Bismillahir Rəhmanir Rəhim
Kiçik qeyb dövründə İmam Məhdi (ə.f) tərəfdən müxtəlif məsələlərlə bağlı bir çox məktublar sadir olmuşdur.Belə məktublardan biri də aşağıda qeyd edəcəyimiz məktub hesab edilir.
Muhəmməd ibn Yaqub əl-Kuleynin İshaq ibn Yəqubun belə dediyini nəql edir: Muhəmməd ibn Osman Əmridən (r.ə) istədim ki, mənim üçün qaranlıq qalan bəzi məsələlərlə bağlı (İmam Məhdiyə (ə.f)) bir məktub yollasın. Bundan sonra mövlamız Sahibəz-zəmanın (ə.f) öz xətti ilə belə bir məktub gəldi:
(Bismillahir Rəhmanir Rəhim)
Allah səni doğru yola müvəffəq edib sabit eləsin, əhli-beytimizdən (ailəmizdən) və əmi oğlanlarımız içərisindən məni inkar edənlərin (vəziyyəti) ilə bağlı soruşduğun sualın cavabına gəlincə, bil ki, izzət və cəlal sahibi olan Allahla hansısa bir kəsin arasında qohumluq əlaqəsi yoxdur, kim məni inkar edərsə məndən deyil. Belə bir kəsin yolu (və məsəli), Nuhun oğlunun (tutduğu) yoldur.
Əmim Cəfər və onun oğlunun yolu (məsəli) isə, Yusifin qardaşlarının yolu (məsəli kimi)dir. [1]
“Fuqqa`”nın (pivənin) içilməsinə gəlincə, bu haramdır, şalğamı(ın suyunu içilməsində) isə eyb yoxdur (olar). Sizin mallarınıza gəlincə, biz onları yalnız sizi paklamaqdan ötrü (sizdən) alırıq. Elədirsə, kim istəyir versin, kim də istəyir verməsin; Allahın bizə verdiyi sizin verdiyinizdən daha xeyirlidir.
Fərəcin baş verməsinə gəlincə bu Allaha qalıb, bunun üçün vaxt təyin edənlər yalan deyiblər.
Hüseynin öldürülmədiyini iddia edən kəsin sözünə gəlincə, bu küfürdür, yalandır və zəlalətdir.
Qarşıya çıxan məsələlərdə bizim hədislərimizi nəql edən kəslərə müraciət edin, onlar mənim sizin üzərinizdə höccətimdirlər və mən də onların üzərində Allahın höccətiyəm.
Muhəmməd ibn Osman Əmriyə gəlincə – Allah məndən sarı ondan və atasından razı olsun – mənim güvəndiyim şəxsdir və onun yazısı (və ya göstərdiyi məktub) mənim yazımdır.
Muhəmməd ibn Əli ibn Məhziyar Əhvaziyə gəlincə, Allah onun qəlbini islah edib, şəkkini aradan aparacaq.
Sənin bizə göndərdiyinə gəlincə isə, biz yalnız pak və təmiz olanı qəbul edirik. Müğənninin (xanəndənin oxumaq müqabilində aldığı) pul haramdır.
Muhəmməd ibn Şazan ibn Nəimə gəlincə, o biz Əhli-beytin şiələrindən olan bir kəsdir.
Əbul-Xəttab Muhəmməd ibn Əli Əbi Zeynəb əl-Əcdə`ə gəlincə isə məl’undur və əshabı da (özü kimi) məl’undur. Onların sözlərini danışanlarla (onların tərəfdarları ilə) oturub-durma, mən onlardan uzaqam, ata-babalarım da onlardan uzaqdırlar.
Bizim mallarımıza xəyanət edənlərə gəlincə, kim ondan (malımızdan) bir şeyi halal hesab edib yeyərsə, heç şübhəsiz od yemişdir.
Xümsə gəlincə, şiələrimizə mübah edildi və bizim əmrimizin baş verəcəyi günədək halal edildi ki, bununla doğumları pak olsun və pisliyə qarışmasın.[2]
Allahın dinində şəkk etmiş qövmün bizə etdiklərinə görə peşman olmalarına gəlincə isə, bizdən əvf istəyəni bağışladıq. Bizim şəkk edənlərlə əlaqə qurmağa ehtiyacımız yoxdur.
Qeybə çəkilmənin baş verməsinin səbəbinə gəlincə, izzət və cəlal sahibi olan Allah buyurur: “Ey iman gətirənlər, sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində soruşmayın ”.[3] Mənim ata-babalarım içərisində elə birisi olmamışdır ki, öz zamanının tağutunun beyəti onun boynunda olmasın. Mən elə bir vaxtda xüruc edəcəyəm ki, (həmin vaxtda) heç bir tağutun beyəti mənim boynumda olmayacaq.
Qeyb dövründə məndən yararlanmanın necəliyinə gəlincə isə, bu, buludların gözlərdən gizlətdiyi günəşdən yararlanmaq kimidir. Ulduzlar göy əhli üçün əmin-amanlıq mənbəyi olduğu kimi, mən də yer əhli üçün əmin-amanlıq mənbəyiyəm. Sizə fayda verməyəcək şeylər barədə soruşmayın. Sizə deyiləndən artığını öyrənməyə çalışmayın. Fərəcin tez olması üçün dua etməyi çoxaldın. Belə ki, bunun (özü elə) sizin fərəcinizdir.
Salam olsun sənə və hidayətə tabe olanlara, ey İshaq ibn Yaqub!
Şeyx Səduq, “Kəmalud-din” (483), Şeyx Tusi, “Ğeybət” (176), Bihar, Əllamə Məclisi (53/180)
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.
[1] Burada qeyd etmək lazımdır ki, tarixi faktlara əsasən, Cəfəri-Kəzzəb ləqəbli Cəfər ibni-Əli Hadi (ə) daha sonra etdiyi imamət iddiasının və bu yolda etdiyi səylərinin puç və faydasız olduğunu görüb tövbə etmişdir. Zahirən İmamın (ə.f) bu kəlamı ona işarə edir ki, o həzrət də Yusif Nəbinin (ə) öz qardaşlarıyla davrandığı kimi davranaraq Cəfəri Kəzzabı əvf etmişdir. Belə ki, bu fikri təsdiqləyən başqa bir dəlil də digər bir məktubda gəlmişdir. –müt.
[2] Bu cümlə barədə ayrıca bir məqaləmiz olacaq, inşəallah.-müt.
[3] Maidə surəsi, 101