İmam Məhdinin (ə) ləqəbləri və hikmətləri

Bismillahir Rəhmanir Rəhim

Bir çox hədisi-şəriflərdə İmam Məhdi (ə)-ın nə üçün “Məhdi”, “Qaim” və “Müntəzər” adlandırılmasının səbəbləri buyurulmuşdur. Biz bu qisimdən olan hədisləri qeyd etməzdən öncə bildirmək istərdik ki, dilimizdə bu adların hər birinin özünəməxsus mənaları vardır. Belə ki, dilimizdə mübarək “Məhdi” adı“hidayət edən” və “hidayət olunan”, mübarək “Qaim” adı “qiyam edən”, “ayaq üstə duran” və “dirçəldən”, mübarək “Müntəzər” adı isə “intizarı çəkilən” anlamına gəlir.

1-Şeyx Səduq öz sənədi ilə Əmirəl-möminin (ə)-dan, o həzrət də Allah Rəsulundan (s) uzun bir hədis nəql edir ki, burada Muhəmməd, Əli, Fatimə adları və digər imamların (əleyhimus-səlam) adları qeyd edilir. Hədisin bir yerində Allah Rəsulu (s) buyurur: “…Qaim ona görə “qaim” adlandırılıb ki, xatirəsi öldükdən (yaddan çıxdıqdan) sonra qiyam edəcək”. (Məanil-əxbar, 64-65/17, Biharul-Ənvar, 51, 30/6)

2-Şeyx Müfid və Fəttal Muhəmməd ibn Əcəlandan, o da İmam Sadiq (ə)-dan nəql edir ki, həzrət buyurdu: “Qaim qiyam etdiyi zaman insanları yenidən İslama dəvət edəcək və onları aradan getmiş və böyük əksəriyyətin ondan uzaq düşdüyü bir işə tərəf hidayət edəcək. Qaim məhz ona görə “Məhdi” adlanıb ki, (çoxlarının) uzaq düşdükləri bir işə doğru hidayət edəcək. “Qaim” isə ona görə adlanıb ki, haqqı bərqərar edəcək (dirçəldəcək)”. (Rəvzətul-vaizin, 2/264, Biharul-Ənvar, 51, 30/7)

3-Şeyx Səduq bir hədisdə Səqr ibn Əbi Dəlfdən nəql edir ki, deyir: Ona (İmam Muhəmməd Təqi (ə)-a) dedim: Ey Allah Rəsulunun övladı, bəs Həsəndən (İmam Həsən Əsgəridən (ə)) sonra imam kim olacaq?  Bunu demişdim ki, həzrət möhkəm ağladı. Daha sonra buyurdu: Həsəndən sonra (imam) onun oğlu Qaim bil-haqq (haqqı dirçəldən) Müntəzərdir.

Dedim: Ey Allah Rəsulunun övladı, nə üçün “Qaim” adlandırılıb?

Buyurdu: Çünki o xatirəsi unudulduqdan və onun imamlığına etiqad edənlərin bir çoxunun mürtədd olmasından sonra qiyam edəcək.

Dedim: Bəs “Müntəzər” niyə adlanıb.

Buyurdu: Çünki o çox uzun müddət qeybə çəkiləcək (bu zaman) müxlis şəxslər onun aşakara çıxmasını gözləyəcək, şübhəyə düşənlər isə onu inkar edəcəklər. İnkarçılar isə onun barəsində istehza edəcəklər (onu lağa qoyacaqlar).

O qeybdə olduğu zaman (onun zühuru üçün) vaxt təyin edənlər yalan deyərlər, (zühur barəsində) tələskənlik edənlər həlak olarlar, təlsim olanlar isə nicat taparlar”. (Kəmalud-din, 378/3, İlamul-vəra, 409, Biharul-Ənvar, 51, 30/4)

4-Şeyx Səduq öz sənədi ilə Əbu Həmzə Sumalidən, o da İmam Baqir (ə)-dan bir hədis nəql edir ki, hədisdə deyilir: (Əbu Həmzə deyir): Ona dedim: Ey Allah Rəsulunun övladı, siz (imamlar) hamınız Qaim bil-haqqsınız (haqqı bərqərar edənsiniz)? Buyurdu: Bəli.

Dedim: Bəs onda niyə (məhz) Qaim “Qaim” adlandırılıb?

Buyudu: Babam Hüseyn (ə) qətlə yetirildiyi zaman mələklər ah-nalə ilə izzət və cəlal sahibi olan Allaha şikayət edib dedilər: Ey bizim İlahımız, ey bizim Ağamız, Sənin seçdiyin şəxsi; seçdiyin şəxsin övladını, yaratdıqların içərisində bəyəndiyin şəxsi öldürənlərdən intiqam al. Bundan sonra izzət və cəlal sahibi olan Allah onlara vəhy edib buyurdu: Arxayın olun, ey mələklərim, izzət və cəlalıma and olsun ki, Mən onlardan mütləq intiqam alacağam, bir müddətdən sonra olsa belə!

Daha sonra izzət və cəlal sahibi olan Allah Hüseynin (ə) nəslindən olan imamları mələklərə göstərdi. Mələklər bunu görüb şad oldular. Bu zaman onlardan biri ayaq üstə durub namaz qılırdı. İzzət və cəlal sahibi Allah buyurdu: Bununla onlardan intiqam alacağam”. (İləluş-şəraye, 1/160, Biharul-Ənvar, 45, 221/4 və 51, 28/1)         

5-Şeyx Səduq Cabir ibn Abdullahdan, o da İmam Baqir (ə)-dan nəql edir ki, həzrət buyurdu: “Məhdi ona görə “Məhdi” adlanıb ki, gizli qalmış bir işə tərəf hidayət edəcək. Tövratı və Allahın digər kitablarını Antakyadakı bir mağaradan çıxaracaq. Bundan sonra Tövrat əhli arasında Tövratla, İncil əhli arasında İncillə, Zəbur əhli arasında Zəburla, Furqan əhli arasında Furqanla hökm verəcək. Dünyanın bütün var dövləti; yer içində və çölündə olanlar onun üçün toplanacaq və o, camaata deyəcək: Gəlin o şeyə ki, onun üstündə qohumluq əlaqələrini kəsdiniz, onun üstündə qan tökdünüz və onun üstündə Allahın haram etdiklərinə mürtəkib oldunuz. Sonra elə bir şey verəcək ki, özündən əvvəl heç kəs onu verməmişdir.

Sonra buyurdu: Allah Rəsulu (s) buyurub ki: O məndən olan bir şəxsdir. Onun adı mənim adımdandır. Allah məni onda qoruyub saxlamışdır (yəni, mənim bütün xüsusiyyətlərim onda var). O mənim sünnəmə uyğun hərəkət edəcək və yer üzünü zülm, haqsızlıq və qaranlıqla dolduqdan sonra düzlük, ədalət və nurla dolduracaq”. (İləluş-şəraye, 161/3, Biharul-Ənvar, 51, 29/2)

 

Hüseyn Şakiri, “Əl-Məhdiyyul-Müntəzər” (1-ci cild)

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment