Bismillahir Rəhmanir Rəhim
İmam Məhdi (ə) üçün hədisi-şəriflərdə bir neçə ləqəb və künyə qeyd edilmişdir. Bunlardan bir neçəsinə nəzər salaq:
1- “Əbul-Qasim”
Mötəbər sənədlərlə müstəfiz rəvayətlərdə qeyd edilmişdir ki, Allah Rəsulu (s) buyurub: “Məhdi mənim nəslimdəndir, adı mənim adımdan, künyəsi mənim künyəmdəndir (Əbul-Qasim)”. (Biharul-Ənvar, 51/72)
“Tarixu İbn Xəşab”da İmam Sadiq (ə)-dan nəql edilir ki, buyurub:
“Saleh xələf mənim nəslimdəndir və o, Məhdidir. Adı Muhəmməddir, künyəsi isə Əbul-Qasim”. (Kəşful-ğummə, 2/475)
Qasim ibn Udeydən nəql edilir ki, dedi: “Deyiblər ki, Xələfi-Salehin künyəsi Əbul-Qasimdir”. (Kəşful-ğummə, 2/475)
2-“Əba Əbdillah”
Gənci Şafei “Kitabul-bəyan”da Hüzeyfədən, o da Allah Rəsulundan (s) nəql edir ki, həzrət buyurdu: “Əgər dünyanın sonuna bircə gün belə qalmış olsa, Allah adı mənim adımdan və əxlaqı mənim əxlaqımdan olan bir şəxsi göndərəcək. Onun künyəsi Əba Əbdillahdır”. (Əl-Bəyan, Şafei, 30)
Ümumiyyətlə, bəzi hədislərə əsasən, o həzrət (ə) öz pak ata-babalarının hamısının künyəsi ilə adlandırılıb.
4-Əba Cəfər, Əba Muhəmməd, Əbul-Həsən, Əba İbrahim, Əbu Turab, “Uzunul-vaiyə” (“Eşidən qulaqlar”), “Əyadi” (“Nemət”).
5-“Əba Saleh”
“Zəxirətul-Əlbab” kitabında qeyd edilib ki, o həzrətin (ə) künyələri Əbul-Qasim və Əba Salehdir.
Bu künyə çöl ərəbləri və bədəvilər arasında daha geniş yayılmışdır. Onlar istiğasə və təvəssül zamanlarında bu adı çağırarlar. O cümlədən bu künyəni şair və ədiblər də öz şerlərində və qəsidələrində(tez-tez) işlədirlər. (Mərhum Hacı Nurinin “Nəcmus-saqib” kitabının 9-cu babında bu adın mənbəsi göstərilmişdir.)
6-“Əmirlərin-Əmiri”
Bu ləqəbi onun barəsində Əmirəl-möminin (ə) buyurmuşdur. Fəzl ibn Şazan “Ğeybə” kitabında İmam Sadiq (ə)-dan nəql edir ki, həzrət İmam Əmirəl-möminin (ə)-ın hədisini nəql edir. Fitnə, döyüş və hərc-mərcliklərdən danışdıqdan sonra Əmirəl-möminin (ə) buyurur: “Dəccal çıxacaq və azğınlıq və zəlalətdə son həddə çatacaq. Bundan sonra isə Əmirlərin-əmiri, kafirləri öldürən və gözlənilən sultan gələcək. O həmin şəxsdir ki, qeybə çəkildiyi zaman ağıllar sərgərdan qalar, o sənin doqquzuncu övladındır, ey Hüseyn! İki rükn (rükn və məqam) arasında zühur edəcək və səqəleyn (insanlar və cinlər) üzərində qələbə çalacaq”. (Ğeybəti Fəzl ibn Şazan, 222)
7-Bəqiyyətullah.
Fəzl ibn Şazan İmam Sadiq (ə)-dan nəql edir ki, buyurudu: “(Məhdi (ə)) xüruc etdiyi zaman arxasını Kəbəyə söykəyəcək və (ətrafına) üç yüz on üç nəfər şəxs toplaşacaq. Onun dediyi ilk söz bu ayə olacaq: “Əgər möminsinizsə, Allahın (yer üzərində) saxladığı sizin üçün daha xeyirlidir”. Sonra deyəcək: Mən “Allahın yer üzərində saxladığı”yam (Bəqiyyətullaham), Onun sizin üzərinizə olan höccəti və xəlifəsiyəm.
Kim ona salam verəcəksə, bu şəkildə salam verəcək: Salam olsun sənə ey Allahın yer üzərində saxladığı (ey Bəqiyyətullah fi ərzih)!” (Kəşful-Haqq, 183)
8-“Bi`rul-muəttələ”- “Tərk edilmiş quyu”
Əli ibn İbrahim öz “Təfsir”ində İmam Sadiq (ə)-ın bu ayənin təfsirində belə buyurduğunu nəql edir: “Və (nə çox) tərk edilmiş quyular və uca möhkəm saraylar (ki, hamısı boş sahibsiz qalıb)!” (Həcc, surəsi 45) Bu Muhəmməd Ailəsi üçün –salavatullahi əleyhim- vurulan bir məsəldir. Allahu-təalanın buyurduğu “tərk edilmiş quyu” o quyudur ki, ondan su çəkmək olmur. O qeybə çəkilən və (zühur gününədək) ondan elm əxz etmək mümkün olmayan imamdır”. (Təfsiri-Qummi, 2/85)
Yəni, zahiri bilinən səbəblərlə ondan (ə) elm əxz etmək olmaz. Yoxsa ki, “qeyri-bilinən” səbəblərlə onun elmindən və feyzlərindən yararlanmaq mümkündür.
Şeyx Mirzə Hüseyn Nuri Təbərsi, “Nəcmus-saqib”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.