İmam Məhdi (ə) üçün dua etməyi gərəkli edən səbəblər

Bismillahir rəhmanir rəhim

 

“Mikyalul-Məkarim” kitabının müəllifi mərhum Mirzə Muhəmmədtəqi İsfahani öz dəyərli kitabının dördüncü babında İmam Məhdi (ə) üçün dua etməyi gərəkli edən səbəbləri bir araya toplamağa çalışmışdır. Mərhum İsfahani (r.ə) babın əvvəlində bəyan edir ki, “əgər qeyd edəcəyimiz bu xüsusiyyətlərdən hətta bircə dənəsi belə bir kəsdə olarsa, ağıl, vicdan və şəriət o şəxs üçün dua etməyin gərəkliliyinə hökm edər. Bir halda ki, bunların hamısı o Həzrətin (ə.f) vücudunda toplanmışdır”. Biz burada “Mikyalul-Məkarim” kitabında qeyd edilən belə xüsusiyyətlərdən bir neçəsini qeyd edirik:

1-O Həzrətin varlığı səbəbindən dualarımızın qəbul olunur:

Bil ki, Allahu-təalanın bizlərə bəxş etdiyi ən böyük nemətlərdən biri də bizlərə dua etmək və Ondan hacətlərimizi istəmək icazə verməsi və Öz lütfü və kərəmi ilə dualarımızı qəbul etməsidir.

Əgər sabit olsa ki, Onun bütün nemətləri bizlərə məhz zəmanə İmamımızın (ə.f) vücudunun bərəkəti sayəsində çatır və həmçinin, sabit olsa ki, duanın qəbul olunması da ən böyük nemətlərdən biridir, o zaman (vücudunun bu böyük nemətin əldə edilməsində vasitə olması səbəbindən) Mövlamız Sahibəz-Zəman (ə)-ın bizim üzərimizdəki haqqının nə qədər böyük olması aydın olar. Belə olunca bunun qarşılığı olaraq o Həzrət (ə.f) üçün dua etmək və ya bu böyük nemətə şükr sayılan digər işləri görmək bizə lazım olar.

İmamın varlığının bu nemətin ələ gətirilməsində vasitə və səbəb olduğuna dəlalət edən məsələlərdən biri “Bəsairud-dərəcat” kitabında Əbu Cəfər (ə)-dan nəql edilən bu hədisdir:

“Allah Rəsulu (s.ə.a.s) Əmirəl-möminin (ə)-a buyurdu: …(Onlar) sənin nəslindən olan imamlardırlar. Onlara görə ümmətimə yağış yağar, onların sayəsində ümmətimin duaları müstəcab olar, onların sayəsində bəla onlardan uzaqlaşar, onların sayəsində səmadan rəhmət nazil olar”[1].

2-O Həzrət (ə.f) Allahın dinini dirildib aşkar və qalib edəcək şəxsdir:

-Nüdbə duasında deyilir: “Eynə muhyi məalimid-dini və əhlih?” “Haradadır, dinin hökmlərini və onun əhlini dirildən şəxs?”

-“Ki onu bütün dinlərə qalib etsin..” (Fəth, 28) ayəsinin təfsirində deyilmişdir ki, “ki, onu – Qaimin zühuru ilə – bütün dinlərə qalib etsin..”[2].

-Biharul-Ənvarda Allah Rəsulundan (s.ə.a.s) nəql edilən bir hədisdə deyilir ki: “O Allahın işini ucaldacaq, Allahın dinini qalib edəcək”[3].

3-Həzrət (ə) Allahın hədlərini icra edib həyata keçirəcək:

Əmri (r.ə) vasitəsilə nəql edilən duada deyilir:

“Və əqim bihil-hududəl-muəttələ, vəl-əhkaməl-muhmələ”.

“Onun vasitəsilə bir kənara qoyulmuş hədləri və ehmal edilmiş hökmləri dirçəlt”[4].

4-O Həzrət (ə) qəlbləri yaxınlaşdıracaq və birləşdirəcək:

-Nüdbə duasında deyilir: “Eynə muəllifu şəmlis-səlahi vər-riza?”. “Haradadır rifah (xeyir) və razılıq birliyini bərba edəcək şəxs?”

-Əmirəl-möminin (ə)-ın o həzrət barədə etdiyi duada gəlmişdir: “Vacmə` bihi şəmləl-umməh”. “Onun əliylə ümmətin (birliyini) topla”.

-Bir hədisdə deyilir: “Allah onun vasitəsilə fərqli qəlbləri bir araya gətirəcək”[5].

-Əmirəl-möminin (ə)-dan nəql edilən bir hədisdə buyurulur:

“Dedim: Ey Allahın Rəsulu, Məhdi biz Ali-Muhəmməddəndir, yoxsa başqasından?

Buyurdu: Xeyr, bizdəndir. Allah onunla dini sona çatdıracaqdır, necə ki, bizimlə başlamışdır. İnsanlar bizim vasitəmizlə fitnələrdən xilas olacaqlar, necə ki, (bizim vasitəmizlə) şirkdən xilas olmuşdular. Allah bizim vasitəmizlə fitnə düşmənçiliyindən sonra onların qəlblərini birləşdirib qardaş edəcək, necə ki, şirk düşmənçiliyindən sonra onların qəlblərini birləşdirib onları dində qardaş etmişdi”[6].  

 

Mikyalul-Məkarim, c.1, Mirzə Muhəmmədtəqi İsfahani

Tərcümə: Zuhuradogru.org

 


[1]  Bəsairud-dərəcat: 167, hədis 22.

[2]  əl-Burhan: 5/94.

[3]  Bihar: 36/282, hədis 105.

[4]  Bihar: 95/330.

[5]  Kəmalud-Din: 645, hədis 7.

[6]  əl-Bəyan: 125, İqdud-Durər: 25, hədis 29.

Leave a Comment