat iddialarında biri də elə o həzrətin yaxın adamları tərəfindən irəli sürülmüşdü. Belə ki, həzrəti Rza (ə) (məcburi şəkildə) vəli-əhdliyi qəbul etdiyi zaman bəziləri elə zənn etdilər ki, yer üzünü haqq və ədalətlə dolduracaq şəxs və gözlənilən Məhdi o həzrətdir (ə). İmam Rza (ə) bu şübhə qarşısında aşağıdakı tədbirləri gördü:
1-Bir çox yerdə həzrət öz əshabına işarə edib bildirdi ki, bu iş baş tutmayacaq və Məmun (l.ə) o həzrəti zəhərlə öldürəcək.
2-Öz əshabına özündən sonra imamın kim olduğunu bildirmiş və o şəxsin oğlu Muhəmməd Cavad (ə) olduğunu demişdi. Həzrət (ə) əshabına özündən sonra ona tabe olmalarını tapşırmışdı.
3-İmam Rza (ə) özünün gözlənilən Məhdi olduğuna etiqad edən şəxslərə məsələnin izah edib aydınlatmış və şübhələri aradan qaldırmışdı. Rəyya ibn Səlt və Əyyub ibn Nuhda olduğu kimi. Rəyyan ibn Səlt deyir: “Rza (ə)-a dedim: Sahibul-əmr[1] sizsiniz? Həzrət buyurdu: Mən bu işin (əmrin) sahibiyəm, lakin haqsızlıqla dolduğu kimi yer üzünü ədalətlə dolduracaq şəxs mən deyiləm. Mən necə o şəxs ola bilərəm ki, sən mənim bədənimin zəifliyini görürsən?! Qaim (ə) o şəxsdir ki, qiyam etdiyi zaman yaşca qoca şeyx yaşında olacaq, görünüşcə isə cavan. O, bədəncə güclü olacaq, hətta bu şəkildə ki, əgər yer üzündə ən uca ağaca əlini uzatsa, meyvəsini dərə biləcək. Əgər dağlar arasında durub uca səslə çağırsa, qayalar tökülüb parça-parça olacaq. Musanın (ə) əsası və Süleymanın (ə) üzüyü onunla olacaq. O mənim nəslimdən olan dördüncü övladdır. Allah istədiyi müddətcə onu gizləyib qeybə çəkəcək. Sonra da onu aşkara çıxaracaq. Beləcə o yer üzünü haqsızlıqla və zülmlə dolduğu kimi, düzlük və ədalətlə dolduracaq”. (Mucəmul-əhadis: c.3, s.154, Kəmalud-din: c.2, s.376, hədis 7)
Əyyub ibn Nuhdan nəql edilir ki, deyir: “Əbul-Həsən Rza (ə)-a dedim: Mən çox istəyərdim ki, bu işin sahibi (sahibul-əmr) siz olasınız və Allah onu sizə qılıncsız (döyüşsüz) verəydi. Belə ki, sizə beyət edilib və adınıza pul kəsilib[2].
Buyurdu: Bizlərdən məktublar göndərilən, barmaqla göstərilən, sual soruşulan və (şəri) mallar göndərilən elə bir şəxs (yəni: imam) yoxdur ki, (qılıncla) qətlə yetirilməsin, ya da öz yatağında (zəhərlə) ölməsin. Nəhayət bir vaxt gələcək ki, Allah bizim içimizdən bu iş üçün bir oğlan uşağını məbus edəcək. Onun doğumu və yaşadığı yer gizlin olacaq. Nəsəbi isə gizli olmayacaq”. (Mucəmul-əhadis: c.3, s.155, Kəmalud-din: c.1, s.341, hədis 25)
Bu və bunun kimi digər hədislərdən belə nəticə əldə edirik ki, İmam Rza (ə) özünün gözlənilən Məhdi olduğunu inkar etmiş və onun öz nəslindən gələcəyini bildirmişdir. Başqa rəvayətlərdə isə görürük ki, həzrəti Rza (ə) bəzilərinin şübhəyə düşməməsi üçün özündən sonra gələn imamların adlarını da qeyd etmişdir. Buna dəlil olaraq Xanım Fatimə binti Musa ibn Cəfərin (ə) (xanım Məsumənin (s.ə)) ziyarətnaməsində gələnləri göstərə bilərik. Səd ibn Səd əl-Əşəri əl-Qummi İmam Rza (ə)-ın belə buyurduğunu nəql edir: “Ey Səd, sizin yanınızda bizə aid olan bir qəbir vardır. Səd deyir, dedim: Fatimə binti Musa (ə)-ı deyirsiniz? Buyurdu: Bəli, hər kim onu haqqını tanıyan bir halda ziyarət edərsə, Cənnətlikdir. (Daha sonra həzrət İmam (ə) Xanımı (s.ə) ziyarət etməyin ədəblərini başa saldıqdan sonra deyir:) Sonra de: Əssəlamu əla Adəmə səfvətillah… (bura kimi ki:) əssəlamu əleykə ya Əliyyəbnə Musər-Rizal-Murtəza, əssəlamu əleykə ya Muhəmməd-əbnə Əliyyinit-Təqi, əssəlamu əleykə ya Əliyyəbnə Muhəmmədinin-Nəqiyyin-Nasihil-Əmin, əssəlamu əleykə ya Həsən-əbnə Əli, əssəlamu ələl-Vəsiyyi min bə`dih…“. (Əlamun-nisa: 580, Şeyx Müfid (r.ə)-in “Məzar” kitabından nəqlən)
Əli Səd ən-Nəcəfi, “Əl-Məhdəviyyə fi əsril-İmamir-Riza (ə)”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.