İmam (ə.f) Quranda (bir ayənin qısa təfsiri)

Bismillahir Rəhmanir Rəhim

 Qurani-Kərim bir çox ayələrdə İmam Məhdi (ə)-a işarə etmişdir. Belə ayələrdən biri də aşağıdakı ayədir: “Həqiqətən Biz Zikrdən (Tövratdan) sonra Zəburda yazdıq ki, bu yerin varisi Mənim saleh bəndələrim olacaqlar”. “Həqiqətən bunda Allaha ibadət edən dəstə üçün (son məqsədə) çatmaq vasitəsi vardır”.(Ənbiya surəsi, 105-106)

İlk öncə bu iki ayeyi-şərif barədə aşağıdakı məsələlər izah edilməlidir:

Burada və Qurani-Kərimin hər bir yerində işlədilən “yazmaq” sözündən məqsəd, Allahu-təalanın bir şeyi özünə vacib etməsidir. Yəni, Allahu-təalanın, təkvini və təşrii olaraq (yerinə yetirməyi) özünə lazım etdiyi bir şeyi həyata keçirməsi barədə özü-özüylə əhd bağlamasıdır.

Ayədəki “yer” sözündən məqsəd isə, hər hansısa xüsusi bir yer deyil, bütün yer üzüdür. Burada çox gözəl bir kinayə ilə dünyanın sonuna yaxın bütün yer üzündə salehlərin hakimiyyət və ağalığının olacağına, onların hər yerə ilahi ədaləti bərqərar edəcəklərinə və Haqq töhvidini yayacaqlarına işarə edilmişdir.

Buradakı “salehlər” sözündən məqsəd isə daxildə, sözdə, əməldə, işdə, düşüncədə və əqidədə saleh olan şəxslərdir. “Salehlər” sözünün ən yaxşı nümunəsi və misdaqı isə məsumdur, yəni İmam Məhdidir (ə).

Seyyid Muhəmməd Hüseyn Təbatəbai “Təfsirul-mizan”da c.14, s.315-də bildirmişdir ki, (habelə “Təfsiri-Qummi”də də belə deyilir) salehlərdən məqsəd “həzrəti İmam Məhdi (ə) və əshabıdır”.

Diqqət çəkən məsələlərdən biri də burada qeyd olunan ayənin ardıyca gələn növbəti ayədir: “Həqiqətən bunda Allaha ibadət edən dəstə üçün (son məqsədə) çatmaq vasitəsi vardır”. Ayədə, deyilənləri təkid edən və deyilənlərin qəti şəkildə baş verəcəyini bildirən “həqiqətən” təsdiq ədatı işlənmişdir. İşarə əvəzliyi kimi isə “bu” işarə əvəzliyi işlədilmişdir ki, bu da yaxınlıqda olan bir əşyaya işarə etmək üçün işlədilir..

Habelə, ayeyi-şərifdə ləfzi və məna baxımdan ən incə və fəsahətli bir söz seçilərək “əl-bəlağ” (son) kəliməsi işlədilmişdir. “Əl-bəlağ” – “bir şeyin nəhayəti” və ya axırı, yaxud da “istənilən, arzu edilən şeyə çatmaq” mənasını verir.

Bütün bunlardan belə bir nəticə alınır ki, ayeyi şərifdə buyurulan vəd, ibadət edən şəxslər üçün qəti olaraq həyata keçəcək. “İbadət edənlər” kəliməsi isə İmam Məhdini (ə.f) gözləyənlərə və ya o həzrətin (ə.f) müxlis ənsar və köməkçilərinə aid ola bilər. Çünki biz qəti olaraq bilirik ki, İmam Məhdinin (ə.f) zühurunu gözləmək, Allah Rəsulunun (s) da buyurduğu kimi ən üstün ibadətdir: “Ümmətimin ən üstün ibadəti (zühurun baş verməsini, fərəci) gözləməkdir”.

Bu və digər qəti Quran ayələrindəki dəlillərə əsasən İmam Məhdi (ə.f) yer üzünün qanuni və son varisi sayılır. Biiznillahi-təala.

Qurani-Kərim başqa bir yerdə də bu mənanı təsdiqləyir: “Biz istədik ki, yerdə zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam və (yer üzünə) varis edək”. (Qəsəs surəsi, 5)

“Qiraətun mə`rifiyyətun cədidə”, Murtəza Əli Hilli

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment