İmam Məhdinin (ə.f) Muhəmməd ibni Əli Kərəxiyə məktubu

Bismillahir rəhmanir rəhim

Bildiyimiz kimi, İmam Məhdi (ə.f)-dən bir sıra məktublar gəlib çatmışdır. Belə məktublardan biri də həzrət (ə.f) tərəfdən sadir olan aşağıdakı məktubdur. Biz məktubu həzrətin (ə.f) əmrinə itaət edərək olduğu kimi oxucularımıza təqdim edirik. Muhəmməd ibni Əli ibni Hilal əl-Kərəxi tərəfindən yazılan bir məktuba cavab olaraq sadir olan bu məktubda həzrət (ə.f) ğulatların (Peyğəmbərlər və imamlar barədə ifrata varanların) əqidəsini rədd edərək buyurur:

“Ey Muhəmməd ibni Əli, Allah onların Onu vəsf etdiklərindən ucadır! Pakdır, münəzzəhdir və (mən) ona həmd edirəm! Biz (imamlar) Onun elmində və ya qüdrətində Onunla şərik deyilik. Əksinə, qeybi yalnız O bilir, necə ki, möhkəm kitabında buyurur: “Dedi: göylərdə və yerdə olanlardan kimsə qeybi bilməz, yalnız Allahdan başqa (yalnız Allah qeybi bilər)”. Mən və mənim əvvəldəki bütün ata-babalarım; Adəm, Nuh, İbrahim, Musa və digər peyğəmbərlər və sondakı (ata-babalarım); Rəsulullah Muhəmməd, Əli ibni Əbi Talib, Həsən, Hüseyn və mənə qədər olan digər imamlar (hamısının üzərinə Allahın salavatı olsun) şəni uca olan Allahın qullarıyıq. Uca və izzət sahibi olan Allah buyurur: “Kim Mənim zikrimdən üz döndərərsə, yaşayışı sıxıntılı və məşəqqətli olar. Biz onu qiyamət günü kor olaraq həşr edərik və o deyər: Ey rəbbim, məni nə üçün kor olaraq həşr etdin, mən ki (dünyada) görürdüm (və kor deyildim)?. (Allah) deyər: (ona görə ki,) ayələrimiz sənə gəldi, lakin sən onları unutdun. (Buna görə də) bu gün də sən unudulacaqsan”. Ey Muhəmməd ibni Əli, şiələrin cahilləri və ağılsız olanları və dini milçəyin qanadı qədər olmayan şəxslər bizi inctmişlər. Ondan başqa “O” olmayan və şahid olmağa kifayət olan Allaha və onun peyğəmbəri Muhəmmədə, mələklərinə, peyğəmbərlərinə, övliyalarına və mənim bu yazımı eşidəcək hər bir kəsə şəhadət verirəm ki, mən bizim qeybi bildiyimizi və ya Allahın mülkündə şərik olduğumuzu deyən kəslərdən, yaxud bizə Allahın bizim üçün təyin etdiyi və bizim üçün yaratdığı məqamdan başqa bir məqamı nisbət verən kəslərdən və ya bu yazımın əvvəlində sənin üçün bəyan edib izah verdiyim məsələ barəsində bizimlə zidd fikirdə olan kəslərdən uzaq və bezaram! Sizə şəhadət verirəm ki, bizim uzaq və bezar olduğumuz hər bir şeydən Allah, onun mələkləri, peyğəmbərləri və vəliləri də uzaqdırlar. Bu məktubu sənin və onu eşidəcək hər bir kəsin boynunda bir əmanət olaraq təyin edirəm: Belə ki, mənim dostlarımdan və şiələrimdən olan heç kimsədən onu gizlətmə(yin), ta ki, bu məktub bütün dostlarıma çatsın. Bəlkə (bununla) Allah onları (içlərindəki azmışları – ğulatları) islah edər və onlar Allahın haqq dininə qayıdarlar. Bilmədikləri və elmləri çatmayan bir şeyi (iddia etməkdən) əl çəkərlər. Kim mənim (bu) yazımı başa düşüb ona əmr edib çəkindirdiyim şeyə qayıtmasa Allahın və adlarını çəkdiyim saleh qullarının lənətinə layiq olmuşdur!”[1]


[1]  Muhəmmədtəqi Əkbər Nejad, “Məvsuətu təvqiatil İmamil-Məhdi (ə.f)”

“İhticac”, səh.473, c.2, “İhtcacul-huccətil-qaim-muntəzəril-Məhdi”.

“Biharul-ənvar”, səh.266, c.25, bab 10, “Nəfyi-ğuluvv fin-Nəbi vəl-Əimmə”.

“İmam Məhdi (ə.f) tədqiqat mərkəzi”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

 

Leave a Comment