İmam Məhdinin (ə) kimliyi hədislərdə

Bismillahir rəhmanir rəhim

Əhli-sünnə məzhəbinin kitablarında nəql olunan həzrəti Məhdi (ə)-ın nəsəbi və kimliyi ilə bağlı olan hədisləri aşağıdakı kimi quruplaşdırıbtəqdim edə bilərik:

1-Məhdi (ə) Qüreyşdəndir:

Allah Rəsulu (s) buyurur: “Sizə Məhdi(nin gələcəyi ilə) bağlı müjdə verirəm. O Qüreyşdən və mənim itrətimdəndir. O, insanlar ixtilafa düşüb sarsılacağı zaman mənim ümmətimə göndəriləcək, (sonra isə) yer üzünü haqsızlıq və zülmlə dolduğu kimi düzlüklə dolduracaq”. (Səvaiqul-muhriqə, 99, Havi, 2/124, İs`afur-rağibin, 243)

2-Məhdi (ə) Əbdül-müttəlib övladlarındandır:

Allah Rəsulu (s) buyurur: “Biz yeddi nəfər Əbdül-müttəlib övladı cənnət ağalarıyıq: Mən, Həmzə, Əli, Cəfər (Təyyar), Həsən, Hüseyn və Məhdi”. (Sünəni İbn Macə, 2/1368, Fəslul-muhimmə, 276, Yənabiul-məvəddə, 435)

3-Məhdi (ə) “itrət”dən, Əhli-beytdən və Muhəmməd ailəsindəndir səllallahu əleyhim əcməin :

Allah Rəsulu (s) buyurur: “Məhdi mənim itrətimdəndir”. (Sünən, Əbu Davud, 2/422, Səvaiqul-muhriqə, 97, əl-Havi, 2/124, İs`afur-rağibin, 131)

Həmçinin: “Məhdi biz Əhli-beytdəndir”. (Sünən, İbn Macə, 2/1367)

Həmçinin: “(Dünyanın) ömründən yalnız bircə gün belə qalmış olsa, Allah mənim Əhli-beytimdən olan bir şəxsi göndərəcək ki, yer üzünü haqsızlıqla dolduğu kimi ədalətlə doldursun”. (Sünən, Əbu Davud, 2/422, Səvaiqul-muhriqə, 97, Fəslul-muhimmə, 273, əl-Havi, 2/125, Nurul-əbsar, 157)

Həmçinin: “Ərəblərə mənim itrətimdən olan və adı mənim adıma uyğun gələn bir şəxs başçılıq etməyincə dünya dağılmayacaq (və ya aradan getməyəcək)”. (Sünən, Tirmizi, 4/505, Müsnədi Əhməd ibn Hənbəl, 1/376, 377, 430, 448, Təzkirətul-huffaz, 2/488, əl-Havi, 2/125)

Həmçinin: “Yer üzü zülm və haqsızlıqla dolmayanadək qiyamət qopmayacaq.  Sonra mənim itrətimdən olan – və ya Əhli-beytimdən olan – bir şəxs çıxıb yer üzünü zülm və haqsızlıqla dolduğu kimi düzlük və ədalətlə dolduracaq”. (Müsnəd, Əhməd ibn Hənbəl, 3/36)

Şeyx Şəblənci deyir: “Məhdinin Əhli-beytdən olduğunu və yer üzünü ədalətlə dolduracağı barədə Peyğəmbərdən (s) nəql edilən hədislər təvatür həddindədir”. (Nurul-əbsar, 157)

4-Məhdi (ə) Əlinin (ə) övladlarındandır:

Allah Rəsulu (s) buyurur: “Həqiqətən də Əli mənim vəsimdir, onun övladlarından biri də gözlənilən Qaim Məhdidir. O şəxs ki, yer üzünü haqsızlıq və zülmlə dolduğu kimi düzlük və ədalətlə dolduracaq”. (Yənabiul-məvəddə, 448) Həmçinin: “Bunun (Əli (ə)-ın) sülbündən bir gənc çıxacaq ki, yer üzünü düzlük və ədalətlə dolduracaq”. (Əl-Havi, 2/130)

5-Məhdi (ə) həzrəti Fatimənin (s.ə) övladlarındandır:

Allah Rəsulu (s) buyurur: “Məhdi mənim itrətimdən; Fatimənin övladlarındandır”. (Sünən, Əbu Davud, 2/422, Sünən, İbn Macə, 2/1368, Müstədrək ələs-səhiheyn, 1661, Əl-Bəyan, 64, Siyəri ə`lamin-nubəla, 11/417, Fəslul-muhimmə, 271, Səvaiqul-muhriqə, 97. Hafiz Heysəmi “Səvaiq”də və Şeyx Səbban “İs`af”da bildirmişlər ki, bu hədis Səhihi-Müslimdə də gəlmişdir.)

Süheyli “Şərhi-sirə”də həzrəti Fatimənin (s.ə) fəzilətlərindən danışarkən deyir: “Onun (s.a) üstünlüklərindən biri də budur ki, axirəz-zəmanda gələcəyi müjdə verilən Məhdi onun nəslindəndir”. (Ər-Rəvzul-ənəf, 1/280)

6-Məhdi (ə) həzrəti Hüseynin (ə) övladlarındandır:

Bu babda bir çox hədis olsa da biz sadəcə ikisi ilə kifayətlənirik. Allah Rəsulu (ə) əlini həzrəti Hüseynin (ə) çiyninə vurub dedi: “Ümmətin Məhdisi bu(nun övladların)dandır”. (Əl-bəyan, 82) Həmçinin: “Hüseynin övladlarından olan bir şəxs ümmətimi dirçəltməyincə qiyamət qopmayacaq. O şəxs yer üzünü zülmlə dolduğu kimi ədalətlə dolduracaq”. (Yənabiul-məvəddə, 445)

7-Məhdi (ə) həzrəti Hüseynin (ə) doqquzuncu övladıdır:

Salman Farisidən nəql edilən bir hədisdə cənab deyir: Peyğəmbər səllallahu əleyhi və alihi və səlləm-in yanına daxil oldum. Bu zaman Hüseyn o həzrətin ayaqlarının üstündə oturmuşdu. Həmin vaxt (Peyğəmbər (s)) onun boğazından və ağzından öpür və deyirdi: “Sən seyyidsən (ağasan), seyyidin övladısan və seyyidin qardaşısan. Sən imamsan, imamın övladısan və imamın qardaşısan. Sən (ilahi) höccətsən, höccətin oğlusan, höccətin qardaşısan və sonuncuları Qaim olan doqquz höccətin atasısan”. (Yənabiul-məvəddə, 445)

8-Məhdi (ə) həzrəti vəsilərin və imamların on ikincisidir:

Uzun bir hədisdə Allah Rəsulu (s) buyurur: “…Həqiqətən də mənim vəsim Əli ibni Əbi Talibdir. Ondan sonra iki nəvəm Həsən və Hüseyn, Hüseyndən sonra isə onun nəslindən olan doqquz imamdır. Hüseyn vəfat etdikdə oğlu Əli, Əli vəfat etdikdə oğlu Muhəmməd, Muhəmməd vəfat etdikdə oğlu Cəfər, Cəfər vəfat etdikdə oğlu Musa, Musa vəfat etdikdə oğlu Əli, Əli vəfat etdikdə oğlu Muhəmməd, Muhəmməd vəfat etdikdə oğlu Əli, Əli vəfat etdikdə oğlu Həsən, Həsən vəfat etdikdə isə oğlu Höccət Muhəmməd Məhdi (imam)dır. Bunlar on iki (imam)dırlar”. (Yənabiul-məvəddə, 441)

9-Məhdi (ə) həzrəti İmam Həsən Əsgərinin övladıdır:

Allah Rəsulu (s) Cabir ibn Abdullahla söhbət edərək tək-tək imamların adlarını sadalayır və nəhayət bu yerə yetişərək buyurur: “…Ondan sonra (imam) onun oğlu “Əsgəri” deyə çağırılan Həsəndir. Ondan sonra isə (imam) onun oğlu Muhəmməddir. Onu da “Məhdi”, “Qaim”, “Hüccət” adlandırarlar. O (əvvəlcə) qeybə çəkilər, daha sonra isə aşkara çıxar. (Aşkara) çıxdığı zaman yer üzünü haqsızlıq və zülmlə dolduğu kimi düzlük və adalətlə dolduracaq”. (İs`afur-rağibin, 139-140, Yənabiul-məvəddə, 443)

 

Şeyx Muhəmmədhəsən Ali Yasin (r.ə), “Məhdiyyul-muntəzər bəynət-təsəvvur vət-təsdiq”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

1 thought on “İmam Məhdinin (ə) kimliyi hədislərdə”

Leave a Comment