İmam Rza (ə) və dövrünün məhdəviyyət iddiaları I

Bismillahir rəhmanir rəhim

 İmam Məhdi (ə) məsələsi İslam cəmiyyətinin düşüncəsində mühüm yer tutan məsələlərdəndir, xüsusən də tarixin müxtəlif dövrlərində zülm və haqsızlıq çoxaldığı zamanda. Tarixə nəzər saldığımız zaman görürük ki, Abbasilər dövründə bu məsələ daha çox gündəmdə olmuş, bu dövrdə müxtəlif məhdəviyyat iddiaları ortaya çıxmışdır. Bunun bir sıra səbəbləri vardır ki, bunlardan bəziləri aşağıdakılardır:

1-Camaatın Bəni-Ümməyyədən gördükləri zülm və haqsızlıqlar, onları İmam Məhdi (ə)-ın zühurunu və bununla fərəcin baş verməsini gözləməyə vadar etmişdi;

2-Abbasilərin öz inqilablarının başlanğıcında bir sıra fərəc və axirəz-zəman əlamətlərindən sui-istifadə etməsi   (məsələn, inqilablarına qara bayraqla başlamaları səbəbindən “qara bayraqlılar”-dan bəhs edən hədisləri özlərinə yozur və deyirdilər ki, həmin qara bayraqlılar bizik) məhdəviyyət məsələsinin geniş rəvac tapmasına səbəb olmuşdu;[1]

3-Abbasi xəlifəsi Mənsurun öz oğlu Muhəmmədin gözlənilən Məhdi olmasını iddia etməsi;

4-Abbasi xəlifələrinin zülmü insanları “İmam Məhdi (ə) hər an zühur edə bilər” etiqadı ilə yaşamağa vadar edirdi.

Bu və digər amillər məhdəviyyat məsələsini əsas qəziyyəyə çevirmişdi. Buna görə də görürük ki, bir çox şəxslər yaranmış bu şəraitdən istifadə edərək özləri üçün məhdəviyyət iddiası edirdilər, yaxud da başqaları tərəfindən onlar üçün məhdəviyyat iddia edilirdi. Bəlkə də bu məsələ İmam Rza (ə)-ın zamanında daha geniş vüsət tapmışdı. Belə ki, o həzrətin (ə) imamətinin ilk dövrlərində özlərinə ”Vaqifiyyə” deyən bir dəstə İmam Museyi-Kazim (ə)-ın “qeybdə olan imam” olduğunu, ölməyib sağ olduğunu, Ali-Muhəmmədin (s) Qaimi olduğunu, həzrət Musa ibn İmran (ə) kimi öz qövmündən qeybə çəkildiyini və onun hədislərdə bildirilən “vəd edilmiş Məhdi” olduğunu iddia edirdilər. Bu fikri İmam Museyi-Kazim (ə)-ın vəkillərindən olan bir dəstə şəxs ortaya çıxarmışdı. Onlara misal olaraq Əli ibn Əbu Həmzə əl-Bətainini, Ziyad ibn Mərvan əl-Qəndini, Osman ibn İsa ər-Rəvasini və s.ni göstərmək olar. Bu üç şəxs adı çəkilən məzhəbin ən önəmli şəxsləri hesab olunurlar. Onlar daha əvvəllər İmam Kazim (ə)-ın vəkilləri idilər və şiələrdən gəlib çatan şəri vergiləri toplayırdılar. Lakin həzrət vəfat edincə bu pul və malları onun övladı İmam Rza (ə)-a təhvil vermək istəmədilər və nəticədə bu batil əqidəni qondardılar. İmam Rza (ə) bu firqəyə qarşı güclü mübarizə aparmışdır. O həzrət bu mübarizəsini müxtəlif üslublarda aparırdı:

1-Onlarla münazirələr təşkil etmək, güclü və möhkəm dəlillərlə iddialarını batil etmək. Necə ki, Məkari, Bətaini və s. kimi firqə böyükləri ilə belə münazirələr baş vermişdi. (Tarix bu münazirələri bizim üçün qeyd etmişdir, istəyənlər “Ehticac” və “Uyunul-əxbar” kimi kimi mənbələrə müraciət edə bilərlər).

2-Onlarla oturub-durmaqdan çəkindirmək. Bunun əsas səbəbi başqalarının onların azğın fikirlərindən təsirlənməsinin qarşısını almaq idi. Digər bir cəhətdən də bu üslüb, bir növ onları sıxışdırmaq və beləcə onları cəmiyyətdən kənar bir dəstəyə çevirmək sayılırdı.

Kəşşi öz “Rical” kitabında deyir: “Muhəmməd ibn İsam deyir: Həzrəti Rza (ə) mənə dedi: Ey Muhəmməd ibn İsam, mənə xəbər çatıb ki, sən vaqifilərlə oturub durursan? Dedim: Bəli, sizə qurban olum, onlarla otururam, lakin mən onlara müxalifəm (fikirlərini qəbul etmirəm). Həzrət (ə) buyurdu: Onlarla oturma. Çünki izzət və cəlal sahibi olan Allah deyir: “Allah Kitabda sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə əyləşməyin!””. (c.2, s.757, hədis 864)

3-Onlarla iqtisadi müharibə aparmaq. Şeyx Kəşşi öz sənədi ilə Yunis ibn Yaqubdan nəql etmişdir: “Əbul-Həsən Rza (ə)-a dedim: Sizin atanızın sağ olduğunu deyən bu adamlara zəkatdan bir şey verimmi? Dedi: Onlara zəkat vermə, çünki onlar kafir, müşrik və dinsizdirlər”. (c.2, s.756)

İkinci iddia isə İmam Sadiq (ə)-ın oğlu Muhəmmədin 200-cü hicri ilində etdiyi iddiadır. 199-cu hicri ilində Əbus-Sərayanın başçılığ ilə Kufədə Məmun əleyhinə baş qaldırmış və daha sonradan genişlənərək bütün İraqı, Əhvazı, Hicazı və Yəməni əhatə edən Ələvi inqilabı yatırıldıqdan və onun başçısı qətlə yetirildikdən sonra İmam Sadiq (ə)-ın oğlu Muhəmməd qiyam etdi. O iddia etdi ki, Sahibul-Əmr və Ali-Muhəmmədin (s) Qaimidir (Məqatilut-talibin, s.440) və hətta bununla da kifayətlənməyərək “möminlərin əmiri” olduğunu iddia etdi. Məmun onunla döyüşə qoşun göndərdi və qoşun onu mühasirəyə alıb inqilabını yatırdı. Özünü isə həbs edib Xorasana göndərdi. İmam Rza (ə)-ın öz əmisi Muhəmməd qarşısında mövqeyi belə idi:

1-Nəsihət və çəkindirmə: Elə ki, Muhəmməd qiyam edib insanları özünə tərəf çağırdı və xəlifə kimi beyət edilib adına “Əmirəl-möminin” deyildi, İmam Rza (ə) onun yanına gedib dedi: “Əmi, atanın və qardaşının adından yalan danışma! Bu işin sonu yoxdur”. (Əvalim: c.22, s.391)

Lakin Muhəmməd bu sözə məhəl qoymadı və nəticədə İsa əl-Cəludinin qoşunu gəlib onu mühasirəyə aldı və onu məğlub edib həbs etdi.

2-Onunla əlaqələri kəsməsi. Ona görə ki, camaat bunu görüb onun iddiasını təsdiq etməsinlər. Umeyr ibn Ziyad nəql edib deyir: “Əbul-Həsən Rza (ə)-ın yanında idim. Bu zaman Muhəmməd ibn Cəfərin adı çəkildi, həzrət (ə) dedi: Mən özümlə əhd bağlamışam ki, onunla bir evin altında olmayım. Ravi deyir: Bu zaman mən öz-özümə dedim: Bu bizi yaxşılıq və sileyi-rəhmə dəvət edir, amma öz əmisi barədə gör nə deyir!

Həzrət mənə baxıb dedi: Bunun özü elə yaxşılıq və sileyi-rəhmdəndir. O nə vaxt ki, mənim yanıma gəlir və evimə daxil olur, mənim barəmdə bir söz deyəndə camaat onu təsdiq edir. Amma əgər o mənim evimə gəlməsə və mən də onun evinə getməsəm, onda o bir söz deyərkən camaat o sözü ondan qəbul etməzlər”[2].      

 

Ardı var…

Əli Səd ən-Nəcəfi, “Əl-Məhdəviyyə fi əsril-İmamir-Riza (ə)”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

 


[1]  Çünki bu məsələ bir başa olaraq İmam Məhdi (ə)-la bağlı idi  və “qara bayraqlılar”ın gəlişi imam Məhdi (ə)-ın zühurundan xəbər verirdi. Bu səbəbdən də cəmiyyətin diqqəti məhdəviyyət məsələsinə yönəlmişdi. Müt.

[2]  Hədisi şərifin mənası budur ki, “əgər mən onu danışdırmasam, o zaman camaat ondan uzaqlaşar və nəticədə sözünü qəbul etməzlər. Beləcə daha böyük günahlara mürtəkib olmaz. Əsl həqiqətdə bunu etməklə ona yaxşılıq etmiş oluram”. Necə ki, “Qurbul-İsnad” (s.302), “Bəsairud-dərəcat” (s.256) və “Biharul-Ənvar”da (c.48, s.221) nəql edilən hədislər bu mənanı dəstəkləyən xüsusiyyətdədirlər. Müt.

Leave a Comment