Bismillahir-rəhmanir-rəhim
Həyatın bir çox yönləri vardır. İnsan onların bəzisindən xəbərdardır. Qeyd etmək lazımdır ki, insanların bilmədikləri bildiklərindən qat-qat artıqdır. Buna görə də demişlər ki, bir insanın bilik və mərifəti nə qədər artarsa, bilmədikləri də daha çox artar.
Bəllidir ki, insan Əmirəl-mömininin (ə) də buyurduğu kimi bilmədiyi şeylərlə düşməncəsinə davranır. Həzrət (ə) buyurur: “İnsanlar bilmədikləri şeyin düşmənidirlər.” Qurani-Kərim də bu həqiqəti bəyan etmişdir: “Əksinə, onlar bilmədikləri şeyi inkar etdilər.”
Qurani-Kərim başqa bir yerdə də bu məsələni təsdiqləmişdir. Belə ki, biz bunu həzrəti Musa (ə)-ın həzrəti Xizra (ə) etdiyi etirazlarda görə bilirik. Həzrəti Xizr (ə) daha öncə demişdi: “Bilmədiyin bir şeyə necə səbr edəcəksən?”
Bəşər həyatında sabit və qəti olan bir şey vardır ki, onlar öz öyrəşdikləri və adət etdikləri şeylərə uyğun gəlməyən hadisələr və işlərlə müxalifət edirlər. Söz və əməllə belə şeylərə etiraz edirlər. Hədislərdən belə məlum olur ki, belə bir hal mübarək zühur zamanı da baş verəcək. Belə ki, o zamanda baş verən bir sıra hadisələr insanlar tərəfindən etirazlarla qarşılanacaq. Bunlara misal olaraq aşağıdakıları göstərə bilərik:
1. İnsanlar dövlətin rəhbərliyinin yaşı 30-u ya 40-ı keçməyən gənc bir şəxsin əlində olmasına öyrəşməyiblər. Bu səbəbdən də bu məsələ ilə bağlı etirazlar baş verəcək. Xüsusən də bu başçının yaşının mindən artıq olduğuna inanan (bəzi) şəxslər tərəfindən. (Onlar onun 1000-dən artıq yaşı olduğuna etiqad etdikləri üçün onu 30-40 yaşında görüncə inana bilməyəcəklər. müt.)
“Ğeybəti Numani” kitabının 194-cü səhifəsində İmam Sadiq (ə)-dan nəql edilir ki, buyurur: “Qaim (ə.f) qiyam edərkən insanlar onu inkar edəcəklər. Çünki O (ə.f) onlara güclü və sağlam bir gənc şəklində qayıdacaq. Onun barəsində yalnız Allahın zərr aləmindən əhd aldığı şəxslər sabit qalacaqlar”.
Başqa bir hədisdə buyurur : “Ən böyük bədbəxtçiliklərdən biri də budur ki, onlar onun yaşlı bir şeyx olduğunu hesab edə-edə Sahibləri (ə.f) onların qarşısına cavan bir oğlan şəkildə çıxacaq”.
2. İnsanlar məhkəmələrin şahid, iqrar və s. kimi zahiri dəlillərlə aparılmasına öyrəşmişlər. Onlar məhkəmələrin hakimin xüsusi elmi vasitəsilə (qeybi və ilahi yardımlarla) çıxarılan hökmlərlə aparılmasına öyrəşməmişlər. Hətta onlar bu cür hökmlərin var olmasından bixəbərdirlər. Buna görə də bu sahədə də etirazlar baş verəcək. Bir sıra şərif hədislərdə gəlmişdir ki, İmam Məhdi (ə.f) həzrəti Davudun (ə) və həzrəti Süleymanın (ə) hökmü ilə hökm verəcək. Bunu isə o həzrətin (ə.f) ətrafındakılardan bəziləri inkar edəcək.
3. Bir çox şəriət hökmləri vardır ki, camaat arasında bilinir (icra edilir). Lakin biz bilirik ki, şəriət hökmləri məsləhət və zərərə əsaslanır. (Yəni bəzən icra edilən bir hökm məsləhət əsasında icra edilməyə bilər və ya tam əksinə. müt.) Buna görə də şərif rəvayətlər bizə xəbər verir ki, İmam Məhdi (ə.f) elə hökmlər gətirəcək ki, daha öncə kimsə onlarla hökm verməmişdir. Zahir budur ki, o zamanda mövcud olan məsləhət İmamın (ə.f) bu hökmləri icra etməsini gərəkli edəcək. Hədislərdə bu hökmlərdən bəziləri qeyd edilmişdir. Məsələn: zinakar qocanın və zəkata mane olanın öldürülməsi, İmam Hüseynin (ə) öldürülməsinə razı olan kəslərin öldürülməsi, möminin mömin üzərindən (batil olaraq) mənfəət əldə etməsinin haram edilməsi və s.
Bütün bunların qarşılığında gərəkdir ki, hədisi şərifləri oxumaqla İmam Məhdi (ə.f) ilə bağlı mərifətimizi artıraq. Bununla da zühur zamanı nə etməli olacağımızı bilək. Çünki, öz zəmanəsini tanıyan şəxsə fitnələr hücum çəkə bilməz..
Bəli diqqətli olmalı və bilməməzlik üzündən ilahi hökmlərə qarşı çıxmamalıyıq.
Şeyx Hüseyn Əl-Əsədi, “Sada al-Mahdi” jurnalı
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.