İmam Məhdi (ə)-ın qeyb dövründə rolu

Bismillahir Rəhmanir Rəhim

 İmam Məhdi (ə)-ın kiçik və böyük qeyb dövrlərində özünəməxsus xüsusi rolları olmuş və olmaqdadır.

Əgər kiçik qeyb dövründən başlasaq, deyə bilərik ki: kiçik qeyb dövründə o həzrətin (ə) təkvini və təşrii rollarından başqa, digər böyük bir rolu da mövcud olmuşdur. Bu xüsusi (rol) vəzifə, o dövrdə ortaya çıxan şübhələri izləmək, alimləri həmin şübhələri dəf edəcək dəlil və bürhanlarla təmin etmək və şiələri təhlükələrdən qorumaqdır. Əli ibn Muhəmməddən belə nəql edilir ki deyir: “(İmam Məhdi (ə)) tərəfdən Qüreyş qəbirlərini ziyarət etməyi və bir yerə toplaşmağı nəhy edən bir qadağa gəldi. Bir neçə ay keçmişdi ki, vəzir Baqitanini çağırıb ona dedi: Bəni Furata və Bursilərə xəbər verib de ki, Qüreyş qəbirlərini ziyarət etməsinlər. Belə ki, xəlifə əmr verib ki, qəbirləri ziyarət edən hər bir kəsə göz qoyulsun və tutulsun”. (Kafi, 1/525, hədis 51) Bununla İmam (ə)-ın Qüreyş qəbirlərini ziyarət etməyi və bir yerə toplaşmaqdan çəkindirməsinin səbəbi aydın oldu.

Bununla yanaşı, həzrəti İmam Məhdi (ə)-ın kiçik qeyb dövründə vəkilləri qoruması da qeyd edilməlidir.  Hüseyn ibn Həsən Ələvidən belə nəql edilir ki,  Vəzir Abdullah ibn Süleymana İmam Məhdinin (ə)) vəkilləri barədə xəbər çatır və vəzir onları həbs etmək istəyir. Lakin Sultan deyir ki, onları tutmazdan öncə məsələni dəqiqləşdirmək lazımdır və göstəriş verir ki, vəkillərin tanımadıqları bir neçə nəfəri onların yanına göndərsinlər. Sonra isə baxıb görsünlər ki, bu vəkillərdən hansı birisi malı götürür. Əgər onlardan birisi malı (pulu) təhvil alarsa, onu həbs etsinlər.

Ravi deyir: “Bundan sonra İmam (ə) tərəfdən belə bir əmr gəldi ki, heç bir vəkil bir kimsədən pul götürməsin. Əksinə bu işdən imtina etsin və özünü bilməməzliyə vursun.

Vəkillərdən biri olan Muhəmməd ibn Əhmədin yanına casusluq məqsədilə tanımadığı bir şəxs gəlib dedi: Mənim yanımda bir qədər pul var ki, istəyirəm onu sənə verəm. Muhəmməd ona dedi: “Səhv edirsən, mən bu barədə bir şey bilmirəm”. O nə qədər dil töksə də Muhəmməd özünü bilməməzliyə vurdu. (Digər vəkillər də belə davrandı). Onlar (hakim dairə) hər nə qədər casus yaysalar da, vəkillər -öncədən onlara xəbər verilməsi səbəbindən- (buna aldanmadılar və) pulları qəbul etməkdən imtina etdilər”. (Kafi, 1/525, hədis 30)

İmam Məhdi (ə)-ın böyük qeyb dövründəki roluna gəlincə isə, buna misal olaraq (bir baxımdan) aşağıdakıları göstərə bilərik: Dinin mühafizəsi və ümmətin nə qədər düz yoldan azdığına diqqət yetirmək; belə ki, o həzrət (ə) ümmətə və dinin əsaslarına ciddi ziyan vuracaq azğınlıqlara müdaxilə edir. Bu məqamda çox gözəl bir hadisəni qeyd etmək yerinə düşər. Bu qissəni Şeyx Yəzdi “İlzamun-nasib” kitabında qeyd etmişdir. Hadisə İmam Məhdi (ə)-ın böyük qeyb dövründəki rolunun bir qismini gözəl şəkildə bəyan edir. Şeyx Yəzdi deyir:

Hörmətli mühəqqiq Meysəmi özünün “Darus-səlam” kitabında “Riyaz” kitabının müəllifinin oğlu “Məfatih” kitabının sahibi möhtərəm Seyyid Muhəmməddən Əllamə Hilli barədə belə nəql edir:

Cümə gecələrinin birində mərhum Əllamə, Hillə məntəqəsindən çıxıb İmam Hüseyn (ə)-ın ziyarətinə yollanır. Mərhum öz ulağı ilə gedirmiş və əlində bir qamçı olur ki, onunla heyvanını sürür. Yol əsnasında qarşısına çöl ərəblərinin paltarından geymiş bir şəxs çıxır və beləcə birlikdə yola davam edirlər. Həmin şəxs Əllamənin önündə gedir. Yol əsnasında söhbət edirlər və Əllamə onunla hər bir məsələ barədə söhbət edir. Bu zaman mərhum başa düşür ki, bu şəxs olduqca məlumatlı və alim bir şəxsdir. Bundan sonra özü üçün elmi həlli müşkülə çevrilən bəzi məsələlər barədə ondan xəbər alır. Əllamə sualı tamamlayar-tamamlamaz o şəxs suala cavab verir və çətin və dolaşıq məsələləri həll edirdi. Nəhayət söz gəlib elə bir yerə çatır ki, həmin şəxs bir məsələ barədə Əllamənin fətvasına xilaf bir fətva verir. Əllamə bunu qəbul etməyərək deyir: Bu fətva əslin və qaydanın əksinədir. Əgər biz (bu məsələdə) əslin və qaydanın əksinə gedəcəyiksə onda bunun üçün bizim əlimizdə bir dəlil olmalıdır. Ərəb deyir: “Buna dəlil Şeyx Tusinin “Təhzib” kitabındakı hədisdir”. Əllamə deyir: Mən “Təhzib”də bu hədisə rast gəlməmişəm, nə Şeyx, nə qeyrisi onu qeyd etməmişlər. Ərəb deyir: “Hal-hazırda səndə olan “Təhzib”in nüsxəsini aç, orada filan səhifə və filan sətirə bax, görəcəksən”. Əllamə bunu eşidib onun qeybi bir xəbər olduğunu görüncə həmin şəxsin işinə heyran qalır və mərifətinə təəccüb edir. Öz-özlüyündə fikirlərşir: “Bəlkə mən minikdə ola-ola filan müddətdir mənim önümdə gedən bu şəxs həmin o şəxsdir ki, mövcudatın çarxı onunla dönür, göylər və yerlər onun (bərəkəti) ilə ayaqda durur?!” Əllamə bu halda ikən, güclü fikirə dalması səbəbindən əlindəki qamçı yerə düşür. Mərhum o şəxsdən xəbər almaq və kimliyini öyrənmək məqsədilə həmin şəxsə böyük qeyb dövründə Mövla Sahibəz-Zəman (ə)-la görüşməyin mümkün olub-olmaması barədə sual verir. O şəxs əyilib yerdən qamçını götürürərək Əllamənin ovucuna qoyur və deyir: “Niyə də olmasın, bir halda ki, ovucu sənin ovucunun içindədir”. Bunu eşidən Əllamə özünü  miniyindən yerə ataraq İmamın (ə) ayaqlarına qapanıb öpmək istəyir, lakin istək və şövqün şiddətindən özündən gedərək yerə yıxılır… Özünə gəlib ayıldıqda isə heç kəsi görmür. Mərhum Əllamə Hilli buna görə çox kədərlənir. Evinə dönüncə özündə olan “Təhzib”in nüsxəsini açır və məlum hədisi İmamın (ə) xəbər verdiyi kimi kitabın haşiyəsində görür. Sonra isə öz mübarək xətti ilə kitabın həmin yerinə yazır: “Bu, Ağam və Mövlamın filan səhifə və filan sətirdə olduğunu mənə xəbər verdiyi bir hədisdir”. (İlzamun-nasib, 2/29-30,)

 

Şeyx Əli Dəhneyn, “Əl-məari əl-Məhdəviyyə”

Tərcümə: Zuhuradogru.org

Məlumatdan istifadə etdikdə etiqad.cf istinad vacibdir.

Leave a Comment