İmam Məhdinin (ə.f) peyğəmbərlərlə (ə) bənzərlikləri

Bismillahir rəhmanir rəhim

 Allah təbarək və təala İmam Məhdi (ə)-la bəzi peyğəbərlər (ə) arasında müəyyən cəhətlərdən bənzərlik yaratmışdır. Məsələn, Allahu-təala o həzrətin (ə) doğumunu həzrəti Musanın (ə) doğumu kimi gizli etmiş, həzrət (ə) üçün də Musa (ə) kimi öldürülmək qorxusu ilə gizlənmək müqəddər etmişdir. Həmçinin, Allahu-təala həzrəti Məhdi (ə)-ı həzrəti İsa (ə) kimi qeybə çəkmiş, həzrəti İsanın (ə) barəsində deyilənlərin o həzrət barəsində də deyilməsini müqəddər etmişdir. Həzrəti Nuh (ə) öz qövmü üçün səmadan bəla göndərilməsini istədiyi zaman Allahu-təala onun bu işini təxirə saldığı kimi həzrəti Məhdi (ə)-ın işi üçün də bir təxir və ləngimə müqəddər etmişdir. Uca Allah o, həzrətin (ə) həyatını həzrəti Yusif (ə)-ın həyatı kimi etmişdir. Belə ki, onunla (ə) insanlar arasında bir hicab yaratmış və bunun nəticəsində insanlar onu görsələr də tanımamışlar. Bütün bunlar və s. bənzərliklərə bir sıra hədislər işarə etmişdir ki, biz burada onların bəzilərini qeyd edirik:

   Əbu Bəsirdən nəql olunur ki, deyir: Əba Cəfərin (ə) belə buyurduğunu eşitdim: “Bu işin sahibinin dörd peyğəmbərlə oxşarlığı vardır: Musa (ə), İsa (ə), Yusif (ə) və Muhəmməd (s)”. Dedim: Musa (ə)-la hansı bənzərliyi vardır? Buyurdu: “(O da Musa (ə) kimi) qorxu içində və daim gözdə-qulaqda olar”. Dedim: İsa (ə)-la bənzərliyi nədədir? Buyurdu: “Onun barəsində də İsanın (ə) barəsində deyiləni (yəni, öldüyünü) deyərlər”. Dedim: Yusif (ə)-la hansı bənzərliyi var? Buyurudu: “Zindan və (insanlardan) gizlində qalmaq”. Dedim: Bəs həzrəti Muhəmməd (s)-lə olan bənzərliyi nədir? Buyurdu: “Qiyam etdiyi zaman Allah Rəsulunun (s) sirəsi əsasında (onun (s) etdiyi kimi) hərəkət edər. Lakin o, Muhəmməd (s)-in sünnəsini dirçəldər və Allah razı olanadək səkkiz ay qılıncını qınına qoymayıb döyüşəcək”. Dedim: Allahın razı olduğunu necə biləcək? Buyurdu: “Allah qəlbinə rəhmət salacaq”. (“Ğeybət”, Numani, 10-cu bab, hədis 5, s.164 )

Şeyx Səduq (r.a) öz sənədi ilə Əhməd b. Əli Bədilidən nəql edib deyir: Atam Sudeyr Seyrəfidən nəql edərək bizə xəbər verdi ki, (Sudeyr) deyib: Mən, Müfəzzəl b. Ömər, Əbu Bəsir və Əban b. Təğlib mövlamız Əba Əbdillah Sadiq (ə)-ın yanına getdik və gördük ki, (həzrət) torpaq üstündə əyləşib. Əyninə yun, cibsiz Xeybəri əba geyinmiş və balası ölən ana kimi şiddətlə ağlayırdı. Hüzn və kədər yanaqlarına süzlümüş, çöhrəsi dəyişmiş, gözləri yaşla dolmuşdu. Bu zaman həzrət deyirdi: “Ey ağam, sənin qeybətin yuxumu alıb, (dünyanı) mənə dar edib, qəlbimin rahatlığını məndən alıb. Ey ağam, sənin qeybətin müsibətlərimi daimi olan fəlakətlərə çevirib, birini digərindən sonra əldən vermək bizim say və cəmiyyətimizin məhv olmasına səbəb olur. Heç hiss etmirəm ki, gözlərimin yaşları quruya, sinəmin naləsi sönə və aram ola… ” Sudeyr deyir: Bu müdhiş sözləri eşidib bu böyük hadisəni (görüncə) ağlımız başımızdan çıxdı, qəlbimiz parça-parça oldu, pərişan olduq. Elə zənn etdik ki, həzrətə böyük bir bəla üz verib və ya ruzigardan ona nəsə bir bədbəxtlik üz verib, (buna görə də) dedik: “Allah gözünü ağlatmasın, ey insanların ən xeyrilisinin oğlu! Hansı hadisə sənin göz yaşını axıdıb, hansı hadisə gözlərini isladıb və nədir səni bu qədər kədərləndirən halət?” İmam Sadiq (ə) sinəsi qabaracaq həddə ah çəkdi və dedi: “Vay olsun sizə, bu gün səhər Cəfr kitabına baxdım. O, elə bir kitabdır ki, (bütün) müsibət, bəla və fəlakətlər, (həmçinin) olmuş və qiyamətə qədər olacaq şeylərin elmi orada (yazılıb). O, elə bir kitabdır ki, Allah onu Muhəmmədə (s) və ondan sonra gələcək İmamlara (əleyhimus-səlam) məxsus etmişdir. Orada bizim Qaimimizin doğumunu, qeybə çəkilməsini, (zühurunun) gecikməsini, ömrünün uzun olmasını və o zamanda möminlərin bəlalara tuş gəlməsini, uzun müddət qeybə çəkilməsi səbəbindən qəlblərinə şəkkin düşməsini, əksəriyyətinin dindən dönüb mürtədd olmasını və Allahu-təalanın buyurduğu İslam ipini boyunlarından atmalarını oxudum. Allahu-təala buyurur: “Biz hər bir insanın yaxşı və pis əməlinin nəticəsini və təqdirini onun boynuna atmışıq.” (İsra, 13) ” Məni ağlamaq tutdu və kədərləndim. Biz dedik: Ey Allah Rəsulunun oğlu, ikram və lütf eləyib o elmdən bildiyin şeylərdən bizə də bir şey de. Buyurdu: “Allahu-təala üç peyğəmbər barədə etdiyi üç şeyi bizim Qaimimiz üçün də edəcək. Onun doğumunu Musanın (ə) doğumu kimi edəcək. Qeybə çəkilməsini də İsanın (ə) qeybə çəkilməsi kimi edəcək. O(nun zühurunun) uzadılmasını isə Nuhdakı (ə) kimi edəcək. Daha sonra onun ömrünü “saleh bəndə”nin – yəni, Xizrin (ə) – ömrü kimi edəcək”. Biz ona dedik: Ey Allah Rəsulunun oğlu, bu mənaları bizim üçün aydınlaşdır. Buyurdu: “Musanın (ə) doğulmasına gəlincə, Firon biləndə ki, hakimiyyətinin əldən getməsi onun (Musa (ə)) əli  ilə olacaq, əmr etdi ki, kahinləri hüzuruna gətirsinlər. Kahinlər ona Musa (ə)-ın nəsəbini və onun Bəni-İsraildən olacağını bildirdilər. Firon tez əmr verir ki, Bəni-İsrailin hamilə qadınlarının qarınlarını yırtsınlar. Bu şəkildə iyirmi mindən artıq uşaq öldürdülər. (Lakin) Allah təbarək və təala onu qoruduğu üçün Firon Musanı (ə) öldürə bilmədi. Həmçinin Bəni-Üməyyə və Bəni Abbas biləndə ki, onların və onlardan olan əmir və zalımların hakimiyyətlərinin aradan getməsi bizim Qaimimizin əli ilə olacaq bizə qarşı düşmənçiliyə başladılar. Onlar Qaimi öldürə bilmək üçün qılınclarını Peyğəmbər (s) ailəsini öldürməyə, nəslini aradan aparmağa yönləndirdilər. (Peyğəmbər (s) ailəsinin üzərinə qılınc çəkdilər) Lakin Allah, müşriklər istəməsələr belə öz nuru tamam olanadək onun məsələsinin hansısa bir zalıma aşkar olmamasını istədi (və beləcə düşmənlər o həzrəti(ə) qətlə yetirə bilmədilər)

İsanın (ə) qeybətinə gəlincə isə: Yəhudi və xristianlar onun qətlə yetirildiyinə etiqad edirdilər, (lakin) Allahu-təala bu sözü ilə onların yalan dediyini bildirdi: “Onlar onu (İsanı) nə öldürdülər, nə də dara çəkdilər, əksinə bu barədə şübhəyə düşdülər.” (Nisa, 156) Qaimin qeybə çəkilişi də belə olacaq. Belə ki, qeybətinin uzun olması səbəbindən onu inkar edəcəklər. Bəziləri deyəcək ki, o doğulmayıb. Bəzisi isə doğulduğunu, lakin sonra öldüyünü deyəcək. Digərləri deyəcək ki, bizim on birincimiz (İmam Əskəri (ə)) sonsuz olmuşdur. Hələ başqa birisi də deyəcək ki, o, on üçüncü (imam)dır. Digər Allaha (c.c) asi olmuş kəs də Qaimin ruhunun başqasının cisminə girib oradan danışdığını deyəcək.

Nuh (ə)-ın (işinin) yubanmasına gəlincə isə: O Allahdan qövmü üçün səmadan bəla göndərməsini istəyincə Allah (ə.c) Ruhul-əmini yeddi xurma dənəsi ilə birgə ona göndərdi. Cəbrail (ə) ona dedi: Ey Allahın peyğəmbəri, Allah təbarək və təala sənə deyir: Bunlar mənim yaratdıqlarım və bəndələrimdirlər. Mən onları yalnız dəvət edildikdən və huccət tamam olduqdan sonra ildırımla aradan apararam. Buna görə də (yenidən) dəvət etmək üçün öz qövmünün yanına qayıt. Mən buna görə sənə mükafat verəcəyəm. Bu xurma dənələrini ək, onlar bitdikdən, böyüdükdən və yetişdikdən sonra (istəyinə çatacaqsan). Ağaclar bar verincə ( meyvələr yetişincə) sənə tabe olan möminləri bununla müjdələ.

Elə ki, ağaclar cücərib böyüdülər, qol-budaq açıb xurma verdilər  Nuh Allahdan vədini yerinə yetirməsini istədi. Allahu-təala isə ona əmr etdi ki, bu ağacların da dənələrini əksin və səbirli olub gözləsin. (Eyni zamanda) öz qövmü üçün bir daha huccəti tamamlasın və bunu ona iman gətirən tayfalara bildirsin. (Lakin bunu eşidənlərdən) üç yüz nəfər şəxs dindən döndülər və dedilər: “Əgər Nuhun iddia etdiyi şey doğru olsaydı, Rəbbinin vədində xilaf olmazdı!”.

Beləcə Allahu-təala hər dəfəsində bu ağacların dənələrini yenidən əkməyi əmr etdi və Nuh (ə) bir-birinin ardınca yeddi dəfə bu dənələri əkdi. Bu arada ona iman gətirən tayfalar isə bir-bir dindən dönüb mürtədd olurdular. Nəhayət iş o yerə çatdı ki, onlardan cəmi yetmiş nəfərdən az adam qaldı. Bu zaman Allahu-təala Nuh (ə)-a vəhy edib buyurdu: Ey Nuh, artıq gecə səhərə çevrildi, haqq bəlli oldu, (iman) küdurətdən ayrıldı. Sənə iman gətirənlərin bəziləri imandan döndülər. Mən isə sənin qövmündən olan xalis tövhidlə iman gətirən, sənin nübuvvət ipinə yapışan möminlərə verdiyim keçmiş vədimə sadiq qaldın. Onlara yerdə xəlifə olacaqlarına, dinlərini onlar üçün möhkəmlədəcəyimə, onların qorxularını arxayınlığa dəyişəcəyimə və bununla da qəlblərində şəkk olmadan yalnız Mənə ibadət edəcəklərinə dair verdiyim sözə sadiq qalmışam. (Lakin) onların xəlifə olmaları, möhkəmlənmələri və arxayınlıq içərisində olmaları necə baş tuta bilərdi? Bir halda ki, Mən mürtədd olanların zəif imanlarını, xislətlərinin xəbisliyini, nifaq və zəlalətin nəticəsi olan pis əməllərini bilirdim. Əgər Mən onlara möminləri xəlifə edəcəyim zaman verəcəyim  mülkü versəydim, onların nifaqları daha da möhkəmlənər, qəlblərinin zəlaləti daha da artar, öz qardaşlarına qarşı düşmənçilik edər, rəyasət üstündə onlarla müharibə aparardılar.. Bəs elədirsə, onda bu cür fitnə və müharibələrlə birlikdə necə möhkəmlənə bilərdilər? Heç vaxt”. Sonra İmam Sadiq (ə) buyurdu: “Qaimin uzun qeybəti dövründə də belə olacaqdır ki, haqq tamamilə aydın olsun, imanın səfası zülmətlərdən seçilib ayrılsın… ” (“İkmalud-din”, bab 33, s. 352)

İmamalmahdi.org saytının ərəb bölməsinə istinadən

Leave a Comment