zuhuradogru.org

İmam Məhdinin (ə.f) azərbaycanlı vəkili (Qasim ibn Əla)

İmam Zaman (ə.f) İmamın xas naibləri

Bismillahir Rəhmanir Rəhim

İmam Məhdi (ə)-ın vəkillərindən biri də Azərbaycanlı olan Əba Muhəmməd Qasim ibn Əladır. (Qasim ibn Əla Həmədani ilə səhv salınmasın.)

(Fikirimizcə ilk öncə “naib” və “vəkil” anlayışları qısaca da olsa izah edilməlidir. “Kiçik qeyb” dövründə naiblər dörd nəfərdən ibarət olsa da, vəkillərin sayı çox olmuşdur. Həmin dövrdə naiblərin hər birisi Bağdadda məskunlaşmışdı. İslam ölkələrindən olan şiələr məhz bu naiblər vasitəsilə İmam Məhdi (ə.f) ilə əlaqə yarada bilirdilər. Lakin İmam Məhdinin (ə) digər məntəqələrdə vəkilləri də var idi. Bəsrə, Kufə, Yəmən, Mədain, Qum, Nişabur, Rey, Həmədan və eləcə də Azərbaycan kimi bir çox islam ölkələrində yaşayan bu vəkillər, bir növ naiblərin işini yüngülləşdirir, şəhərlərdə şəri vergilərin yığılmasını həyata keçirir, daha sonra isə onları Bağdada gətirib naiblərə çatdırırdılar. Eyni zamanda onlar şiələrin dini və şəxsi problemlərini həll etməyə çalışır, suallarına cavab verir, İmamın (ə.f) göstərişlərini və tapşırıqlarını məskunlaşdıqları şəhərin şiələrinə çatdırıdılar. Lakin onlar İmamdan (ə) birbaşa olaraq məktub ala bilmirdilər. Bu məktublar onlara dörd naibdən biri vasitəsilə çatırdı. Həmçinin, onlar naiblərdən daha aşağı bir məqama sahib idilər. Allahın rəhməti olsun onlara. -müt)   

Həyatı: “Rical” kitablarında onun doğum və vəfat tarixi barədə, eləcə də həyat və fəaliyyəti barədə kamil və ətraflı şəkildə məlumat verilməmişdir. Lakin rəvayətlərdən belə nəticə alırıq ki, o İmam Rza (ə)-ın zamanında yaşamışdır. Belə ki, Ərdəbilinin hədisində gəlmişdir ki: “Onun əynində bir köynək var idi ki, həmin köynəyi ona Əbul-Həsən Rza (ə) geyindirmişdi”. (Səfinətun-nəcat, Şeyx Abbas Qummi, 7/302)

Həmçinin əldə olan məlumatlara əsasən, İmam Məhdi (ə)-ın ikinci və üçüncü naibləri olan Şeyx Muhəmməd ibn Osman Əmrinin və Şeyx Əbul-Qasim Hüseyn ibn Ruh Novbəxtinin zamanında həzrət (ə) tərəfdən ona məktublar gəlirmiş. Bu isə ona dəlalət edir ki, o bu iki şəxsin naibliyi zamanında hələ də həyatda imiş.

Hədislərə əsasən, o yüz on yeddi il ömür sürmüşdür. Bunun səksən ilini gözləri görən halda keçirmişdir. Səksən yaşından sonra isə gözləri tutulmuşdur. O, İmam Hadi və İmam Həsən Əskəri əleyhiməs-səlamla da görüşmüşdü. Qasim ibn Əla Azərbaycanın “Arran” (indiki Bərdə) bölgəsində yaşayırdı. (İrşa, Şeyx Müfid, s.331, Camiur-ruvat, Ərdəbili, 2/19)

Güvənirliyi: Şeyx Tusinin Şeyx Müfidə istinadən gətirdiyi hədis onun güvənilir, ədalətli bir şəxs olmasına və İmam Hadi (ə) və İmam Əsgəri (ə)-ın əshabından olmasına dəlalət edir. Bu hədisə əsasən, İmam Məhdi (ə) onun vəfat xəbərini məktubla ona bildirmiş, onun üçün geyim göndərmişdir. Şeyx Tusi deyir:

“Muhəmməd ibn Muhəmməd ibn Numan  Hüseyn ibn Abdullahdan, o da Muhəmməd ibn Əhməd Səfvanidən bizə belə xəbər verdi ki, sonuncu dedi:

Qasim ibn Əlanı gördüm. Mən onu görəndə onun yüz on yeddi yaşı var idi. Onun səksən yaşında gözləri görürdü, bu zaman o mövlamız Əbəl-Həsən (ə) və Əba Muhəmməd Əskəri (ə) ilə görüşmüşdü. Səksən yaşından sonra gözləri tutulmuşdu (görmürdü), lakin vəfatından yeddi gün əvvəl gözləri əvvəlki halına qayıtdı (görməyə başladı). Mən Azərbaycanın Arran (Bərdə) şəhərində onun yanında qalırdım. Mövlamız Sahibəz-zəman Əba Cəfər Muhəmməd ibn Osman Əmri və Əbul-Qasim Hüseyn ibn Ruh vasitəsilə ona məktublar göndərərdi. Lakin təxminən iki ay idi ki, ona məktub gəlmirdi. Buna görə də o çox narahat olmuşdu. Bir gün biz onunla birgə yemək yediyimiz zaman, qapıçı sevincək halda içəri daxil olub ona dedi: İraqdan gələn var. Bunu eşitcək Əbul-Qasim çox sevindi, üzünü qibləyə tərəf döndərib səcdə etdi. Orta yaşlarda olan bir şəxs içəri girdi, üst-başından uzaq yoldan gəldiyi bilinirdi. Əynində bir cübbə var idi. Qasim ayağa qalxıb onu qucaqladı və çiynindəki xurcununu boynundan götürdü. Əl yumaq üçün qab və su gətirilməsini istədi və o şəxsin əlini yudu, sonra isə ona öz yanında yer verdi. Beləcə biz yeməklərimizi yedik və əllərimizi yuduq. (Yeməkdən sonra) o şəxs qalxıb (xurcunundan) bir yazı (məktub) çıxarıb Əbul-Qasimə verdi. Qasim məktubu alıb öpdü və onu öz İbni Əbi Sələmə adlı katibinə verdi. Əba Əbdillah (katib) onu alıb açdı və oxumağa başladı. Ta ki, Qasim (məktubla bağlı) nə bir şey olduğunu hiss etdi. Dedi: Əba Əbdillah, xeyirdir? Dedi: Xeyirdir. Dedi: Vay sənə, mənim barəmdə (xoşagəlməz) bir şey gəlib? Dedi: Pis bir şey yoxdur. Dedi: Bəs nədir? Dedi: Bu məktubun sizə çatmasından qırx gün sonra (sizin) vəfat edəcəyiniz (yazılıb). Həmçinin də yeddi libas göndərilib. Qasim dedi: (Ölərkən) dinim salamat olacaq? Dedi: Salamat olacaq. Bundan sonra o güldü – Allah ondan razı olsun –  və dedi: Bundan sonra yaşamaq istəmirəm. (Və ya, dinim salamat olan halda ölürəmsə, daha çox yaşamaq mənə gərək deyil.-müt.)

Məktub gətirən şəxs qalxıb yük torbasından üç “izar” (paltar növü), bir qırmızı yəməni örtük, bir əmmamə və digər iki növ paltar çıxarıb (Qasimə verdi). Qasim də onları aldı. Qasimin əynində isə bir köynək var idi ki, onu mövlamız Əbul-Həsən (Rıza) (ə) Qasimə vermişdi… Qasim oğlu Həsənə tərəf dönüb dedi: Həqiqətən də Allah sənə bir məqam vermək istəyib, səni bir mərtəbəyə qaldırmaq istəyib, şükr edərək onu qəbul et. Həsən ona dedi: Atacan, onu qəbul etdim. Qasim dedi: Hansı şərtlə? Dedi: Sən mənə nəyi əmr etsən, o şərtlə atacan. Dedi: Bu şərtlə ki, daha öncə etdiyin işdən – şərab içməkdən əl çəkəsən. Həsən dedi: Atacan, sənin zikr etdiyin Şəxsin haqqına and içirəm ki, bir daha şərab içməyəcəyəm. Şərabla yanaşı sənin bilmədiyin başqa işlərdən də əl çəkəcəyəm. Bundan sonra Qasim əlini göyə qaldırıb üç dəfə belə dua etdi: “İlahi, Həsənə öz itaətini nəsib et, onu sənə qarşı günah etməkdən saxla!”. Sonra öz əli ilə öz vəsiyyətini yazdı. Qasimin əlində (tabeçiliyində) olan mülklər, vəqf malı olaraq mövlamıza məxsus idi…

Qasim oğlu Həsənə vəsiyyətində dedi: Ey oğlum, əgər bu işə – İmam Məhdinin (ə) vəkili olmağa – layiq görülsən, sənin gündəlik rizqin mənim Fərcidə kimi tanınan mülklərimin (tarlalarımın və əkin sahələrimin) yarısından olacaq. Onun digər yarısı isə Mövlamızın mülküdür. Yox əgər layiq görülməsən, o zaman öz xeyrini Allahın qəbul etdiyi başqa yerdə axtar. (Başqa halal iş gör). Həsən buna razı olaraq onun vəsiyyətini qəbul etdi.

Qırxıncı gün idi. Sübh açılmışdı ki, Qasim – Allah ondan razı olsun – vəfat etdi. Əbu Əli ibn Cəhdər Qasimə qüsl verdi, Əbu Hamid isə suyu tökdü. Kəfən olaraq onu yeddi paltara bükdülər. Əynində mövlamız Əbul-Həsənin köynəyi, onun da üzərində İraqdan gələn yeddi paltar var idi. Az bir müddət keçdikdən sonra, Mövlamızdan Həsənə başsağlığı məktubu gəldi. Bu məktubun sonunda isə belə bir dua var idi: “Allah sənə öz itaətini nəsib etsin, səni Ona qarşı günah etməkdən saxlasın!” Bu isə onun atasının onun üçün etdiyi həmin dua idi. Məktubun sonunda belə bir cümlə də var idi: “Atanı sənə öndər, onun əməllərini isə sənin üçün örnək qərar verdik”. (Şeyx Tusi, Ğeybət, s.210-214)”

(Ardı olacaq)

  Əli Ə`səd, “Qasim bin əl-Əlaa”      

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

7 thoughts on “İmam Məhdinin (ə.f) azərbaycanlı vəkili (Qasim ibn Əla)

  1. Geri izləmə: Azərbaycan hədislərdə
  2. Bismillahiər Rəhmanir Rəhim
    Əlhəmdulillahi Rəbbil aləmin
    Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

    Allah hazırlayandan və zəhməti keçən hər kəsdən razı olsun, gözəl və bilinməyi lazım olan məlumatdır.

  3. Geri izləmə: Azərbaycan hədislərdə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir