İmam Məhdi (ə)-ın zahiri xüsusiyyətləri

Bismillahir rəhmanir rəhim

 

Əllamə Məclisi (r.ə) dəyərli Biharul-Ənvar toplusunda İmam Məhdi (ə)-ın xüsusiyyətləri ilə bağlı babda belə nəql edir:

1-“Uyunu-Əxbarir-Riza” kitabında Bəkr ibn Əhməd əl-Qəsəri İmam Həsən (ə)-dan belə nəql edir: “Yalnız imam oğlu imam və vəsi oğlu vəsi Qaim ola bilər”. 

2-“Kəmalud-Din” kitabında Abdullah ibn Ətadan belə nəql olunur: “Əbu Cəfər (ə)-a dedim: Sizin İraqda şiələriniz çoxdur. Əhli-Beyt (Bəni-Haşim) içərisində də sizin kimi birisi yoxdur. Elə isə nə üçün qiyam etmirsiniz? Buyurdu: Ey Abdullah ibn Əta, qulağını dəyərsiz şəxslərə açmısan. Vallahi mən sizin sahibiniz deyiləm. Dedim: Bizim sahibimiz kimdir? Buyurdu: Baxın kimin dünyaya gəlməsi (ümumi) camaata gizli qalacaq, bax odur sizin sahibiniz”.

Qeyd: Əllamə Məclisi “qulağını rəzil şəxslərə açmısan” ifadəsi barədə deyir: “Yəni sadəlövh şiələrin sözlərinə qulaq asırsan və onların dediyi guya bizim çoxlu köməkçimiz var imiş və buna görə də gərəkdir ki, biz qiyam edək və mən də vəd olunmuş Qaiməm – kimi əbəs sözlərini qəbul edirsən”.

Digər bir məqam isə əslində bütün Əhli-Beyt imamlarının (ə) şiələrin “sahibi” olmasıdır. Onların hər biri şiələrin sahibləridirlər. Lakin qeyd etmək gərəkdir ki, hədislərdə bu söz xüsusi olaraq İmam Məhdi (ə.f) üçün işlədilmişdir və buna görə də İmam Baqir (ə) “mən sizin sahibiniz deyiləm” deyir.

3-“Kəmalud-Din” kitabında Əmirəlmöminin (ə)-ın minbərdə belə buyurduğu nəql olunur: “Axirəz-zəmanda mənim övladlarımdan olan bir şəxs zühur edəcək. O ağdır, (dərisində)bir qədər qırmızılıq var, geniş qarınlıdır, budları enlidir, geniş çiyinlidir. Kürəyində iki xal vardır. Biri dərisinin rəngindədir, digəri isə Allah Rəsulunun (s.ə.a.s) xalına bənzəyir. Onun iki adı vardır: biri gizli olan addır, digəri isə aşkar. Gizli olan adına gəlincə, bu Əhməddir. Aşkar olan adı isə Muhəmməddir. O bayrağını əsdirdiyi zaman Şərq və Qərb arasında olanlar onun sayəsində aydınlanacaqlar. Əlini bəndələrin başına qoyacaq. Bütün möminlərin qəlbləri dəmir parçasından möhkəm olacaq..”.

4-“Qeybəti-Tusi” kitabında Əmirəlmöminin (ə)-ın belə buyurduğu nəql edilir: “Ömər ibnil-Xəttab Əmirəlmöminin (ə)-a dedi: Mənə Məhdinin xüsusiyyətləri barədə xəbər ver. İmam (ə) buyurdu: Orta boylu bir cavandır, gözəl üzlü, gözəl saçlıdır. Saçı çiyinlərinə tökülür. Üzünün nuru saqqalının və saçının qaralığını aydınladır (və ya: üstələyir). Atam qurban olsun kənizlərin ən xeyirlisinin oğluna!”.

5-“Qeybəti-Numani” kitabında nəql olunur ki, Hüseyn əs-Sə`ləbi İmam Baqir (ə)-la görüşdüyü zaman dedi: “Yaşım çoxalıb, sümüklərim zəifləyib. Bilmirəm bir daha sizinlə görüşə biləcəyəm ya yox. Elə isə mənimlə əhd bağlayın və mənə fərəcin nə vaxt olduğunu deyin. İmam (ə) buyurdu: Qaçıb didərgin düşən, tək-tənha olan, yaxınlarından aralı qalan, atası öldürülən, lakin qisası alınmayan və əmisinin (künyəsi) ilə künyələnən şəxs bayraqların Sahibidir. Onun adı Peyğəmbərin adıdır..”.

Əllamə Məclisi (r.ə) buyurur: “Atası öldürülən, lakin qisası alınmayan” sözündə “ata”dan məqsəd ya İmam Əskəri (ə), ya İmam Hüseyn (ə) ya da bütün İmamlardır (ə).

6-“Qeybəti-Numani” kitabında Əbu Vailin belə dediyi nəql olunur: “Əmirəlmöminin (ə) Hüseyn (ə)-a baxıb dedi: ..Allah onun sülbündən adı Peyğəmbərin (s) adı ilə eyni olan bir şəxs çıxaracaq. O xəlqən və xülqən (yaradılış və əxlaq baxımından) Peyğəmbərə bənzəyəcək. O insanların qəflətdə olduğu, haqqın öldüyü və batilin aşkar olduğu bir zamanda zühur edəcək.. Onun xürucu ilə səmaların əhli və sakinləri sevinəcək. O geniş alınlı, nazik və bir qədər çıxıntılı burnu olan, böyük (enli) qarınlı, geniş budlu bir şəxsdir. Onun sağ budunda bir xal vardır. Dişləri bir qədər aralıdır. Yer üzünü zülm və haqsızlıqla dolduğu kimi ədalətlə dolduracaq”.

7-Yenə “Qeybəti-Numani” kitabında  belə nəql edilir: “İmam Baqir (ə) buyurdu: O(nun dərisinin rəngi) bir qədər qırmızıya çalır. Çuxur gözlüdür. Çatma qaşlıdır. İki çiyninin arası genişdir (geniş çiyinlidir). Başında kəpək vardır. Üzündə bir iz vardır”.

 

“Biharul-Ənvar”, Əllamə Muhəmmədbaqir Məclisi

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə istinad vacibdir.

Leave a Comment