İmam Məhdinin (ə) viladətinin gizliliyi

Bismillahir Rəhmanir Rəhim

İmam Məhdi (ə)-ın qəziyyəsi bütün tərəfləri və yönləri ilə Allahu-təalanın iradəsinə bağlı olan bir məsələdir. Bu məsələ səmavi dinlərin diqqət yetirdiyi məsələlərdəndir. Peyğəmbərlər (ə) zülmü aradan aparıb haqq dövlətini bərqərar edəcək gözlənilən islahatçının gələcəyi ilə bağlı öncədən müjdələr vermişlər. Bu inanc yalnızca İslam dininə aid olan və xüsusən də şiə-imamilərin etiqad etdiyi bir inanc deyil, əksinə, Tövrat və dörd İncil də bu barədə daha öncədən xəbər vermişdir. Lakin bu etiqad xüsusi olaraq və bütün tərəfləri ilə yalnızca müsəlmanların əqidəsində öz əksini tapmışdır.

İmam Məhdi (ə)-ın doğumunun gizli olması ilə bağlı Peyğəmbər (s) və məsum imamlardan (ə) bir sıra hədislər nəql olunmuşdur. Bu hədislərdə o həzrətin (ə.f) viladətinin hansı səbəbdən gizli olacağı aşkar şəkildə bildirilmişdir. Bunlara misal olaraq göstərə bilərik:

1-Əbu Bəsir İmam Sadiq (ə)-dan nəql edir ki, həzrət buyurdu: “Bu işin sahibinin dünyaya gəlməsi insanların gözündən gizlində qalacaq ki, qiyam etdiyi zaman heç bir kəsin beyəti onun boynunda olmasın”. (Kəmalud-din, 2/479-480)

2-İmam Rza (ə)-dan nəql edilir ki, buyurdu: “Sanki mən üçüncü övladımın (İmam Həsən Əsgəri (ə)-ın) yoxluğunda şiələri görürəm ki, çobanı axtaran sürü kimidirlər, lakin onu tapa bilmirlər. (Ravi deyir:) Dedim: Niyə belə olacaq, ey Allah Rəsulunun oğlu? Buyurdu: Çünki imamları onlardan gizli saxlanılacaq. Dedim: Nə üçün? Buyurdu: Qılıncla qiyam etdiyi zaman boynunda bir kimsənin beyəti omasın deyə”. (Kəmalud-din, 2/479-480)

3-Hənnan ibn Sudeyrdən, o atasından, o da İmam Əba Əbdillah (Sadiq) (ə)-dan nəql edir ki, buyurdu: “Qaimin (ə) uzun çəkən bir qeybə çəkilməsi olacaq. (Ravi deyir:) Ona dedim: Ey Allah Rəsulunun oğlu, nəyə görə? Buyurdu: Çünki Allah istəyir ki, peyğəmbərlərin -əleyhimus-səlam- qeybə çəkilmələrinin bir bənzəri də on(un həyatın)da baş versin. Ey Sudeyr, onun qeybə çəkilməsi mütləq baş verməlidir. Allahu-təala buyurur: “Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz. (İnşiqaq surəsi, 19)”. Yəni, sizdən əvvəlkilərin başına gələnlərə düçar olacaqsınız”. (Kəmalud-din, 2/481)

4-Zürarədən nəql edilir ki, deyir: Əba Cəfərin (İmam Baqirin (ə)) belə dediyini eşitdim: “Qiyam etməzdən öncə Qaimin bir qeybə çəkilməsi olacaq. Zürarə deyir, dedim: Niyə? Buyurdu: Qorxuduğu üçün –sonra əli ilə qarnına işarə etdi. Zürarə deyir: Bununla qorxunun qətlə görə olacağını bildirmək istədi”. (Kəmalud-din, 2/481)

5-Əmirəl-möminindən (ə) nəql edilir ki, buyurdu: “Bizim Qaimimiz qiyam etdiyi zaman heç kəsin onun boynunda beyəti olmayacaq. Ona görə də, onun doğumu gizli olacaq, şəxsiyyəti gizli qalacaq”.

6- Hənnan ibn Sudeyr atası Sudeyr ibn Həkimdən, o öz atasından, o da Əbu Səid Uqeysadan belə nəql edir: Həsən ibn Əli (ə) Müaviyə ibn Əbi Sufyanla beyət edincə bir dəstə camaat onun evinə gəldi və etdiyi beyətə görə onu məzəmmət etməyə başladılar. Həzrət buyurdu (ə):

Vay olsun sizə, siz nə bilirsiniz mən nə etmişəm? And olsun Allaha ki, etdiyim iş şiələr üçün üzərinə günəşin saçdığı və ya batdığı şeydən daha xeyirlidir! Məgər bilmirsinizmi ki, mən sizin itaəti üzərinizə vacib olan imamınız və Allah Rəsulunun (s) buyuruğuna əsasən cənnət cavanlarının iki ağasından biriyəm?

Dedilər: Bəli (bilirik).

Buyurdu: “Məgər bilmirsinizmi ki, Xizr (ə) gəmini deşərkən, uşağı öldürüb divarı təmir edərkən Musa bin İmran (ə) işdəki hikməti bilməməsi səbəbindən buna qəzəblənmişdi? Halbuki, bu iş Allah yanında hikmət (əsasında olan) və düzgün bir iş idi. Məgər bilmirsinizmi ki, Qaimdən başqa bizim hər birimiz öz zamanının tağutuna beyət etmək məcburiyyətində qalacaq? O Qaim ki, İsa bin Məryəm onun arxasında namaz qılacaq. Həqiqətən də Allah (c.c) onun doğumunu gizli edər, onu qeybə çəkər ki, qiyam edən zaman boynunda kimsənin beyəti olmasın. O qardaşım Hüseynin doqquzuncu övladıdır, qadınların üstününün oğludur. Allah qeybə çəkildiyi zaman onun ömrünü uzadar. Sonra isə onu öz qüdrəti ilə qırx yaşı tamam olmamış bir cavan şəklində aşkar edər. Bu, Allahın hər şeyə qadir olduğunun bilinməsi üçündür”. (“Biharul-ənvar”, c.13, s.33)

7-İmam Sadiq (ə)-dan nəql edilir ki, buyurdu: “Qiyamından öncə qaimin bir qeybə çəkilməsi olacaq. (Ravi deyir,) dedim: niyə? Buyurdu: Başının kəsilməsindən qorxduğu üçün”. (Kəmalud-din, 2/481)

Bütün bu hədisi şəriflər həzrəti İmam Məhdi (ə)-ın doğumunun gizli olması və qeybə çəkilməsinin səbəbi kimi iki şeyi göstərir:

Birincisi: Öz zamanının tağutunun beyəti onun boynunda olmaması;

İkincisi: Öldürülmək qorxusu.

Yuxarıda İmam Həsən Müctəba (ə)-dan nəql edilən hədisdən belə başa düşülür ki, bu gizliliyin (və qeybə çəkilmənin) – insanlardan gizli qalsa belə – Allah qatında bəlli bir hikməti vardır. Bu səbəbdən də əgər onu öyrənməyə çalışsalar, lakin öyrənə bilməsələr, gərəkdir ki, Allahu-təalanın hökm və hikmətinə təslim olsunlar. (Tarixul-islam, Munzir Həkim, 4/38)

 

Seyyid Əbdür-Rəhim Musəvi, “Viladətul-İmamil-Məhdi (ə)”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment