Bismillahir Rəhmanir Rəhim
Belə bir sual soruşula bilər ki, İmam Məhdi (ə)-ın qeybə çəkilməsinin hikməti nədir və bunun nə kimi faydası var?
Qeyd edək ki, qeybə çəkilmədə həm İmam Məhdi (ə), həm də ümmət üçün bir sıra mənfəət və hikmətlər vardır. Qeybətin İmam Məhdi (ə) ilə bağlı olan hikmətini elə İmamın (ə) özü ikinci naibi Muhəmməd ibn Osman Əmriyə (r) yazdığı bir məktubda açıqlamışdır.
İshaq ibn Yəqub rəvayət edib deyir ki, ikinci naib Muhəmməd ibn Osman Əmridən (r) istədim ki, mənim üçün şübhə yaradan bəzi məsələlərlə bağlı mənim adımdan (İmama (ə)) bir məktub çatdırsın. (Bir müddətdən sonra cavab olaraq) mövlamız Sahibəz-zəmanın (ə) öz xətti ilə yazılmış belə bir məktub gəldi:
“…Qeybətin səbəbinə gəlincə isə, Allahu-təala buyurur: Ey iman gətirənlər, (hikməti) sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində soruşmayın. (Maidə surəsi, 101) Həqiqətən də mənim bütün ata-babalarımın boynunda öz dövrünün tağutunun (hakiminin) beyəti var idi. Mən qiyam etmək lazım olan vaxtda qiyam edəcəyəm. O zaman heç bir tağutun mənim boynumda beyəti olmayacaq”. (Kəmalud-din, 485, bab 45, hədis 4) Bu o mənaya gəlir ki, həzrəti Məhdinin (ə.f) vəzifəsi və missiyası ata-babalarınkından fərqlənir. Onun ata-babalarının (ə) vəzifəsi insanlara təlim vermək, onlara doğru yol göstərmək, onları sonuncu dövlət üçün hazırlamaq idi. Onların hər birisi (ə) istəmədən və məcburən öz dövrünün zalımı ilə beyət etməli olmuşlar. Hətta Yəzidin beyətini rədd edən İmam Hüseyn (ə) belə daha öncə Müaviyə ilə beyət etmək məcburiyyətində qalmışdı. Lakin İmam Məhdinin (ə.f) rolu və vəzifəsi bundan fərqlənir. İmam Məhdinin (ə.f) rolu və vəzifəsinə gəlincə bu, heç bir maddi və ya ictimai maneə olmadan hər növ zülm və haqsızlığı aradan aparmaq, bütün zalımları məhv etmək vəzifəsidir. Bu vəzifə isə hansısa zalım hakimin beyətinin onun boynunda olması ilə uyğun gəlmir. (Bu səbəbdən də o həzrətin (ə.f) boynunda kiminsə beyəti olmasın deyə həzrətin qeybə çəkilməsi lazım gəlmişdir və buna görə (ə) Allahu-təala o həzrət (ə.f) üçün qeybət müqəddər etmişdir.)
Mümkündür ki, deyilsin ki, qeybətin İmam (ə.f) üçün faydası olsa da ümmət üçün bir faydası yoxdur. Belə ki, qeybət insanlar üçün fayda deyil, zərər amilidir. Çünki bunun səbəbilə bir çox batil cərəyanlar ortaya çıxmış, müsəlmanlar müxtəlif firqələrə ayrılmış, insanların bir qismi dindən və ya şiəlikdən dönmüşlər. Bütün bunlar zərərdən başqa bir şey deyil.
Cavab olaraq deyirik: …Qeybət dövrü bizlər üçün imtahan, çətin bir sınaq, ələnmə, arınma və seçilmədir. Bu dövr ərzində dində sabit olan qeyri-sabit olandan fərqlənir. Qeyb dövrü bizim nə qədər iradəli olduğumuzu, nə qədər sabitqədəm və dini prinsiplərimizdə nə qədər israrlı olduğumuzu aşkara çıxaran bir imtahandır. (Necə ki, həzrəti Nuha (ə) iman gətirən möminlər çox uzun bir müddət imtahan olundular. Bu imtahan nəticəsində isə içlərindən cəmi 60-70 nəfərin dində sabit, əqidələrində möhkəm olduğu ortaya çıxdı-müt.)
Cabir Cö`fi İmam Baqir (ə)-dan soruşdu: Sizin fərəciniz nə vaxtdır? Buyurdu (ə): “Uzaqdır, uzaqdır. Bizim fərəcimiz siz ələnmədən, sonra yenə ələnmədən, sonra yenə ələnmədən – həzrət bunu üç dəfə təkrar etdi – və Allah bulanıq olanı aparıb saf olanları saxlamadan baş verməyəcək”. (Ğeybəti-Tusi, 339, hədis 387)
İmam Həsən Əskəridən (ə) nəql edilən digər bir hədisdə isə buyurulur: “Oğlum məndən sonra gələn Qaimdir (ə). Keçmiş peyğəmbərlərdə olduğu kimi onun da uzun ömrü və qeybə çəkilməsi olacaqdır. Bu zaman (qeybətin) müddətinin uzunluğu səbəbindən insanların qəlbləri qəsavət bağlayacaq. Bu zaman onun (imamətinə) etiqad etməkdə yalnız o şəxslər sabit qalacaqlar ki, Allah onların qəlblərinə iman yazmış, onları Özündən olan bir ruhla gücləndirmişdir”. (Siratul-müstəqim, 2/238)
Deməli, qeybət dövrü bizlər üçün bir sınaq, səbatımızın hansı həddə olduğunu müəyyən etmək üçün bir imtahandır.
(Qeyd edək ki,bu mətndə qeybətin yalnız iki hikməti qeyd olunmuşdu.Lakin hədislərdə digər hikmətlərədə işarə olunmuşdur ki,növbəti məqalələrdə onları (Allahın izni ilə) siz əzizlərin nəzərinə çatdıracağıq. Bu mətndən isə aydın oldu ki, İmam Məhdinin (ə) qeybə çəkilməsinin hikmətlərindən biri o həzrətin üzərində kiminsə beyətinin olmaması, digəri isə bu dövr ərzində insanların İmamın (ə) yoxluğu ilə imtahan edilməsidir.
Bu dövrdə bizlər çalışıb dində sabit qalmalı, haqq əqidəmizdən sapmamalı, düşmənlərin hiylələrinə aldanmamalıyıq. Bunu bacara bilməyin yeganə yolu isə Allahu-təaladan səbat diləyib, əziz Peyğəmbər (s) və Əhli-beytinin (ə) göstərişlərinə əməl etmək və onların qeybət zamanında ümmət üzərində höccətləri olan fəqih alimlərə tabe olmaqdır-müt.)
Seyyid Munir Xubbaz, “Əl-həqiqətul-Məhdəviyyə”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.