İmam Məhdi (ə)-ın xüsusi köməkçiləri

Bismillahir Rəhmanir Rəhim

   İmam Məhdi (ə)-ın xüsusi əshabı dedikdə o həzrətin zühurunun başlanğıcında müqəddəs Məkkə şəhərində həzrətin ətrafına cəm olacaq məhdud sayda insan nəzərdə tutulur. Onların sayı Talutun ordusunun və Bədr döyüşündə həzrəti Peyğəmbər (s)-in qoşununda olanların sayı qədər, yəni üç yüz on üç (313) nəfər olacaqdır. Lakin bu o demək deyil ki, həzrəti İmama (ə) yalnız bu qədər insan yardım edəcəkdir. Əksinə zühur hərəkatının başlaması ilə başqaları da o həzrətə yardıma tələsəcək (inşəaallah).

Bu şəxslər say baxımından az olsalar da, onların bir araya gəlməsi heç də asan məsələ deyil. Belə ki, imanın və ixlasın ən son mərtəbəsində olan bu şəxslər bənzəri olmayan şəxslərdirlər. Onlar həzrətin (ə.f) qoşunlarının başçıları olacaqlar. Ölkə və məntəqələrin fəthində və işlərin idarə edilməsində böyük rolları olacaq və sonralar İmam Məhdi (ə)-ın dövlətində hakim və rəhbər vəzifəsi daşıyacaqlar.

Əba Əbdillah Sadiq (ə)-dan belə nəql edilir: “Bilin, əgər lazım olan üç yüz on neçə nəfərin sayı tamamlansaydı, istədiyiniz baş verərdi. Bizim şiələrimiz o kəslərdir ki, səsləri qulaqlarını ötmür, qəzəbləri bədənlərini bürümür, bizi tərif edəndə ifrata varmır… (sonra buyurdu:) Onlar o kəslərdirlər ki, yaşayışları aşağı səviyyəlidir, evləri dəyişkəndir. Aşkarda olsalar tanınmazlar, gizlində olsalar axtarılmazlar. Xəstə olsalar onlara baş çəkilməz, elçilik etsələr qız verilməz, ölsələr kimsənin xəbəri olmaz. Onlar o kəslərdirlər ki, mallarını aralarında bərabər bölərlər, bir-birlərinin qəbrlərini ziyarət edərlər. Onların yaşadığı şəhərlər və məntəqələr ayrı-ayrı olsa da, istəkləri hər zaman bir olar”. (Biharul-Ənvar: c.65, s. 165)

Bu səbəbdən də bu az saylı möminlər xüsusi bir diqqətlə seçiləcəklər. Onlar hadisə və prosesləri dərk edib anlamaqda çox yüksək bir şüura və məqama çatmış olmalı və müqəddəs hədəfin gerçəkləşməsi üçün özlərini qurban verməyə ali şəkildə hazır olmalıdırlar. Buna görədir ki, Əmirəl-möminin (ə) onları çox gözəl bir şəkildə tərif edərək buyurur: “Onlar meşədən çıxmış şir kimidirlər və qəlbləri dəmir parçası kimidir. Əgər onlar möhkəm dağları yerindən qoparmaq istəsələr, heç şübhəsiz qopararlar. Onlardır ki, Allahı lazımı şəkildə tək bilmişlər (Onu tövhidini lazımı şəkildə dərk etmişlər). Gecələr Allahu-təalanın xof və xəşyətindən balası ölmüş analar kimi ağlayarlar. Gecələri oyaq qalar, gündüzləri oruc tutarlar. Elə bil onların hamısını bir ata və bir ana tərbiyə edib. Qəlbləri məhəbbət və nəsihət üzərə cəm olmuşdur”. (İlzamun-Nasib: c.2, səh.200, Məcməun-Nureyn: s.331)

Onlar elə şəxslər olacaqlar ki, İmam Məhdi (ə)-a olan sevgi və təqdisləri səbəbindən həzrətin atının yəhərinə əllərini sürtəcəklər. Necə ki, bu barədə İmam Sadiq (ə) buyurur: “Onlar İmamın atının yəhərinə əllərini sürtüb bununla bərəkət əldə etmək istəyərlər. Onlar İmamı əhatəyə alarlar və döyüş vaxtı özlərini onunla gücləndirərlər (ona baxıb güc alarlar)”. (Biharul-Ənvar: c.52, səh.308)

Hədisi-şəriflərə əsasən, bu ənsar və yardımçılar Məkkeyi-Mükərrəmədə bir araya gəlib rükn və məqam arasında İmam (ə)-a beyət edəcəklər. Burada bir məqam da qeyd edilməlidir ki, həzrəti İmam Məhdi (ə)-ın xüsusi əshabı yalnızca o həzrətlə bir zamanda yaşayan şəxslərdən ibarət olmayacaqdır. Belə ki, hədisi-şəriflərdə gələnlərə əsasən o həzrətin ordusunda keçmiş ümmətlərdən olan və ya bu ümmətdən olub vəfat edən şəxslər də hazır olacaqlar. Müfəzzəl ibn Ömərdən nəql edilir ki, deyir: “Biz Qaim (ə)-dan və şiələrimiz içərisində o həzrəti gözləyən halda ölmüş olan şəxslərdən söhbət açdıq. Əba Əbdillah Sadiq (ə) bizə dedi: O qiyam etdiyi zaman (mələklər) möminin qəbrinə gəlib ona deyərlər: Ey bu qəbrdə yatan şəxs, sənin Sahibin (İmamın) zühur edib, əgər ona qoşulmaq istəyirsənsə (qalx) qoşul. Yox əgər Rəbbinin kəramətində qalmaq istəyirsənsə, onda qal”. (Ğeybəti-Tusi: 459, İsbatul-Huda: c.3, səh.515)

Əbu Bəsir deyir: “Əba Əbdillah (ə) bu ayənin təvilində buyurdu: “Onlar ən ciddi andları ilə Allaha and içdilər ki, Allah ölən şəxsi əsla diriltməyəcəkdir! Xeyr (dirildəcəkdir)! Bu Onun öhdəsində olan haqq və sabit bir vəddir və lakin insanların çoxu bilmir”. Ey Əba Bəsir, elə ki bizim Qaimimiz (ə) qiyam elədi, Allah bizim şiələrimizdən olan bir dəstə şəxsi dirildib ona tərəf göndərəcək. Onlar qılıncları üzərlərində asılı bir vəziyyətdə gəlib Ona (ə.f) beyət edəcəklər. Bu xəbər sağ olan bir dəstə şiəmizə çatacaq və onlar deyəcəklər: Filankəs, filankəs, filankəs qəbirlərindən qalxıblar və (hal-hazırda) Qaim (ə)-la birgədirlər”. (Kafi: c.8, səh.50, hədis 14, əl-Məhəccə: səh.116)

Habelə hədisi-şəriflərin bildirdiyinə əsasən, müəyyən bəlli şəxslər də rəcət edərək diriləcək və O həzrətin (ə) ordusuna qoşulacaqlar.

Əsbəğ ibn Nəbatə Əmirəl-möminin (ə)-ın belə buyurduğunu nəql edir: “Allah (Əshabi-Kəhfin) cavanlarını öz itləri ilə birgə mağaradan dirildib qaldıracaq. Onların içində Məlixa və Xəmlaha adlı iki şəxs vardır ki, bu şəxslər müsəlman olaraq Qaim əleyhis-səlam üçün şəhadət verəcəklər”. (Biharul-Ənvar: c.53, səh.275, hədis 167)

Həmçinin Müfəzzəl ibn Ömər deyir: Əba Əbdillah (ə) mənə dedi: “Ey Müfəzzəl, sən və qırx dörd nəfər Qaim (ə)-la birgə gələcəksiniz. Sən Qaim (ə)-ın sağında durub əmr verəcək və qadağan edəcəksən. O zaman insanlar sənə indikindən daha çox itaət edəcəklər”. (Dəlailul-İmamə: s.464, İsbatul-Huda: c.3, səh.573)

Habelə hədisi-şəriflərdə buyurulana əsasən İmam Hüseyn (ə) öz əshabı ilə birgə, Musa (ə)-ın qövmündən olan on beş nəfər, Əshabi-Kəhfdən olan yeddi nəfər, Musa (ə)-ın vəsisi Yuşə (ə), Ali-Fironun mömini, Səlman Farisi, Əba Dücanə əl-Ənsari (Uhud döyüşündə həzrəti Peyğəmbəri (s) tərk etməyən az saylı insandan biri-müt) və Malik Əştər rəcət edib İmam Məhdi (ə)-ın köməkçiləri olacaqlar. (Təfsiru-Əyyaşi: c.2, səh.32, hədis 90, Dəlailul-İmamə: səh.247)

 

 

“Şəmsun xəlfəs-səhab”, Mahir Ali Yasin

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment