Bismillahir rəhmanir rəhim
Həyat İmam Məhdi (ə)-ın əli ilə sözün həqiqi mənasında yeni bir şəkil alacaq. Təkcə bunu qeyd etmək kifayət edər ki, İmam (ə) öz dövrünün elminə iyirmi beş hissə əlavə edəcək. “əl-Xəraic” kitabında (2/841) belə nəql olunur: “İmam Sadiq (ə) buyurdu: Elm iyirmi yeddi hissədir. Peyğəmbərlərin gətirdikləri bu elmin yalnız iki hissədir. İnsanlar bu günə qədər bu iki hissədən başqa şey bilməmişlər. Qaim (ə) zühur etdiyi zaman iyirmi beş hissəni ortaya çıxaracaq və onu insanlar arasında yayacaq. Sonra digər iki hissəni də ona əlavə edəcək ki, bütün iyirmi yeddi hissəni yaymış olsun”. (Biharul-Ənvar: 52/336)
Başqa bir hədisdə isə deyilir: “İmam Sadiq (ə) buyurdu: İşlər bu işin sahibinə çatdığı zaman Allahu-təala yerdən enmiş (onun altında olan və ya yer səviyyəsindən aşağıda olan) bütün şeyləri onun üçün qaldıracaq, bütün yüksəkdə olan şeyləri onun üçün aşağı endirəcək. Beləcə dünya onun nəzərində əlinin içi kimi olacaq. Sizdən hansı birinizin ovucunda bir tük olsa onu görməz?” (Kəmalud-Din: 2/674)
İmam Sadiq (ə) buyurur: “Qaimin (ə) zamanında şərqdə olan mömin qərbdəki qardaşını görə biləcək. Həmçinin, qərbdə olan mömin şərqdə olan qardaşını görəcək”. (İsbatul-Huda: 3/584, Biharul-Ənvar: 52/391)
İmam Baqir (ə) buyurur: “Bizim Qaimimiz zühur etdiyi zaman Allah şiələrimizin qulaqlarının və gözlərinin (eşitmə və görmə məsafəsini) uzadacaq. Elə bir şəkildə ki, onlarla onun arasında dörd fərsəxlik bir məsafə olmasına baxmayaraq (heç bir vasitəçi olmadan) onlarla danışacaq və onlar da onu eşidəcəklər. O öz yerində ola-ola onlar ona baxacaqlar”(Kafi: 8/241). (Çox güman ki, televizora işarə edilmişdir.)
Həmçinin, “Dəlailul-İmamə” kitabında belə nəql edilir: “Bizim Qaimimiz qiyam etdiyi zaman dünyanın hər bir yerinə bir adam göndərəcək və ona deyəcək: Sənin əhdin ovcunun içindədir. Əgər başa düşmədiyin və hökmünü bilmədiyin bir məsələ qarşına çıxarsa, əlinin içinə bax və orada olana əməl et” (Dəlailul-İmamə: 249).
Şeyx Əli əl-Kəvrani, “əl-Mucəmul-Məvzui”
Tərcümə: Zuhuradogru.org
Məlumatdan istifadə etdikdə istinad vacibdir.
halal edin