İmam Məhdinin (ə.f) Məkkədən Kufəyə səfəri 1

Bismillahir Rəhmanir Rəhim

Hədisi-şəriflərdə İmam Məhdi (ə)-ın Məkkədən Kufəyə tərəf yola çıxması barədə buyurulur:

1-Ravəndi Əbi Səid Xorasanidən, o Cəfər ibn Muhəmməd (ə)-dan, o həzrət də atasından (ə) belə nəql edir: “Qaim Məkkədə qiyam edib Kufəyə tərəf yola çıxmaq istədikdə onun çarçısı səslənib deyəcək: Bilin və agah olun, heç kəs özü ilə nə yemək, nə də su götürməsin”. O İmam (ə) və hansı bir mənzildə düşərlərsə o daşı ortaya qoyar. Bundan sonra daşdan çeşmələr qaynayar. Kim ac olarsa doyar, kim susuz olarsa sirab olar. Onlar Kufənin arxasına- Nəcəfə çatana qədər onların azuqəsi bu olar. Onlar Kufənin arxasına çatınca o daşdan daimi olaraq su və süd qaynayar. Kim ac olsa doyar, kim susuz olsa sirab olar. (Xəraic, Ravəndi: 2/690, hədis, 1, Bihar: 52/335, hədis 67)

 2-Şeyx Müfid İmam Baqir (ə)-ın belə buyurduğunu rəvayət edir: “Sanki mən Qaim əleyhis-səlamın Kufə təpəliklərində durduğunu görürəm. O, Məkkədən Cəbrail sağında, Mikayıl solunda, möminlər isə önündə olan bir halda və ölkələrdə qoşunları məğlub edə-edə beş min mələyin əhatəsində Kufə təpəliklərinə gələcək.”(İrşad, Şeyx Müfid: 2/379-380)

3-Əllamə Məclisi İmam Baqir (ə)-dan belə rəvayət edir: “Qaim zühur edib Kufəyə daxil olduqda Allah Kufənin arxasından (Nəcəfdən) yetmiş min siddiq göndərər ki, o həzrətin əshabından və köməkçilərindən olarlar…” (Biharul-Ənvar: 52/390, hədis 212)

4-Şeyx Müfid Əbil Caruddan, o da İmam Baqir (ə)-dan uzun bir hədisdə belə nəql edir: “Qaim qiyam edincə Kufəyə yollanacaq. Kufədə on neçə min Bətriyyə çıxıb ona deyəcək: Gəldiyin yerə qayıt, bizim Fatimə övladlarına ehtiyacımız yoxdur! Bundan sonra o (ə.f) onlarla qılınc əsasında davranacaq və onların axırına çıxacaq. Sonra Kufəyə daxil olacaq. Burada isə bütün münafiq və şəkk edənləri öldürüb Kufə saraylarını uçuracaq. İzzət və cəlal sahibi olan Allah razı olanadək özüylə döyüşənlərlə vuruşacaq (və onları öldürəcək).” (İrşad, Şeyx Müfid: 384)

5-Şeyx Səduq Somalidən nəql edir ki, İmam Baqir (ə) buyurdu: “Sanki mən Qaim əleyhis-səlamın Kufə təpəliklərində durduğunu görürəm. O Nəcəfə[1] gəlincə Allah Rəsulu səllallahu əleyhi və alihin bayrağını açar. O bayraqın dəstəyi Allah təbarək və təalanın ərşinin sütünundandır, qalan hissəsi isə cəlal sahibi Allahın köməyindəndir. O həmin bayraqı kimə qarşı dalğalandırarsa izzət və cəlal sahibi olan Allah o şəxsi həlak edər. Ravi deyir, dedim: O bayraq onunla (ə.f) birgə olacaq, ya ona veriləcək? İmam (ə) buyurdu: Ona veriləcək. O bayraqı onun üçün Cəbrail əleyhis-səlam gətirəcək.” (Kəmalud-din: 672, hədis 23)

Başqa bir hədisdə isə İmam Sadiq (ə) oxşar məzmunu qeyd etdikdən sonra buyurur: “O (ə.f) həmin bayrağı tərpətdiyi (silkələdiyi) zaman bütün möminlərin qəlbi dəmir parçası kimi olar və hər bir möminə qırx nəfərin gücü verilər. Elə bir ölən mömin olmaz ki, həmin sevinc qəbrdə ona gəlməsin! Belə ki, qəbirlərində onların yanına gəlib onlara Qaimin qiyam etməsi müjdəsini verərlər. Qaimin (ə) (yardımına) on üç min üç yüz on üç (13313) mələk enər.

Ravi deyir, dedim: Bütün bunlar mələk olacaqlar? İmam (ə) buyurdu: Bəli, onlar o mələklərdirlər ki, Nuh (ə) ilə birgə gəmidə idilər, oda atıldığı zaman İbrahim (ə)-la birgə idilər, Bəni İsrail üçün dənizi yaranda Musa (ə)-la birgə idilər, Allah onu göyə qaldırdığı zaman İsa (ə)-la birgə idilər. Dörd mini Peyğəmbər səllallahu əleyhi və alihlə olan “müsəvvimin” (nişanlanmış) mələklərdir. Mini “murdifin” (bir-birinin ardıyca gələn) mələklərdirlər. Üç yüz on üçü “bədriyyin” (Bədr döyüşündə iştirak) edən mələklərdirlər. Dörd mini isə həmin mələklərdirlər ki, səmadan enib Hüseyn (ə)-la birgə döyüşmək istəmişdilər, lakin onlara döyüş izni verilməmişdi və beləcə qiyamətəcən onun (ə) qəbrinin yanında durub (üst-başlarına) toz-torpaq yaxmağa başlamışdılar. Onların başçıları “Mənsur” adlı bir mələkdir. Kim Hüseyni (ə) ziyarət edirsə, onlar o şəxsi qarşılayırlar, kim Onunla (ə) vidalaşıb (gedirsə), onlar onu yola salırlar. (Belə şəxslərdən) hansı biri xəstə olursa, ona baş çəkirlər, hansı biri ölürsə, onun üçün cənazə namazı qılırlar, ölümündən sonra onun üçün bağışlanma diləyirlər. Bütün bu mələklər yerdədirlər və Qaim əleyhis-səlamın qiyam etməsini gözləyirlər.” (Kamiluz-ziyarat, İbn Qovləveyh: 233-234, hədis 5)

6-Şeyx Müfid Əmr ibn Sabitdən, o da atasından nəql edir ki, İmam Baqir (ə) buyurdu: “Məhdi (ə) Kufəyə daxil olar. Orada aralarında mübahisə düşmüş üç bayraq olacaq. (Lakin) ona görə (mübahisəyə) son qoyarlar. Beləcə Məhdi (şəhərə) daxil olub minbərə çıxar və xütbə edər. Ağlamaq (səslərin)dən camaat onun nə dediyini başa düşə bilməyəcək. Bu, Allah Rəsulunun (s) həmin sözüdür ki, buyurur: Sanki mən Həsənini və Hüseynini görürəm. Həsəni (bayraqa) sahib olar, sonra isə onu Hüseyniyə verər və camaat Hüseyni ilə beyət edər.

İkinci cümə olunca camaat deyər: Ey Allah Rəsulunun övladı, sənin arxanda namaz qılmaq Allah Rəsulunun (s) arxasında namaz qılmaq kimidir, amma bu məsçid bizə kifayət etmir (dar gəlir). Məhdi (ə) deyər: Mən sizin üçün bir şey fikirləşəcəyəm. Beləcə çölə çıxar. Orada insanların hamısını əhatə edəcək min qapılı möhkəm quruluşlu bir məsçid tikmək əmri verər. Sonra dəstə göndərib Hüseyn (ə)-ın qəbrinin arxasından onlar üçün bir çay çəkdirər və onun suyu çöllərdən keçib Nəcəfə axar. O (ə) çay ağzında körpülər, yollarda dəyirmanlar tikdirər. Sanki mən qoca qadınları görürəm ki, buğda səbətlərini başlarına qoyub onları Kərbəlada[2] üyüdürlər.” (Ğeybəti Tusi: s.469)       

 

“Məhdiyyul-Uməm”, Şeyx Abdullah Həsən Ali Dərviş

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

 


[1]  “Nəcəf” sözü ərəbcədə “təpəliklər” deməkdir. Müt.

[2]  Başqa nüsxədə, “Kərbəla” sözünün yerinə “borclu qalmadan” ifadəsi işlənmişdir.

Leave a Comment